Gəncə Dövlət Universiteti orta məktəblərlə əməkdaşlığı genişləndirir

Gəncə Dövlət Universiteti orta məktəblərlə əməkdaşlığı genişləndirir Gəncə Dövlət Universitetində orta təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb.
İşçi qrupu mart ayında universitetin baza məktəbləri olan Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 və Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəblərdə həmin tədris ocaqlarının pedaqoji kollektivləri və XI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirib. Daha sonra işçi qrupu Gəncə şəhərinin 1, 2, 5, 6, 8, 12, 14, 16, 17, 22, 23, 27, 31, 32, 38, 41 və 43 nömrəli tam orta məktəblərində görüşlər təşkil edib.
Tədbirlərdə işçi qrupunun üzvləri, dosentlər M.Məmmədov, C.Qarayev, M.Rəhimov, C.Bağırzadə, Tələbə həmkarlar təşkilatının sədri P.Adıgözəlov, Tələbə gənclər təşkilatının sədri O.Məmmədov, universitetin ictimaiyyətçi tələbələri fəal iştirak ediblər. İşçi qrupunun üzvləri çıxışlarında universitetin yaranma tarixi və burada fəaliyyət göstərən fakültə və ixtisaslar haqqında ətraflı məlumat veriblər.
Qeyd olunub ki, Qərb regionu üzrə ilk dəfə olaraq İELTS imtahanları GDU-da təşkil edilir. Universitet tərəfindən ardıcıl olaraq orta məktəb şagirdləri üçün fənn olimpiadaları, ekskursiyalar, müxtəlif xarakterli tədbirlər həyata keçirilir.
Tədbirlərin keçirildiyi bütün ümumtəhsil məktəblərində universitetin həyatını əks etdirən videomateriallar nümayiş etdirilib, bukletlər, suvenirlər şagirdlərə hədiyyə olunub.
Qeyd edək ki, İstanbul Universitetinin YÖS imtahanları bu il ilk dəfə Gəncə şəhərində GDU-da təşkil edilir. İmtahandan uğurlu nəticələr əldə edən abituriyentlər İstanbul Universitetində tələbə olmaq imkanı əldə edir. Həmçinin imtahanların nəticələri Türkiyə Respublikasının 110 universiteti tərəfindən tanınır.
Keçirilən görüşlər yuxarı sinif şagirdlərinə müsbət təsir göstərib. Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıq ediblər və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildiriblər.
Hazırda universitetin işçi qrupu Gəncə Şəhər Təhsil İdarəsi ilə əməkdaşlığa əsasən digər orta məktəblərdə də tədbirlərin keçirilməsini planlaşdırır.

GDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər