BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar

BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunlarının buraxılışı olub.
Bu tədris ilində “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə 9 tələbə məzun adını qazanıb. Onların hamısı Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaq.
Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov və BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara fəxri fərman təqdim ediblər.
Qeyd olunub ki, respublikamızda əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi üzrə praktiki bilik və bacarıqlara malik ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu ildə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən “Əqli mülkiyyət hüququ” ixtisaslaşmasının yaradılması təşəbbüsü irəli sürülüb. 2019-cu ildə ixtisaslaşma Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na daxil edilib.
Əqli mülkiyyətin mühafizəsi sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu il dekabrın 16-da Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə respublikamızda ilk dəfə olaraq BDU-da Əqli mülkiyyət hüququ kafedrası yaradılıb. Hazırda kafedrada 5 professor-müəllim çalışır. Təhsil-elm-istehsalat əlaqələrinin genişləndirilməsi ilə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məqsədilə BDU ilə bərabər Agentlikdən 4, Dövlət Neft Şirkətindən 1 və Mərkəzi Bankdan 1 mütəxəssis tədris prosesinə cəlb olunub.
Respublikamızda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə kreativ düşüncəli mütəxəssislərin hazırlanması məqsədilə 2021-ci il yanvarın 30-da BDU ilə Fransanın Lion 2 Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
2021-ci il iyunun 18-də isə beynəlxalq ikili diplom proqramı üzrə imzalanmış müqavilə əsasında BDU ilə Fransanın Lion 2 Universiteti arasında “Əqli mülkiyyət hüququ” ixtisaslaşmasında kadr hazırlığı həyata keçirilir.
İxtisaslaşmanın tədris planına dünya əmək bazarının tələblərinə uyğun olan və bir çox dünya ölkələrinin qabaqcıl universitetlərində tədris edilən fənlər - Əqli mülkiyyət hüququnun müasir problemləri; Əqli mülkiyyət hüququ sahəsində Hüquq İnstitutları; Mədəniyyətin qorunması hüququ; Müəllif hüquqları və əlaqəli hüquqlar; Ticarət nişanı hüququ; Patent hüququ və sirrin qorunması; Avropa əqli mülkiyyət hüququ; Beynəlxalq xüsusi hüquq və s. daxil edilib. Tədris prosesinə Fransanın Lion 2 Universitetindən 3 professor-müəllim cəlb olunub.
İxtisaslaşma üzrə ikili diplom proqramı çərçivəsində tədrisin ingilis və fransız dillərində aparıldığını nəzərə alaraq, fransız dilinin aparıcı mütəxəssislər tərəfindən tədris edilməsi və BDU-da intensiv fransız dili kurslarının təşkil olunması məqsədilə BDU və Azərbaycanda Fransız İnstitutu arasında müvafiq razılıq əldə edilib.
Hazırda ixtisaslaşma üzrə 18 tələbə təhsil alır.

Tehsil-press.az


Oxşar xəbərlər