İqtisad Universiteti yerli ixracatçılar üçün xarici bazarların rəqəmsal marketinqini aparacaq

İqtisad Universiteti yerli ixracatçılar üçün xarici bazarların rəqəmsal marketinqini aparacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Digital Marketinq Mərkəzi (DMM) yaradılıb.
DMM-in əsas missiyası müasir bazar araşdırması və innovativ üsullarla ixrac sahəsində yaranan yeni imkanların dəyərləndirilməsidir. Mərkəzin dəstəyi ilə qeyri-neft ixracını həyata keçirən şirkətlər vaxt və maliyyə xərclərinə qənaət etməklə, xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını həyata keçirəcək, o cümlədən brend və məhsul təbliğatını aparacaq, potensial müştərilərə informasiya çatdıracaq.
DMM ölkənin rəqəmsal marketinq bazarı barədə dövrü hesabatlar hazırlamaqla yerli ixracatçılar üçün rəqəmsal informasiya bazası formalaşdıracaq.
Təlim mərkəzi kimi də fəaliyyət göstərən DMM xarici ekspertlərin online vebinarlarını, o cümlədən ölkənin tanınmış ekspertlərinin təlim və seminarlarını təşkil edəcək. Eyni zamanda, sosial media marketinqi sahəsində mütəxəssis hazırlığını həyata keçirəcək. Geniş istifadəçi auditoriyasına malik olan “Facebook”, “Youtube”, “LinkedIn”, “Twitter”, “Instagram” kimi sosial şəbəkələrin idarəedilməsi və səmərəli reklamçılıq fəaliyyətlərini öyrədəcək. Mərkəz UNEC startaplarına rəqəmsal marketinq dəstəyi göstərməklə yanaşı, bu sahə üzrə mütəxəssislərin görüşünü də təşkil edəcək. Eyni zamanda, “Google AdWords” və “Google AdSense” rəqəmsal marketinqi üzrə online sertifikat imtahanlarını təşkil edəcək.
Qlobal Rəqəmsal Marketinq Assosiasiyası və Rəqəmsal Marketinq İnstitutu ilə əməkdaşlıq etməyi nəzərdə tutan DMM ildə bir dəfə araşdırma sahələri üzrə perspektivləri dəyərləndirmək üçün Digital Marketing Forumu təşkil edəcək.

UNEC-in Mətbuat xidməti



Oxşar xəbərlər