Baş epidemioloq: Son illər ölkəmiz üçün xarakterik olmayan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb

Baş epidemioloq: Son illər ölkəmiz üçün xarakterik olmayan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərlə mübarizə işini daim nəzarətdə saxlayır, fəaliyyətində profilaktik və əksepidemik tədbirlərin təkmilləşdirilməsinə diqqəti mütəmadi artırır. Bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanda yoluxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nəticələr əldə edilib, spesifik profilaktika vasitələri ilə idarə olunan infeksiyalar üzərində nəzərəçarpan nailiyyətlər qazanılıb. Bir çox ölkələrdə və regionlarda gərginliyə baxmayaraq, aparılan tədbirlər sayəsində ölkəmizdə epidemioloji vəziyyət stabildir.
Tehsil-press.az-a müsahibəsində Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərdən danışan İ.Ağayev bildirib ki, bununla bağlı səhiyyə naziri tərəfindən 2016-cı il 6 oktyabr tarixində əmr imzalanıb. Hazırda payız-qış mövsümü olduğu üçün qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə bütün tibb müəssisələrinə göstəriş verilib.
Baş epidemioloq vurğulayıb ki, son illər ölkəmiz üçün xarakterik olmayan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb.
Mövsüm dəyişikliyi ilə əlaqədar qripin daha da yayılmasına gəlincə, İ.Ağayev qeyd edib ki, havaların soyuması ilə əlaqədar əhalinin tənəffüs yolu xəstəlikləri, o cümlədən qriplə xəstələnməsi bir qayda olaraq artır. Odur ki, hər bir şəxs özünü və ailə üzvlərini, xüsusilə uşaqları bu xəstəliklərdən qorumalıdır. Yoluxucu xəstəliklərin digər xəstəliklərdən fərqi ondadır ki, bunları proqnozlaşdırmaq çətindir. Ona görə də, insanlar öz sağlamlıqlarına ciddi yanaşmalıdırlar.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin bütün müəssisələrində hər hansı yoluxucu xəstəliklə mübarizə aparmaq üçün lazım olan dərman preparatları ehtiyatı vardır. Qrip və kəskin respirator virus xəstəliklərinin qarşısının alınması üçün nazirlik tərəfindən tibb müəssisələrində qabaqlayıcı tədbirlər planı işlənilib hazırlanıb. “2016-cı ildə Avropa regionunun əksər ölkələrində və bizimlə həmsərhəd ölkələrdə ağır gedişi, yüksək ölüm faizi olan H1N1 qripi epidemiyası aparılan profilaktik tədbirlər nəticəsində Azərbaycanda qeydə alınmayıb. Mövsüm dəyişikliyi ilə əlaqədar qripin hər hansı bir ölkədə artacağını proqnozlaşdırmaq mümkün deyil. Əgər xəstələnənlərin sayı artarsa, buna qarşı mübarizə aparmaq iqtidarındayıq”, - deyə baş epidemioloq bildirib.

Oxşar xəbərlər