
Bildirilib ki, UNEC və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə may ayında keçiriləcək “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də bir araya gətirəcək. Tədbir eyni zamanda ölkədə “Web of Science” platformasına çıxış əldə etməyə dəstək olacaq. Bu isə elmi-tədqiqat işlərinin dünyanın elmi ictimaiyyəti arasında tanıdılmasında mühüm rol oynayacaq. Qeyd edək ki, nüfuzlu dünya universitetlərinin alimlərinin elmi məqalələrinin konfransa təqdim edilməsilə bağlı çoxsaylı müraciətlər daxil olub.
Görüşdə UNEC-in bazasında yaradılacaq Gənc Alimlər Məktəbi geniş müzakirə edilib. O.Utkin bildirib ki, dünya səviyyəli universitet olmaqda iddialı olan UNEC-də bu məktəbin təsis edilməsi gənc alimlərə müasir tələblərə cavab verən elmi nəşrlərin və məqalələrin hazırlanmasına, elmi araşdırmaların keyfiyyətinin artırılmasına xidmət edəcək.
UNEC-də həm Azərbaycanın, həm də regionun digər ölkələrinin maraqlarına cavab verəcək Elmmetrik laboratoriyanın açılması, “Xəzəryanı ölkələrin iqtisadiyyatı” adlı elmi jurnalın nəşri ətrafında da fikir mübadiləsi aparılıb.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
UNEC-in Mətbuat Xidməti