...Ürək deyir, yaşa hələ...

...Ürək deyir, yaşa hələ... İnsan ömrü daim arzularla, istəklərlə dolu olur. Hər bir insanın ömür xatirəsindəki arzuları, diləkləri bitib-tükənə bilmir.
Bu günlərdə hər birimiz üçün əziz olan, hər birimiz onun atalıq, dostluq, yoldaşlıq, qardaşlıq qayğısını hiss etdiyimiz, çətin, gərgin məqamda üstünə qaçdığımız müəllimimiz dəyərli insan Cahangir müəllimin 75 yaşı tamam oldu. Yaş ölçüsü, deyərdim, ömür ölçüsü üçün önəmli deyil. Cahangir müəllimin keçdiyi ömr yoluna nəzər salanda görərik ki, bu ömrə qənirələr, əsrlər yerləşib. Ona görə ki, bu ömürün dəyəri, illərin çoxluğu ilə deyil, onun mənalı, daha uzaqlara işıq saçması ilə ölçülür.
Belə bir deyim var insanın dəyəri onu tanıyanların qiymətləndirdiyi qədərindədir. Cahangir müəllim çoxmənalı, zəngin, dəyərli, olduqca qiymətli, bir ömür yolu keçib. Bu ömür heç bir çərçivəyə sığmayan bir ömürdür. O ağrılar, əzablar, çətinliklər içərisindən süzüb gələn ömrünü xalqına, vətəninə, dövlətinə, dövlətçiliyinə, övladlarına, tələbələrinə, tanışlarına, dostlarına bütünlükdə millətinə həsr edib. Mən Cagangir müəllim haqqında yazacağım bu yazının da məsuliyyətini dərk edir, belə desək, çəkinə-çəkinə imza atıram. Axı məni jurnalist kimi yetişdirən, yazı-pozu nə olduğunu anladan bir şəxs haqqında yazıram. Söz yox, deyəcəklərim bəllidir. Həyat qədər varlı, dəyərli, ziyalılar ziyalısı, şəxsiyyətcə bütöv, ləyaqətli bir şəxsiyyətdir Cahangir müəllim! Oxuduğum jurnalistika fakültəsinin bir ənənəsi var, bu fakültədə müəllim-tələbə münasibəti, mən deyərdim, heç bir ali təhsil müəssisəsində yoxdur. Müəllim tələbəsinə öz həmkarı, iş yoldaşı, dostu kimi baxır. Bu fakültədə söz yox bu ənənəni qoyanlar olub. Bu ənənəni bu gün də davam etdirənlər var. Bu ənənəni yaradan və qoyanlar var olsunlar.
Məhəmməd Peyğəmbərin belə bir deyimi var: “Mehribanlıq imanın nişanəsidir, mərhəmət olmayan kəsdə iman da olmaz”.
Cahangir müəllimi bir həmişə mehriban, gülərüz görmüşük.
Onun nurlu siması, xoş çöhrəsi, həlim, yumşaq xasiyyəti onu bir daha tanıyanlara, onunla müsahib olanlara sevdirir. Onunla görüşəndə istər-istməz ürəyindən, qəlbindən ona qarşı bir doğmalıq hissi keçir, heç kimsəyə demədiyin, heç kimsə ilə bölüşmədiyin dərdini sanki çalışırsan ki, onunla böləsən, onunla paylaşasan.
Bu gün, mətbuatımızın bu sınaq dövründə Cahangir müəllimin məsləhətinə böyük ehtiyacımız var. Əslində, onun dəyərli, məzmunlu fikirlərinə həmişə ehtiyac duymuşuq. Biz ondan həmişə öyrənmişik. Cahangir müəllimin işi çox olsa da, tədbirləri olsa da tələbələrilə görüşməyə vaxt ayırır, onları dinləyir, qayğına, dərdinə, ağrı-acısına şərik olur. Çalışır ki, əlindən gələn köməkliyi kimsədən əsirgəməsin.
Əlbəttə biz istəsək də, istəməsək də həyat, ömür öz işini görür, illər gəlib keçir, insan qocalır, bu təbiətin yazılmamış qanunudur. Ancaq hər ömrün, hər yaşın öz gözəlliyi var, Bəxtiyar Vahabzadə demişkən - qara saçları sən verdin mənə, ağ saçları özüm qazanmışam. İnsan üçünsə öz qazancından qiymtli heç nə ola bilməz.
Cahangir müəllim, bu ömr yaşını özünüz qazanmısınız. Bu illər, bu ömür Sizin üçün çox dəyərli, çox qiymətlidir. Ömür desə də qocalmısız, ürək isə deyir yaşa hələ, əldədir hələ qələm, qoy qələm əldən düşməsin. Yazıb-yaratmaq eşqiniz sönməsin, tükənməyən eşqiniz daha da qaynar olsun, daha da coşub-cağlasın, tükənməsin. Bilirəm, ən böyük arzunuzsa yubileyinizi doğma Qarabağda, - Ağdamda keçirmək arzusundasız. Qoy ulu Tanr Sizi bu arzuya qovuşdursun. Əgər siz bu arzuya qovuşsanız qardaşımız Zeynal müəllimin, unudulmaz Xudu Məmmədovun, Famil Mehdinin, Qulu Xəlilovun da ruhu şad olar. Ruhun şadlığından gözəl nə ola bilər.
Sizinlə Ağdamda görüşmək arzusu ilə tələbəniz

Əkbər Hüseynzadə

Oxşar xəbərlər