Daha sonra çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ölkə Prezidentinin imzaladığı sərəncamın universitetin beynəlxalq arenaya daha rahat çıxması, müstəqil idarəçiliyə başlaması, idarəetmədə səmərəliliyi artırması, hesabatlılıq və maliyyə-təsərrüfat fəaliyyətini daha effektiv qurması baxımından çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Digər çıxış edənlər də universitetə göstərdiyi yüksək etdimada görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürlərini çatdırıblar və universitetin bundan sonrakı fəaliyyətinin səmərəli təşkili üçün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2015-ci ildə qəbul olunmasına baxmayaraq, artıq bir sıra qurumlar qeyd edilən hüquqi statusda fəaliyyət göstərməyə başlayıb. Universitetin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi də ilk belə hal deyil. Azərbaycan Dillər Universitetindən öncə Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Fərmanı ilə Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi təsdiqlənib və bu universitet yeni hüquqi statusda öz fəaliyyətinə başlayıb.
Ölkə Prezidentinin bu təşəbbüsü ölkəmizdə ali təhsil sisteminin daha da təkmilləşdirilməsinə, müasirləşdirilməsinə və dünya təhsil sisteminə daha sürətlə inteqrasiya olunmasına böyük təkan verəcək.
Əsas dünya dilləri üzrə peşəkar kadr hazırlığını həyata keçirən Azərbaycan Dillər Universiteti bir müddət sonra publik hüquqi şəxs kimi fəaliyyət göstərməklə öz profilini daha da genişləndirəcək, yeni dillərin və mədəniyyətlərin təkcə ölkəmizdən olan tələbələrə deyil, xarici ölkələrdən də bu universiteti seçən tələbələrə daha keyfiyyətli öyrədilməsi təmin ediləcək. Həmçinin universitetin qəbul ediləcək yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq xarici universitetlər, akademiyalar və s. ilə daha sıx əlaqələr qurulmaqla təhsilin keyfiyyəti yüksələcək, bakalavriatura, magistratura və doktorantura təhsili üzrə universitetin verdiyi diplomların beynəlxalq səviyyədə qəbul arealı daha da genişləndiriləcək.
ADU-nun Mətbuat Xidməti



