Direktor: Balıq yemi istehsalı zavodunda tikinti işləri tamamlanıb

Direktor: Balıq yemi istehsalı zavodunda tikinti işləri tamamlanıb Balıq yemi istehsalı zavodunda tikinti işləri tamamlanıb. Tehsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Balıq yemi istehsalı zavodunun direktoru Zaur Salmanov deyib.
Z.Salmanov bildirib ki, 2016-cı il ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması tədbirlərinin sürətlənməsi ilə yadda qaldı. Bütün sahələrdə yeni dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılması nəticəsində iqtisadi artımın davamlılığı və qeyri-neft sektorunun inkişafı uğurla təmin olunub. Nəticədə özəl sektorun inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşıb:
"Möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınıza uyğun olaraq, Azərbaycanda ilk sənaye zonası Neftçala rayonunda yaradılıb. Rayonun əsas mərkəzi infrastruktur şəbəkələrindən kənarda yerləşməsinə baxmayaraq, sənaye zonasının burada yaradılması Neftçala ilə yanaşı, ətraf rayonlarda da sahibkarlığın inkişafına və əhalinin məşğulluq səviyyəsinin artırılmasına çox böyük imkan yaradır. Sənaye zonasında fəaliyyət göstərən rezident sahibkarlar üçün Azərbaycan İnvestisiya Şirkəti tərəfindən dövlət vəsaiti hesabına bütün zəruri infrastruktur, o cümlədən elektrik, qaz, su, kanalizasiya, rabitə və digər infrastruktur yaradılıb. Bununla yanaşı, sənaye zonasında bütün rezidentlərin yararlana biləcəyi hüquqi məsləhət, logistika, mühasibatlıq və digər xidmətlər həyata keçirilir.
Möhtərəm cənab Prezident, Sizin məqsədyönlü iqtisadi siyasətinizin və sahibkarlığın inkişafına göstərdiyiniz dəstəyin nəticəsi olaraq, biz sahibkarlar üçün yaratdığınız əlverişli şəraitdən bəhrələnməklə, Neftçala Sənaye Zonasında Azərbaycanda ilk olaraq balıq yemi istehsalı zavodu yaradırıq. Bunun üçün dövlətin geniş dəstək mexanizmlərindən istifadə olunub. Belə ki, ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün dövlət tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, Sizin Sərəncamınızla tətbiqinə başlanılmış investisiya təşviqi sənədi əsasında idxal etdiyimiz mütərəqqi texnika və avadanlıqlara görə əlavə vergi və rüsumlardan azad olunmağımız biz sahibkarların maliyyə yükünün azaldılmasına şərait yaradıb. Bütün bunlar, eləcə də zavodun sənaye zonasında yaradılmasının təşkili ilkin investisiya xərclərimizə təqribən 30 faizədək qənaət etməyə imkan verib".
O qeyd edib ki, zavodun illik istehsal gücü 25 min ton balıq yemi təşkil edir. Zavodda tikinti işləri tamamlanıb və Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılması işləri aparılır. Bu zavod Azərbaycanda ekstruder texnologiyası ilə təchiz olunmuş və balıq yemi istehsalı üzrə ixtisaslaşan ilk yem zavodu olacaq. Bu da Neftçala rayonunda tarixən ənənəvi istehsal sahəsi olan balıqçılığın digər rayonlarda da sənaye üsulu ilə inkişafına təkan verəcək. Eləcə də geniş istehlak olunan balıq növləri istehsalının stimullaşdırılması ilə yanaşı, Azərbaycanda daxili su hövzələrində balıqçılığın inkişafı üçün əlverişli şərait yaradacaq:
"Artıq bu ilin martından etibarən öz məhsullarımızı yerli bazara çıxarmağı planlaşdırırıq. Müasir və keyfiyyətli yemlərdən istifadənin real nəticələri isə keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, məhsuldarlığın bir neçə dəfə artmasına səbəb olacaq. Eyni zamanda, sənaye üsulu ilə nərə balığı, qara kürü, qızıl balığın istehsalı sahələri də öz ixrac potensialından geniş istifadə imkanı əldə edəcək. Zavodumuzla əməkdaşlıq ölkəmizdə qiymətli balıq növlərinin yetişdirilməsi ilə bağlı layihələrin icrasını mümkün və hətta deyərdim ki, zəruri edib. Biz belə bir əməkdaşlığa artıq bu gündən hazırıq. Ümumilikdə isə balıq məhsullarına tələbatın əsasən daxili istehsal hesabına təmin olunması idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradacaq".
Z.Salmanov əlavə edib ki, zavodda quraşdırılacaq avadanlıqların əlavə imkanları hesabına balıq yemi ilə yanaşı, illik 10 min ton iribuynuzlu mal-qara və quş yemi istehsalı da həyata keçiriləcək: "Bu da regionda sənaye üsulu ilə quşçuluğun, ətlik və südlük istiqamətli cins heyvandarlığın, ümumilikdə, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla, istehsal edilən məhsulların maya dəyərinin aşağı düşməsinə, rəqabətqabiliyyətliliyin artmasına gətirib çıxaracaq. Müəssisəmizdə yüksəkixtisaslı mütəxəssislərlə bərabər, 30-dək rayon sakini iş yeri ilə təmin ediləcək. Layihənin icra olunacağı növbəti illərdə iş yerlərinin sayı daha da artırılacaq.
Hörmətli cənab Prezident, regionlarda sahibkarlığın inkişafını daim diqqətdə saxladığınıza, biz sahibkarlar üçün yaratdığınız əlverişli şəraitə görə Sizə bir daha minnətdarlığımızı bildirirık. Neftçala Sənaye Zonasının rezidentləri adından Sizi əmin edirik ki, öz əməli fəaliyyətimizlə dövlətimizin davamlı inkişafına töhfə verəcək, bütün səylərimizi səfərbər edəcəyik".

Tehsil-press.az

Oxşar xəbərlər