Məleykə Abbaszadə: IX sinif üzrə buraxılış imtahanlarının formaları fərdi çap olunacaq

Məleykə Abbaszadə: IX sinif üzrə buraxılış imtahanlarının formaları fərdi çap olunacaq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

İclasda “2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında Hesabat”ın təqdim olunması, imtahanların keçirilməsinin ilkin qrafiki, ali təhsil müəssisələrinə qəbul qaydaları, IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin keçirilmə forması, yanvarın 28-də vergi orqanlarına işə qəbulla bağlı keçirilmiş test imtahanlarının nəticələri müzakirə edilib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, hazırkı hesabat ölkə Prezidentinə təqdim edilməzdən əvvəl tanış olub rəy bildirilməsi üçün şura üzvlərinin diqqətinə çatdırılır. Hesabat daha geniş formatda Təhsil Nazirliyinə göndəriləcək, ictimaiyyət üçün isə “Abituriyent” jurnalının 12-ci nömrəsində disk şəklində istifadəyə veriləcək.
Bildirilib ki, imtahanların ilkin qrafikində yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub. Ona görə ki, bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqəlidir və ötən illər bu dövrdə qrafik artıq elan edilmişdi. Lakin hazırda tariflərin müəyyənləşdirilməsi ilə bağlı hüquqi məsələlərin həlli istiqamətində işlər aparılır. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan edilməsi və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq. Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması qeyd olunan məsələlərə görə hələ ki, təxirə salınır.
Məlumat verilib ki, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları rəy bildirilməsi üçün DİM tərəfindən Təhsil və Ədliyyə nazirliklərinə göndərilib, onların rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub. İclas iştirakçıları qeyd olunan nazirliklərin rəylərini ətraflı müzakirə ediblər.
Qeyd olunub ki, IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq. Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatını almağa namizəd olanlar üçün mütləqdir. Bu şagirdlər haqqında əvvəlcədən “Şagird-məzun” sistemində qeydiyyat aparılacaq və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcəklər.
Vergi orqanlarına işə qəbulla bağlı keçirilmiş test imtahanlarının nəticələrindən danışan DİM-in sədri bildirib ki, qeydiyyatdan keçmiş 2889 nəfərdən 763-ü imtahanda iştirak etməyib. İmtahan iştirakçılarının az bir hissəsi müəyyənləşdirilmiş müsabiqə şərtini (70 və daha yuxarı bal) ödəyib. Aparılmış təhlil göstərib ki, imtahan zamanı DİM tərəfindən təqdim edilən məntiq və informatika üzrə sualların namizədlər tərəfindən cavablandırılmasında uyğunluq müşahidə olunub, namizədlər ixtisas üzrə suallara cavab verməkdə çətinlik çəkiblər. Bununla bağlı müvafiq nazirliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən mövcud problemin aradan qaldırılması məqsədilə birgə işçi qrupun yaradılması qərara alınıb. Məqsəd ixtisas üzrə test tapşırıqlarının müvafiq bilik və bacarıqların düzgün qiymətləndirilməsini təmin etməsi üçün həmin tapşırıqların testologiya qaydalarına uyğun tərtib olunmasıdır.
Sonda ümumi təhsil müəssisələrinin IX sinif şagirdləri üçün nəşr olunmuş, riyaziyyat fənni üzrə vəsait təqdim edilib. Bildirilib ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıqtipli test tapşırıqları dərc edilib.

Tehsil-press.az

Oxşar xəbərlər