Bakı Ali Neft Məktəbi İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbi İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə əməkdaşlığı genişləndirir Bakı Ali Neft Məktəbi (BANM) İtaliyanın "Maire Tecnimont Group" şirkətinin Azərbaycan üzrə nümayəndəliyi “Kinetics Technology” şirkəti ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb. Bu münasibətlə BANM-də tərəflər arasında həyata keçirilən İnkişaf Proqramının ikinci mərhələsinin rəsmi açılış mərasimi olub.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov, İtaliyanın Azərbaycandakı səfiri Avqusto Massari, “Maire Tecnimont Group”un xüsusi təşəbbüslər və regionda əlaqələndirmə üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi, şirkətin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, insan resursları üzrə meneceri Aida Bəşirova, müəllim və tələbələr iştirak ediblər.
E.Qasımov “Kinetics Technology” şirkəti ilə olan əməkdaşlığın BANM və onun tələbələri üçün əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, ötənilki uğurlu əməkdaşlığın nəticəsi olaraq BANM-in artıq iki məzunu “Kinetics Technology” şirkətində çalışır, dörd nəfər isə bu il istehsalat təcrübə proqramı keçmək üçün seçiliblər.
Daha sonra A.Massari və C.Bardazzi “Maire Tecnimont Group” və BANM-in birgə layihəsi barədə fikirlərini bildirib, sualları cavablandırıblar.
Tədbirdə “Kinetics Tecnology” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern və kadrlar üzrə mütəxəssis Aida Bəşirova şirkətin fəaliyyəti barədə təqdimatla çıxış ediblər.
BANM-in məzunları, hazırda “Kinetics Technology” şirkətinin əməkdaşları Riyad Baxşıyev və Sənan İbrahimov keçdikləri təcrübə proqramlarından bəhs edib, onlara göstərilən dəstəyə görə rektora təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda E.Qasımov A.Massari və C.Bardazzi BANM-in Fəxri qonağı plaketini təqdim edib.
Qeyd edək ki, BANM-in dördüncü və beşinci kurs tələbələri üçün nəzərdə tutulan proqram bu ali məktəblə İtaliyanın “Maire Tecnimont Group” şirkəti arasında ötən il oktyabrın 19-da imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir.

BANM-in Mətbuat xidməti


Oxşar xəbərlər