Almatı Menecment Universitetinin prezidenti: UNEC ilə əməkdaşlıq bizim üçün faydalı olacaq

Almatı Menecment Universitetinin prezidenti: UNEC ilə əməkdaşlıq bizim üçün faydalı olacaq Qazaxıstanın Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojaxmetov və Kustanay Mühəndis İqtisad Universitetinin rektoru Sabit İsmuratov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Rektor, professor Ədalət Muradov qonaqlara bildirib ki, regionun iqtisadyönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC ölkənin Rusiyada filialı olan yeganə ali təhsil müəssisəsidir. UNEC-in beynəlxalq əlaqələrindən danışan rektor London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramı, Fransanın Montpelyer, Litvanın Nikolos Romeyros universitetləri ilə ikili diplom proqramlarının həyata keçirildiyini qeyd edib. UNEC-in Biznes Məktəbindən söz açan Ə.Muradov ölkə üzrə MBA proqramına qəbulun 80 faizinin burada həyata keçirildiyini, tədrisin 3 dildə aparıldığını diqqətə çatdırıb.
Keyfiyyətli təhsil verən qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən Asılbek Kojaxmetov UNEC-də olmaqdan məmnunluğunu bildirib. UNEC ilə əməkdaşlıq bizim üçün faydalı olacaq”, – deyə A.Kojaxmetov rəhbərlik etdiyi ali məktəbin tədris proqramları barədə məlumat verib. O, həmçinin universitetin beynəlxalq əlaqələrindən, MBA proqramı, doktorantura pilləsi üzrə təhsildən, o cümlədən tələbə-müəllim mübadiləsindən danışıb.
Görüşdə hər üç universitet arasında MBA proqramları üzrə biznes məktəbləri arasında əlaqə, biznes təhsilinin keyfiyyətinin artırılması, yay məktəbində müəllim və tələbə mübadiləsi əsas müzakirə mövzusu olub. Universitetlər arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətin davam etdirilməsinə dair razılıq əldə olunub.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər