Bu söhbətlərə nöqtə qoymaqçün deyirəm: Allah eləməsin, Rusiya Azərbaycana yenidən, bilirsinizmi, necə qayıda bilər? Yalnız və yalnız həbi müdaxilə yolu ilə!..
Burada hətta ötən əsrdə hansısa sosialist-kommunist inqilabı–filan olmamışdı, durub indi, 21-ci əsrdə olacaq?
Tək azərbaycanlılar yox, cəmi müsəlmanlar şüurca qatı mülkiyyətçi, fərdiyyətçidirlər, daim “mənim evim, mənim qalam” demişik və insanlarımız indi də dəyişməyib; biz kommuna-kolxoz adamları deyilik, ruslardakı “icma təfəkkürü” (ilk rus islahatçıları Vitte, Stolıpin bundan dad edirdi) yoxdur bizdə.
Məktəbdə M.S. Ordubadinin “Gizli Bakı” romanını keçərdik. Təəccübləndirən bu idi ki, romanın qəhrəmanları qeyri-millətlər, daha çox da ruslar idi.
Əvvəlcə qəribə görünürdü. Amma ağlımız nəsə kəsməyə başlayanda gördük ki, yazıçı həm düz edib, həm də reallığı yazıbdır. Azərbaycanda bolşevizm–kommunizm qurmağa çalışanlar həqiqətən də əsasən qeyri millətlər, ermənilər, ruslar, yəhudilər və b. idi.
“26”-ların arasında neçə müsəlman-azərbaycanlı olibdur? Hətta Nərimonov kimi bir-iki kommunistimizə belə dini və milli hislər heç də yad olmayıb, bəlkə də özlərinə qalsaydı, çox şeyi başqa cür edərdilər, amma təlimatlar Moskvadan gəlirdi.
Bir müşahidəmi də deyiim. SSRİ-nin süqutunndan sonra ilk illərdə, xüsusən iqtisadi islahatlar dövründə həqiqətən də çox çətin idi, amma insanlar inqilab etmədi, qiyam qaldırmadılar...
Hazırda, dərhal deyim ki, heç yerdə azı klassik anlamda nə kommunistlər, nə kommunist paratiyaları, nə də kommunizm qalmayıb. “İstisnalar”a da toxunacam.
“Kommunizm” deyəndə ağıla SSRİ gəlir. Hanı? Yoxdur! Kremlin “geosiyasi münəccimlər”inin planlarında da belə şey nəzərdə tutulmur.
“SSRİ” kimi yalnız əski imperiyanın coğrafi hüdudlarını nəzərdə tutur və bu hüdudlarda Rusiya imperiyasını bərpa etmək istəyirlər.
Keçmiş rus imperiyası da deyərdilər, amma fikirləşirlər ki, SSRİ sadəlövh adamların könlünə yatır, hərçənd, nostalji keçirənlərçün daim deyilir ki, qardaşlar, kimsə Soveti bərpa etməyəcək, xəyallarla özünüzü, başqalarını, xüsusən də təcrübəsiz gəncləri çaşdırmayın.
Kommunizm tək SSRİ-dən, sovetlərdən ibarət olmayıb. Ötən əsrdə dünyada böyük intellektuallar vardı ki, özlərini kommunist sayırdılar (hətta Nazim Himmət, Əziz Nesin kimi böyük türk insanları!). Onlar iki dəfə güclü ideoloji zərbə aldı.
İlk dəfə Stalin öləndən, SSRİ-dəki reallıqlar, repressiyalar, böyük həbs düşərgələri haqda məlumatlar dünyaya çatandan sonra oldu. Çox adam kommunizmdən imtina etdi.
SSRİ qaldığından, kommunist düşərgəsi mövcud olduğundan tamam da bitmədi kommunistlər.
İkincisi SSRİ çökəndə oldu: nəinki kommunist dövlətlərı, partiyaları, sıravi kommunist də qalmadı! Birincilər əgər siyasi sponsorlarını, hamilərini itirdisə, sıravi əcnəbi kommunitslər daha bir böyük məyusluq yaşadılar...
Çini də soruşa bilərsiniz. Çində olmasaq da, yazılanlardan və oxuduqlarımızdan məlum olur ki, dünyada ən azad bazar iqtisadiyyatı, əsl iqtisadi azadlıqlar buradadır.
SSRİ-ni xatırladansa budur ki, təkpartiyalı rejimdir və yeganə partiya özünü kommunist adlandırır: indiki siyasi proqramıyla tanış deyilik, amma Çini şərti, “siyasi-ideoloji” mənada kommunist ölkəsi adlandırardıq, düşünmürük ki, “Səmaaltı imperiya”nın kommunizm qurmaq, Dünyaya yaymaq planları var.
Ateizmə, digər doqmalara gələndə, bilmirik, nə vaxtsa, Çində belə şey olubmu, məbədlər-ibadətgahlar dağıdılıb, etiqad, ibadət yasaqlanıbmı?
Heç demirik ki, Mao dövründə, əsas da Stalindən sonra SSRİ-lə əlaqə kəsilmiş, sovet ideoloqları demişkən, “opportunist siyasət” yürüdülməyə başlanılmışdı.
Maodan sonrasa vəziyyət tamamilə dəyişdi. Syaopin gəldi, Çin kommunist iqtisadiyyatından imtina etdi və o vaxtdan Pekinin siyasəti demək olar, praqmatizm oldu. Den dedi ki, fərqi yoxdur pişiyin rəngi nədir, əsas odur, siçanı tutsun!..
Amma Rusiyada, bəzi postosovet ölkələrində yenə də komminstlər dizlərini yerə qoymadılar. Yeltsin yasaq etdi, amma təzədən fəaliyyət göstərmələrinə icazə verildi və yeni kommunist partiyası yarandı, hətta əsas müxalifət də oldular. Üzə vurulmasa da tamam köhnə kommunistlər deyillər: bəzi ehkamlara özlərinin də şübhələri var deyəsən.
Doxsanıncı illərdə bizdə də deyəsən, iki kommunist partiyası vardı, biri parlamentdə də təmsil olunurdu.
Keçmişdir bunlar, odur, insanlarımızın, xüsusən də gənclərin başqalarına meyllənməsinə ehtiyac yoxdur.
Sırf SSRİ-yə gəldikdə, imperiyaydı və ikinci dəfə buraları da işğal etmişdi. Azərbaycanı o dövrə səsləmək anti-konstitusiondur, dövlət əleyhinə, konstitusion quruluşun əsaslarına qarşı yönəlmiş niyyətdir və hüquqi nəticələri olmalıdır.
Sözsüz, bir var, kommunistlər, biri də var, müasir solçular, sosial-demokratlar. Tamam fərqlidir. Bütün ölkələrdə sosial-demokratlar var, hətta çoxunda hakimiyyətdədirlər və dəfələrlə demişik ki, dünya siyasəti üç ideologiyanın mübarizə meydanıdır: liberallar, mühafizəkarlar və sosial-demokratlar. Kimsə də söyləməz ki, yalnız biri məqbuldur.
Həmişə ABŞ prezidenti Duayt Eyzenhauerin fikrini qeyd edirik: “Solçularla mübarizə apara-apara ölkəni sağçıların diktaturasına çevirə bilmərik”.
Ölkələr nə solçuların, nə də sağçıların diktaturası olmamalı, siyasi plüralizm gözlənilməlidir: təkrar deyək ki, “solçular” deyiləndə müasir sosial-demokratlar nəzərdə tutulur. Onlar kommunist, xüsusən bolşevik deyil, insan haqlarına, demokratiyaya, hətta bazar iqtisadiyyatına dəstək verən müasir partiyalardır.
Yaxınlarda Nyu-Yorkda mer seçkisini guya kommunistin udduğu deyildi. Yox, adam kommunist deyil, sosialistdir, hətta Demokratların üzvüdür.
Kommunizmin “mənəm-mənəm” vaxtında ABŞ gücül kommunist partiyası görmədi: ötən əsrin otuzuncu illərində böyük iqtisadi depressiya yaşandı, amma kommunist inqilabı olmadısa, durub indi olacaq?
Getdikcə hər yerdə sosial-iqtisadi təbəqələşmə azalmağa meyllidir, qanun qarşısında bərabərlikdir, dövlətin funksiyaları məhdudlaşır, insan haqları genişlənir və bunlar da haradasa, həm də utopist-kommunistlərin də bəzi xəyallarını xatırladır...
Nəzərlərimizi fərqli istiqamətlərə də yönəldək hərdən. Moskvanın bu “halvası” heç əvvəlkindən də deyil, nə özümüz çaşaq, nə də başqalarını çaşdıraq.
Qəribəsi nədir? Putinin sözləridir ki, “Mersedes”in sükanı arxasında bircə dəfə oturanı “Jiquli”yə əyləşdirə bilməzsən! Bu da yana, adam guya bütün post-sovet məkanında ən dindar prezident sayılır! Bəs onda bunlar nədir?
90-larda Rusiyanın iqtisadi ideoloqu olmuş Yeqor Qaydar yazırdı ki, ölkəni təkrar imperiya etməyə çalışmaq mövcudluğunu sual altına qoymaqdır! Nə baş verir? Axı guya Putin də formal olaraq həmin siyasi nəsildəndir...
Tehsil-press.az









