“Microsoft” şirkəti İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığı genişləndirir

“Microsoft” şirkəti İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığı genişləndirir “Microsoft” şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilə əməkdaşlığı genişləndirir.

İTİ-dən tehsil-press.az-a bildiriblər ki, bu barədə “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov institutun elmi şurasında çıxışı zamanı məlumat verib. İnstitut ilə əməkdaşlıq imkanlarından söz açan E.Axundov “Microsoft Azərbaycan” şirkətinin sertifikatlaşdırma mərkəzinin məhz İTİ-də təşkil edilməsinin məqsədəuyğun olduğunu söyləyib. Şirkətin sertifikat proqramları və onların üstünlüklərindən söz açan E.Axundov bütün məhsul və texnologiyalar üzrə sənaye sertifikatlaşdırmasının mümkünlüyünü, ali təhsil qurumlarında təhsil alan tələbələrə, akademik diplomla yanaşı, sənaye diplomunun da təqdim edilməsinin zəruriliyini söyləyib.
“Microsoft” şirkətinin təqdim etdiyi “Office” proqramının mütəmadi yeniləndiyini diqqətə çatdıran E.Axundov bu proqramın ən son məhsulları üzrə tədris vəsaitlərinin olduğunu, onların tərcümə edilərək elmi qurumların istifadəsinə verilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, şirkət “Microsoft” institut əməkdaşlarına korporativ domen adı altında məhdudiyyətsiz e-poçt ünvanları, hər bir istifadəçiyə buludda online videokonfransların təşkil edilməsi və yazılışı üçün bir terabayt saxlanc, biznes-analitika üzrə 20-dən çox xidmət təqdim edir. İTİ də daxil olmaqla, AMEA-nın elmi təşkilatları şirkətin elm və təhsil qurumları üçün nəzərdə tutduğu endirimlərdən faydalana, bir çox məhsulları pulsuz əldə edə biləcək.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev “Microsoft” şirkəti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini yüksək dəyərləndirib, bu məqsədlə işçi qrupun yaradılması və fəaliyyət planının hazırlanmasının önəmini vurğulayıb. Rəhbərlik etdiyi qurumun AMEA-nın İKT siyasətini həyata keçirdiyini qeyd edən alim “Microsoft Azərbaycan”ın sertifikat mərkəzinin bu institutda təşkil edilməsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər