GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ İLƏ DAHA BİR ÜMUMTƏHSİL MƏKTƏBİ ARASINDA ƏMƏKDAŞLIĞIN TƏMƏLİ QOYULUB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ İLƏ DAHA BİR ÜMUMTƏHSİL MƏKTƏBİ ARASINDA ƏMƏKDAŞLIĞIN TƏMƏLİ QOYULUB Gəncə Dövlət Universitetinin Alman dili kafedrasının müəllimi Xanım Camalzadənin şəhərin 31 saylı ümumtəhsil məktəbində nümunəvi açıq dərsi təşkil olunub.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, “Wir helfen unseren Eltern” (Biz valideynlərimizə kömək edirik) mövzusunda keçirilən dərs ümumtəhsil məktəblərinin 6-cı sinif şagirdlərinin xarici dil proqramının tələbinə uyğun olaraq tədris edilib.
Həmçinin genişləndirilmiş auditoriya üçün nəzərdə tutulan dərsdə müasir təlim-tədris metodlarına və kurikulum üzrə innovativ üsullara istinad edilib. Müəllim sinfin şagirdlərini iki yarımqrupa böldükdən sonra hər bir yarımqrup üzrə tələb olunan işləri icra edib. Dərsin gedişində fəallığı təmin olunan şagirdlər tapşırılan işləri fərdi, daha sonra isə qrup halında yerinə yetiriblər.
Dərsdə universitetin Təcrübə və karyera şöbəsinin rəhbəri dosent Mahir Məmmədov, Xarici dillər fakültəsinin dekanı, dosent Əjdər Əsgərov, müvafiq kafedraların müdirləri, həmçinin 31 nömrəli məktəbin müdiri Elyanora Əsgərova və fənn müəllimləri iştirak ediblər.
Açıq dərsin müzakirəsində iştirak edən Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev və pedaqoqlar Xanım Camalzadə tərəfindən təqdim edilən dərsi müsbət qiymətləndirib və ali təhsil müəssisəsi ilə orta məktəblər arasındakı bu cür əməkdaşlağın zəruriliyini qeyd ediblər.
Daha sonra Təcrübə və karyera şöbəsinin əməkdaşları məktəbin pedaqoji kollektivi ilə gələcəkdə müxtəlif əməkdaşlıq formaları haqqında müzakirə aparıblar.
Sonda Gəncə Dövlət Universiteti ilə 31 nömrəli məktəb arasında gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığa dair razılaşma əldə olunub

Kəmalə Rəhimli


Oxşar xəbərlər