UNEC Almaniya universiteti ilə birgə uzunmüddətli layihəyə start verib 

UNEC Almaniya universiteti ilə birgə uzunmüddətli layihəyə start verib  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Almaniyanın Siegen Universiteti birgə dörd ili əhatə edəcək layihənin icrasına başlayıb.  “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” adlı layihənin Alman Akademik Mübadilə Xidmətinin ( DAAD) Baş Ofisi maliyyələşdirib.
Layihəyə uyğun olaraq, yay və qış məktəblərinin təşkili, maliyyə, biznes planlaşdırılması, sahibkarlıq, innovasiya menecmenti, loqistika, e-kommersiya, risklərin idarə edilməsi və digər mövzularda təlimlərin, birgə seminarların, keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində UNEC-in 16 gənc alim və doktorantının Siegen universitetində tədqiqat təcrübəsində iştirakı, birgə magistratura proqramının yaradılması, hər iki universitetdə “məsləhətçi maliyyə klubları”nın təşkili, Azərbaycan və Almaniyanın müxtəlif şirkətlərində təcrübələrin keçirilməsi, gənc alimlər arasında “kiçik biznes plan” müsabiqəsinin, universitetlərin professor-müəllim və inzibati heyətinin iştirakı ilə Bakı şəhərində və Siegendə birgə seminarların təşkili də baş tutacaq. Rellaşdırılan təlimlərin iştirakçılarının vahid məzun bazasında birləşdirilməsi mümkün olacaq.
Layihənin ilk mərhələsində UNEC-in bir müəllimi və on tələbəsi Almaniyanın Siegen universitetində Qış Məktəbində (Winter School) iştirak edəcəklər. UNEC müəllimi Siegen Universitetində “Maliyyə bazarları” dərsini tədris edəcək. Dərsdə UNEC tələbələri ilə yanaşı, Siegen Universitetinin tələbələri də iştirak edəcək. Dərsi uğurla başa vuran bütün tələbələr UNEC kreditlərini qazanacaqlar. Alman tələbələrinin əldə etdikləri UNEC kreditləri Siegen Universiteti tərəfindən tanınacaq.
Almaniyaya yola düşəcək müəllim və tələbələrlə görüşən UNEC rektoru, professor Ədalət Muradov dünyanın nüfuzlu ali məktəbləri, eyni zamanda Siegen Universiteti ilə qurulan uğurlu əməkdaşlıqdan danışaraq, tələbələri layihədə aktiv iştirak etməyə, alman tələbələrinə Azərbaycanı daha yaxından tanıtmağa, Almaniyanı, onun tarixini, mədəniyyətini öyrənməyə çağırıb.
“Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi 2016-2019-cu illəri əhatə edəcək.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər