Yenə bu dünyaya gələcəyəm mən…

Yenə bu dünyaya gələcəyəm mən…
(Xalq şairinin həyat yoldaşı ilə söhbət)


Ölümdə olum kimi haqdır. İnsan dünyaya öz xoşu ilə gəlmədiyi kimi, dünyadan gedişi də özündən asılı olmur. Elə insanlar olub ki, həyatda olmasalar da xatirələrdə yaşayırlar. Böyük türk şairi Azərbaycan Milli Azadlıq hərəkatının nümayəndələrindən biri, insan hüquqları uğrunda şanlı mübariz, görkəmli şəxsiyyət X.R.Ulutürk də belə dəyərli insanlardandır. Şairin zəngin yaradıcılığı oxucularımıza məlumdur. Bu günsə şəxsi həyatı, ailədə necə olması barədə onu sizlərə bir daha yaxından tanımaq məqsədi ilə yubileyi ərəfəsində vaxtilə yaşadığı ünvana yollandım.

- Salam Firəngiz xanım, sizinlə görüşməyimə çox şadam.
- Mən də səninlə yenidən görüşməyə çox şadam.
(Otaqda Xəlil Rzanın nəfəsi duyulurdu. Bir anlıq kövrəldim. İlk dəfə idi ki, müsahibimlə danışmaq mənə bu qədər çətin gəlirdi. Özümü toplayıb söhbətə başladım)

- Firəngiz xanım, Xəlil Rza haqqında danışmaq çətindir, yoxsa susmaq?
- Çətin sualdır (Bir az fikrə gedib doluxsundu. Sonra söhbətə başladı). Danışmaq da çətindir, susmaq da.

- Oxucular Xəlil Rzanın şeirlərindən,əsərlərindən, necə insan, şəxsiyyət olduğunu təsəvvürlərində canlandırırlar. Bəs ailədə necə insan idi?

- Xəlil mehriban, ümumiyyətlə sakit təbiətli idi. Evə gələn kimi yemeyini yeyib öz otağına keçirdi. Yanına kişmiş, qoz-fındıq ləpəsi qoyardım, yeyə-yeyə yazı-pozu ilə məşğul olardı. Danışanda da sakit-sakit danışırdı. Heç vaxt mənə səsini qaldırmazdı. O vaxtlar indiki Neft Akademiyada “elmi kommunizm” dən dərs deyərdim. Elə vaxt olurdu ki, ev işlərimi çatdıra bilmirdim. Bunun üçün məni danlamazdı. Yeməyi vaxtında hazır olmayanda, yaxud paltarları yuyulmayanda güzəştə gedirdi. İşimi çatdıra bilmədiyimdən narahat olduğum üçün könlümü almağa çalışırdı. “Sən xalqımızın balalarına dərs deyirsən, eybi yox” – deyirdi. Uşaqlar dərsləriylə vaxtında məşğul olmayanda onları danlayırdım. Söyləyirdim ki, mən uşaqlara dərs deyib onlara yaxşı oxumalarını tövsiyə edirəm. Siz yaxşı oxumasanız, mənə nə deyərlər? Xəlil uşaqların yanında mənə heç nə deməzdi. Təklikdə isə: “Onları çox da danlama” – deyirdi. O həm öz uşaqlarını, həm də bütün uşaqları çox sevərdi. Mən ondan heç inciməmişəm. Rəhmətlik mədəni, gözəl insan idi.
- Xəlil Rza xalqımızın yaddaşında mərd, mətin insan kimi qalıb. “Mən qorxuyla, qorxusuzluq arasında yaşayıram” – deyən şairi nə ilə qorxutmaq olardı?
- Heç nə ilə. O, əsl kişi idi. Xəlil təkcə Vətənə layiq olmamaqdan qorxurdu. Xalqını, millətini çox sevirdi. Vətənin azadlığı uğrunda hər zaman öz qələmi, çıxışları ilə mübarizədə aparırdı. Lefortovo zindanında yatarkən “Bu xalqın taleyi görəsən necə olacaq” –deyə düşünüb narahat olurdu. Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram – deyən Xəlil orda

Verin mənə azadlığı heç olmasa
Qram-qram
Mən bu qədər alçaqları necə əzəm
necə qıram?
– deyirdi.

Xəlilin xalqımızın soykökünə, dilinə, dininə, adət-ənənəsinə çox böyük bağlılığı vardı.

- Firəngiz xanım, Xəlil Rza insanlarda hansı keyfiyyətləri qiymətləndirər, nələri bağışlamazdı?
- Xəlil türkçülüyə, vətənpərvərlik hisslərinə, cəsurluğa yüksək qiymət verirdi. İnsanlarda riyakarlığı xoşlamazdı. Amma kinli insan deyildi. Bağışlamağı bacarırdı. Bütün insanlar sevirdi, səmimi, sadə idi. (Mən özüm də Xəlil müəllimlə tanışlıqdan sonra necə gözəl insan olduğunun şahidi olmuşdum. O, böyüklə böyük, uşaqla uşaq idi).

- Belə sadə olmaq onun həyatda mane olmurdu ki?
- Bəzi hallarda olurdu. Ancaq o necə vardısa, elə idi.
Yenə bu dünyaya gələcəyəm mən…
- Firəngiz xanım, Xəlil müəllimlə ilk tanışlığımız necə olmuşdu? Ürəyini sizə necə açmışdı. Bir az bu barədə məlumat verərdiniz?
- Siz məni gör hara apardınız. (Gözləri doldu). Xəlil bacımla bir yerdə oxuyurdu. Bacıma yemək aparmalı olurdum. Məni də orda görmüşdü. Qəlbini məktublar vasitəsilə açıb. Xəlilin məktublarını oxuduqdan sonra anamdan qorxduğum üçün anam bilməsin deyə özünə qaytarırdım. O da həmin məktubları özündə saxlayırdı.Çox həssas insan idi.
Biz 1956-cı il dekabrn 7-si ailə qurduq. Belə bir insanın həyat yoldaşı olmaq böyük səadətdir.

- Ancaq Xəlil müəllim, sizə olan sevgisi, məhəbbəti haqqında yazmırdı. Bəkə də yazırdı. Ancaq oxucular bundan xəbərsiz idi.

- Bu barədə onunla söhbətim olmuşdu. Belə cavab vermişdi ki, mən də xalqın bir nümayəndəsi olduğum üçün mənə sevgisini, nəcib gözəl hisslərini xalqına olan sonsuz sevgisi ilə tərənnüm edir.

- Ən yaddaqalan, xatirənizdən silinməyəcək gün hansı olub?
- Qızım, onunla keçirdiyim hər bir gün mənimçün əziz və yaddaqalandır.

- Xəlil müəllim, hansı yeməyi daha çox xoşlayırdı?
- Hansı yeməyi bişirsəydim, yeyirdi, təki qazanda nəsə qaynasın (o gülümsəyir).

- Yazı-pozu işində yorulanda yorğunluğunu necə çıxarırdı?
- Mənim musiqi təhsilim var. Pianoda ifa edə bilirəm. Yorulanda məni yanına çağırıb onun üçün nəsə çalmağımı xahiş edirdi. Xəlil musiqini, muğamı çox sevirdi. İfadan sonra təşəkkür edib “Sənin ifandan mənəvi zövq aldım, yorğunluğum çıxdı” – deyirdi.

- Hansı keyfiyyətləri sizin daha çox xoşunuza gəlirdi?
- Bütün keyfiyyətlərini xoşlayırdım.

- Xəlil müəllim evə əsəbi gəldikdə evdə necə olurdu?
- Əsəbi halda gəldikdə evdə sakit olurdu. Əksinə, mən əsəbiləşirdim. Çünki dost-tanış zəng edib Xəlil orda-burda “onu dedi”, “bunu dedi” söyləyirdilər. Həyatı üçün narahat olduğum üçün “Görəsən səni tutacaqlar” deyirdim. O da gülə-gülə “Hamı danışıb mən də bir-iki kəlmə demişəm” – deyirdi. Mən də: onlar ağacın budağını sındırır, sənsə onu kökündən baltayırsan – deyə cavab verirdim. Xəlil heç nə deməyib sakitcə gülümsəyirdi.

- Xəlil müəllimi yuxuda görürsünüz?
- Demək olar ki, heç görmürəm. Belə eşitmişəm ki, dünyasını dəyişən insan kiminsə yuxusuna gəlirsə, deməli ondan narahatdı. Yəqin ki, Xəlilin ruhu məndənarxayın olduğu üçün yuxuma gəlmir. Mən hər zaman onu yanımda hiss edirəm.

- Xəlil Rzanın hansısa şeiri, yazısı olubmu ki, bu haqda vəfatından sonra bilərsiniz?
- Xeyir, o nə yazırdısa, mənə oxuyurdu. Yazdıqlarından həmişə xəbərim olurdu. Heyf ki, Xəlilin yazmaq istədiyi, yazmağa macal tapmadığı çox şeyler qaldı.
Yenə bu dünyaya gələcəyəm mən…
- Firəngiz xanım, siz özünüz də yaradıcılıqla məşğul olursunuz. X.Rzanın vəfatından sonra həyatınızı onun yaradıcılığına sərf etmisiniz. Öz yaradıcılığınız haqda nə deyə bilərsiniz.
- Doğru deyirsiz. Mənim yaradıcılığım Xəlilin yaradıcılığı ilə bağlıdır. Bayaqkı fikrimi təkrar etmək istəyirəm. Mən onu hər zaman yanımda hiss edirəm. Mənə yaradıcılıqla məşğul olmağıma ruh verir. Xəlilin yaradıcılığı haqda çoxlu kitabım çap olunub. Bu yaxınlarda “Xəlil Rza və Türkiyə” kitabımı çapa vermişəm. Hazırda isə “Xəlil Rza və özbək ədəbiyyatı” kitabı üzərində işləyirəm.
Oktyabrda Xəlil Rzanın 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Cənab Prezindetimiz İlham Əliyevin sərəncamıyla Xəlil Rzanın “Şeirlər və poemalar” çapa verilib. Xəlilin tədqiqatçısı, filologiya elmləri doktoru, Qızlar Universitetinin prorektoru Əlizadə Əsgərli Xəlil yaradıcılığına və şəxsiyyətinə böyük rəğbət və hörmət göstərib, elmi işini Xəlil Rzaya həsr edib. Onun “Xəlil Rza Ulutürkün poetikası”, “Milli ideal mücahidi” kitabları çapdadır. Xəlil Rza haqqında çox şairlər şeirlər, əsərlər yazıb, haqqında xatirələrini qələmə alıblar. Mən də onların hər birinə öz təşəkkürümü bildirirəm.
Nə qədər canım sağdır, bundan sonra da yaradıcılığımı Xəlil Rzaya həsr edəcəm. Torpaq, Vətən uğrunda mübarizəsi biri qələm, o biri isə silahlı ilə vuruşan Xəlilin, Təbrizin nəfəsləri duyulan evdə əlimi, qolumu sallayıb vaxt keçirməyə mənəvi haqqım çatmır. Bunu heç özüm də bacarmaram. Mən də bu xalq üçün nəsə etməliyəm axı. Belə layiqli vətən oğulları haqqında, canlarını torpaq uğrunda qurban verən şəhidlərimiz barəsində gənclərimiz çox oxumalı, onların Vətəni necə sevmələrindən dərs almalıdırlar.

- Firəngiz xanım, maddi durumumuz necədi, necə dolanırsız?
- Əlbəttə, bu gün müharibə şəraitində yaşayırıq. İnsanın yaxşı günü də ola bilər, pis günü də. İnsan gərək çətinliyinə dözməyi bacarsın. Sağ olsun qohumlarım, yaxınlarım. Mənə köməklik göstərirlər. Birdə də qızım, maddi cəhətdən kasıb olmaq eyib deyil, gərək mənəviyyatca kasıb olmayaq. Öz mənəvi dəyərlərimizi qoruyub saxlamağı bacaraq.

İtib-batmaq üçün yaranmamışam,
Dünənəm, bugünəm, gələcəyəm mən.
Bir gün bu dünyadan köçsəm də nə qəm,
Dünyaya yenidən gələcəyəm mən...


- deyən türk dünyasının böyük oğlu X.R.Ulutürkün bütün Azərbaycan sığışan böyük ürəyi xalqının yolunda əriyən bir şam oldu. Elə bir şam ki, o şam şeirlərində alışıb öz istiliyini, hərarətini oxucularına bəxş edərək onların qəlbini ən ali hisslərdən biri olan vətən sevgisi ilə alovlandırır. Xəlil Rzanın əziz xaritəsi hər kəsin qəlbində əbədi yaşayacaq.

- Müsahibə üçün çox sağ olun Firəngiz xanım. Sizə yaradıcılığınızda uğurlar, cansağlığı diləyirik. Özünüzü qoruyun, axı Xəlil Rzanın nəfəsini sizdən alırıq.

Kəmalə RƏHİMLİ

Oxşar xəbərlər