TED intellektual konfransının məqsədi ideyaları paylaşmaqdır

TED intellektual konfransının məqsədi ideyaları paylaşmaqdır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçirilib.
“Təhsil və elmin vəhdəti” mövzusunda konfransın keçirilməsi üçün bu ilin martında TED (Technology, Entertainment, Design – Texnologiya, Əyləncə, Dizayn) təşkilatından rəsmi lisenziya alınıb.
Konfrans TED kuratoru Kris Andersonun videomüraciəti ilə başlanıb. K.Anderson müraciətində TEDx konfranslarının mahiyyətinə və qazanılan dəyərlərə diqqət çəkib. O, paylaşmağa layiq ideyaları özündə ehtiva edən konfransda məruzəçilərin iştirakçılara faydalı məlumatlar verəcəklərinə əminliyini ifadə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Azərbaycanda elm və təhsilin vəhdətinin problemləri və həlli yolları” mövzusunda məruzə ilə çıxış edib. O, aktual mövzunun əsas istiqamətlərinə diqqət çəkərək inkişafa mane olan səbəbləri açıqlayıb. Təcrübəsinə əsaslanan məruzəçi çıxış yolunun müəllim hazırlığının metodologiyasının dəyişdirilməsi olduğunu bildirib. Həyata keçirilən layihələrdə ölkənin siyasi, iqtisadi, coğrafi və mental dəyərlərinə əsaslanan milli modelin yaradılmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Fazil Mustafa “Azərbaycanda elmi fəaliyyət və təhsil prosesinin qanunvericilikdə tənzimlənməsi” mövzusunda danışıb. Təhsil sahəsində dünya təcrübəsinin tətbiqi zamanı yaranan problemlərdən söz açan F.Mustafa bu problemlərin həlli yollarını açıqlayıb.
Təhsil üzrə ekspert, professor Şahlar Əsgərov “Tərəqqi, texnologiya və elmin vəhdəti” mövzusunda məruzə ilə çıxış edib. Professor elm və təhsilin vəhdətini riyazi düsturlar əsasında izah edib, sənaye və texnologiyanın bu vəhdətdə rolunu dinləyicilərlə paylaşıb.
UNEC-in rektoru, professor Ədalət Muradov “İnsan kapitalı - təhsil və elmin yaratdığı dəyərdir” anlayışındakı üç amil arasındakı əlaqənin yaratdığı faydaları izah edib.
Qeyd olunub ki, “Paylaşılan ideyalar” şüarı ilə 1984-cü ildə qurulan TED məruzəçilərin qısa videoları ilə biliyi və unikal mülahizələri bütün dünyaya yayan ensiklopediya kimi formalaşıb. TED-də dünyada məşhur şəxslər və elm adamları bilik və təcrübələrini paylaşmaqdadırlar. Bu günədək 150 ölkədə təşkil edilmiş 5.723 TEDx konfransında 7.114 məruzəçini təqribən 5 milyard insan izləyib.

UNEC-in Mətbuat Xidməti


TED intellektual konfransının məqsədi ideyaları paylaşmaqdır

Oxşar xəbərlər