Rektor danışır “Artıq şəffaf təhsil mühiti var”

Rektor danışır  “Artıq şəffaf təhsil mühiti var” Cəfər Cəfərov: “Əmin ola bilərsiniz ki, ADPU 100 illik yubileyini layiqli nəticələrlə qeyd edəcək”
Müəllim hazırlığı təhsilin qarşısında dayanan ən başlıca məsələlərdəndir. Bu istiqamətdə ardıcıl tədbirlər görülsə də, müəllimlərin istər nəzəri, istərsə də praktik biliyi qaneedici deyil. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovla söhbətimiz məhz bu istiqamətdə davam edir. Rektor “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində üstünlük verdikləri standartlardan və onun tətbiqində qarşılarına çıxan problemlərdən danışır.
- Yüksək bal toplayanlar arasında müəllim olmaq istəyənlərin sayı çoxalsa da, Pedaqoji Universitetin prezident təqaüdçüsü yoxdur. Deyə bilərsinizmi, bu, nəyin göstəricisidir?
- Nəyin göstəricisidir, deyim. Siz sanki yarışda köhnə “Zaparojest”lə “Ferrari”ni yan-yana qoyub köhnə maşından nəticə gözləyirsiniz. Bugünkü nəticə 500 baldan yuxarı bal toplayaraq tələbəmiz olanların sayının çoxalmasıdır. Bu tipli çoxlu iş sadalaya bilərəm. Prezident təqaüdçülərimiz də olacaq, ancaq o mərhələyə hələ gəlib çatmamışıq.
- Həmin mərhələnin daha tez çatması üçün bir planınız varmı? Nə etməyi düşünürsünüz ki, yüksək bal toplayaraq prezident təqaüdünə layiq görülənlər məhz müəllimlik peşəsinə ADPU-da yiyələnmək istəsin?
- Bura daha yaxşılarını cəlb etməkdən ötrü universitet özü cəlbedici olmalıdır. İlk növbədə şəffaf təhsil mühiti olmalıdır, o da artıq var. Məhdud resurslarla nə etmək mümkündürsə, edirik. İmkanım yoxdur ki, ən yaxşı müəllimi universitetə gətirim. Söhbət etdiklərimiz var, bu maaşla həvəs göstərmirlər. Məhdud resurslarla nə mümkündürsə, icra olunur. Heç kim demir ki, hər şey edilib. Bunu desək, özündən müştəbehlik olar. Hər zaman demişəm, görüləcək işlər görülənlərdən çoxdur. Bir məsələ də var ki, gərək marketinq siyasəti aparasan. Bilirəm ki, KİV-lə fəal işləmirik. Bu işdə əsas təbliğatçımız tələbələrimizdir. Universitetdə ölkənin bütün bölgələrini təmsil edən 17 mindən artıq tələbə təhsil alır. Söhbətlər əsasında eşitdiyim odur ki, Pedaqoji Universitet əvvəlki ADPU deyil. Valideynlər övladlarını tam arxayınlıqla universitetə həvalə edə bilirlər.
“İdeyaları götürək, bəs, onları kim icra etsin?”
- Tələbələrin universitetin təbliğatçısı olması üçün onlar yaxşı yetişdirilməlidir. ADPU-da verilən təhsilin keyfiyyəti buna zəmanət verirmi?
- Biz hələ işin ən bəsit mərhələsindəyik. Bu, uzunmüddətli işdir. Təhsilin məzmunuyla, yeniləşməsiylə bağlı məsələlərə əhəmiyyətli dərəcədə keçə bilməmişik. Pedaqoq necə olmalı, müasir dərs necə keçirilməlidir, Finlandiya modeli, yapon modeli və s. məsələlərlə bağlı dünya pedaqoji ictimaiyyətində gedən müzakirələri izləyirik, oxuyuruq, ancaq onları tətbiq edəcək adamlarımız varmı? Biz ideyaları götürək, bəs, onları kim icra etsin? Hansısa yüzlüyə, minliyə düşməyə dair hədəf qoymağın mənası yoxdur. Həmin hədəflər bundan sonrakı mərhələlərin hədəfidir.
- Mənə başqa modellərin tətbiqində bir məqam da maraqlıdır. Finlandiya, ingilis, alman modellərində həmin xalqların psixoloji xüsusiyyətləri nəzərə alınır. Azərbaycanda bu mərhələ nə vaxta gözlənilir?
- Bunlar başqa-başqa məsələlərdir. Özümüz haqqında yanlış düşünmək kimi anlaşılmasın, müharibədən sonra Almaniya, ya da Yaponiyada bütün sahələr dağıdılmışdı. Buna baxmayaraq, hazırda yenə də dünyada aparıcı mövqedədirlər. Necə olur İsrail səhrada cənnət yaradır? Bu tipli müqayisələrin özündə qüsur var. Çünki onu edən almanlar, yaponlar, ya da yəhudilərdir.
- Elədirsə, onların təhsil sistemini niyə tətbiq edirik?
- Demirəm ki, onlardan pisik. Sadəcə zaman-zaman elə bir vəziyyətə gəlib çatmışıq ki, özünə hörmət edən cəmiyyət onu etməyi rəva bilməz. Məsələn, “tapşırıq” deyilən bir üsul ki var, cəmiyyət üçün qarayaradır. Bu yol yaxşı ki, azalmaqdadır. İllər uzunu gedən bu proses adət halını alıb. Bundan qurtarmadıqca, hansısa nəticəyə nail olmaq çətin olacaq. Biryolluq, “təhsil sahəsində heç kim heç kimə söz deyə bilməz” ənənəsi formalaşmalıdır. İnkişaf etmiş ölkələri demirəm, hətta qonşu ölkələrdə belə bu ənənə yoxdur. Bu, millətə başucalığı gətirmir. “Rektorsan, bir qiymət yazdıra bilmirsənmi?”, “Qonşu qonşuya nə gündə gərəkdir”, “Qohumsan, bir işə də yaramayacaqsanmı?” deyən o qədər çox insan var ki. İzah edə bilmirəm ki, bunu etməyim mümkünsüzdür.
“Tədrisin əhəmiyyətli hissəsinin baza məktəblərinə keçirilməsini düşünürük”
- Bu gün ali təhsil müəssisələrində kadr hazırlığı məsələsində ən böyük problem təcrübə ilə bağlıdır. Müəllimlərin mərkəzləşdirilmiş işə qəbulu imtahanlarında nəinki köhnə kadrlar, elə gənc müəllimliyə namizədlərin, yeni məzunların da kurikulum, metodika ilə bağlı suallara cavab verərkən çətinlik çəkdikləri müşahidə olundu. Buradan belə qənaət formalaşmırmı ki, ADPU-da müəllimliyin nəzəriyyəsi də öyrədilmir?
- İstəyirsiniz, dediklərinizi təsdiq edim? Elədir də. Biz bunları düzəltməkdən ötrü burdayıq. Siz bunu dediniz, mən də sizə bir başqa fakt deyim. Neçə ildir məktəbdə bir qayda ilə tədris aparılır, Pedaqoji Universitetdə müəllim hazırlığı başqa formada. İndi bizim əsas dərdlərimizdən biri də odur. Məktəb direktorları ilə görüşürük, məktəblərin aparıcı müəllimlərinin ustad dərslərini burada təşkil edirik. Məktəblə əlaqələrimizi gücləndirməyə, baza məktəblərimizin sayını artırmağa çalışırıq. Tədrisin əhəmiyyətli hissəsinin həmin o baza məktəblərinə keçirilməsini düşünürük. Kadrlar orada yetişsin, püxtələşsin. Hətta kafedraların bir hissəsinin də məktəblərə köçürülməsi fikri üzərində dayana bilərik. Bunlar həyata keçirilməsi zəruri olan planlardır. Həmin planın həyata keçirilməsi üçün isə kadrlara ehtiyacımız var. Ən böyük sıxıntımız kadrlarla bağlıdır. Kadr yenilənməsini ləngidən səbəblərdən biri də məhz onların yerinə kimin gələcəyi ilə bağlı narahatlıqlardır.
- Yerinə gələcək olanlar da ADPU-da yetişdirilir. Bunu müasir tələblərlə maraqlanmayan böyük bir komanda ilə necə bacaracaqsınız?
- Komandanın əsasən yaşlı nəslin nümayəndələrindən ibarət olması bizə mane olmur. Ali məktəblərdə müəllim üçün yaş həddi yoxdur. Keçmiş kafedra müdiri olan 87 yaşlı professorumuz hazırda universitetdədir və əvvəlki məsuliyyətlə gəlib dərsini deyib gedir.
- “Gəlib dərsini deyib getdi” dönəmi bitmədimi? Müasir təhsilin və müasir dərsin tələbləri dəyişib axı. Müəllimlər, yaşından asılı olmayaraq, müasir dərsin standartlarını tətbiq edə bilirlərmi?
- Bilənlər də var, amma bilməyənlər daha çoxdur. Texnologiyadan istifadə etmək deyəndə ki, proyektor qoyub divardan oxumağı bəzən bizim müəllimlərimiz də edir. Ondan başqa, Leninin bir kəlamı vardı, deyirdi ki, yeni cəmiyyəti qurmaqdan ötrü Ayda yetişdirilmiş adamları gətirib bu məkana buraxmayacağıq ki. Biz köhnə cəmiyyətin içərisində ola-ola yeniliklər etməliyik. Yaşlı nəslin içərisində yaxşı pedaqoqlar çoxdur. Sizi əmin edirəm ki, cavan nəslin nümayəndələri həmin müəllimlərin dərs metodikasını tətbiq etməkdə çətinlik çəkirlər.
- ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin kollokvium və semestr imtahanlarının yazılı qaydada aparılmasına qərar verilmişdi. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektivliyi təmin etmək göstərilirdi. Bu qərar özünü doğrultdumu?
- Siz düşünürsünüz ki, doğrultmayıb?
- Subyektiv amillərin rolunun qarşısını ala bilmirsinizsə, imtahanların yazılı və ya şifahi olmasının elə bir fərqi olmadığını düşünürəm...
- Axı biz digər formada keçirilən imtahanlarda kütləvi şəkildə həyata keçirilən qanunsuzluqdan danışdıq və mən bunu milli xəyanət hesab edirəm. Hesab etmirəm ki, yazılı imtahan ən yaxşı variantdır. Fikrimcə, üz-üzə oturub söhbət etmək daha yaxşıdır. Ona da gəlib çatacağıq. Fakültələrə təklif etmişəm ki, inandıqları müəllimlərlə, hansılar ki, sinəsinə döyüb ona güvənə biləcəyimizi iddia edirlər, onların növbəti semestr bu cür imtahanları təşkil edilsin. İqtisad Universitetinin rektoru Ədalət müəllim deyir ki, biz yazılı imtahanlara getdik, çətinliyini gördük və yenidən testə qayıtdıq. Test, onun tərtibi böyük elmdir. Hələ mən o kənar müdaxilələri demirəm. Evində oturub cavabları dəyişdirməsi kimi faktlardan da danışmıram. Sadəcə deyirəm ki, ADPU-da atılan bu addım təhsili uçuruma aparan böyük bir dərdin qarşısını almaq üçün görülən tədbirlərdən biri kimi ortaya çıxdı. Bu, yeganə yol deyil. “O qədər yeri, adamı hardan tapacağıq”, “Nəzarət mexanizmi necə olacaq?” sualları tələbələrin sayı artdıqca aktuallaşır. Filialların məsələsi, onlara nəzarətin hansı formada olacağı da üzərində düşünülməsi vacib məsələlərdəndir. Bu işlər etibar və etimad əsasında olmalıdır. Etimaddan sui-istifadə edənlərin bu davranışının arxasında nə dayanır? Məlumdur ki, maddi vəziyyətin yaxşılaşdırılması durur. Çünki hər hansı yola əl atan adam nəyəsə sahib olmaq üçün buna gedir. Bu zaman da ictimaiyyət dövriyyəyə girməlidir. Fəal vətəndaş mövqeyi nümayiş etdirib problemin üzərinə gedilməlidir. Həmin adamlar ifşa olunmalıdır ki, neqativ halların kökü zəifləsin. Ancaq bundan əvvəl müəllimin maaşını yaxşılaşdırmalıyıq. Ondan əvvəl isə büdcənin yaxşılaşdırılması məsələsi durur. Bu mərhələdə optimallaşdırma məcburiyyətə çevrilir.
- Cəfər müəllim, müasir universitetin tələblərinə əməl etməklə maliyyə mənbələrini artırmaq olar. Maliyyə çatmır deyə, su içənin sayını azaldırsınız. Halbuki ali təhsil ocağında su yaradan mənbələr var.
- Deyin görək hansı mənbələrimiz var? 7 elmi-tədqiqat laboratoriyamız var. Azərbaycan Milli Emlər Akademiyasının o qədər elmi institutları dura-dura biz burda laboratoriya yaratmışıq. Yaratmışıq, doğru eləmişik, universitet elmlə məşğul olmalıdır. Ancaq universitetin əsas təlim-tədris prosesini düzgün apara bilmədiyi, buna vəsaiti çatmadığı halda o lüksü varmı ki, həmin laboratoriyaları saxlasın? Laboratoriyaların büdcəsinin bir hissəsi əvvəllər nazirlikdən gəlirdi, digər hissəsini də tələbələrin ödənişindən daxil olan vəsaitlə təmin edirdik. Sonradan tələbələrimiz də, müəllimlərimiz də etiraz etdilər ki, niyə biz o işləri maliyyələşdirməliyik? Odur ki, maliyyələşməni saxladıq. Həmin laboratoriyalar dediyiniz işlərlə məşğul olmalıdırlar. Bir ildir deyirik, ortada heç nə yoxdur. 5-10 layihələri var, Elm Fonduna təqdim ediblər. Bunun üstündə iş gedir. Ümid edirəm ki, yaxın vaxtlarda müsbət nəticəsi də olacaq. Bundan əvvəl rektoru olduğum Turizm və Menecment Universitetinin məhsulları turizm sənayesində istifadə olunurdu. Burda yaradılan məhsullar məktəbə gedir. Məktəb isə universitet saxlamaq imkanına malik deyil. Şübhəsiz ki, burada da layihələr, qrantlar olmalıdır. Ancaq Pedaqoji Universitet kimi təhsil müəssisələri dövlət vəsaiti hesabına maliyyələşməlidir. Başqa ölkələrdə də belədir. Almaniyada 70-80 faiz dövlətin hesabınadır, Fransada da ona oxşar vəziyyətdir. Ümumiyyətlə, pedaqoji universitetlər dövlətin müstəsna himayəsində olmalıdır. Əlavə gəlir mənbələri olmaqla, Pedaqoji Universitetin maliyyə mənbələri əhəmiyyətli dərəcədə dövlət hesabına formalaşmalıdır.
“Cəmiyyətin diqqətinin artırılması vacibdir”
- Hər gün təhsilin dəyişən standartlarından danışırıq. Artıq dövlət versin, universitet yaşasın prinsipi arxada qalıb. Dövlət dəstək ola bilər. Ancaq bu, universitetin də heç bir iş görmədən, sadəcə tədrislə məşğul olmasına əsas vermir...
- Dediyiniz işlərin sürətlə görülməsi üçün buna cəmiyyətin diqqətinin artırılması vacibdir. Universitetin böyük dəstəyə ehtiyacı var. Bəli, əslində belə olmalıdır ki, Pedaqoji Universitet də daxil olmaqla, ali məktəblər özü-özünü saxlamalıdırlar. Bununla bağlı düşüncələr də yox deyil. Düşünürük və işlərimiz var.
- Biz də həmin işlərdən danışmaq istəyirik...
- Həmin işləri görmək üçün adamlar lazımdır. Biz deyirik ki, bu, ölüdür, siz deyirsiniz, niyə 100 metrlik məsafəyə qaça bilmir.. Ona görə də bu gün üçün ortaya qoyulan məqsədlərə çatandan sonra növbəti hədəflərimizi müəyyənləşdirəcəyik. Əmin ola bilərsiniz ki, ADPU 100 illik yubileyini layiqli nəticələrlə qeyd edəcək.
- Bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlanır. “Korreksiyaedici təlim” ixtisası yalnız sizin universitetdə var, səhv etmirəmsə... Onu da bilirəm ki, əmək bazarında bu ixtisas sahiblərinə ehtiyac var. Bu cür ixtisaslar araşdırılırmı?
- İstisna hallardan biridir ki, həmin ixtisasla bağlı bir biznesmen maraq göstərib. ADPU-ya gələrək prosesə kömək məqsədilə öz təkliflərini verib. Otaqların sahmana salınması, beynəlxalq əlaqələrin qurulması, məzunların bir hissəsinin həmin biznesmenin özünün biznes sahələrində işlə təmin olunması barədə razılığa gəldik. 10-dan artıq kitabın dilimizə tərcümə olunaraq çapını öz üzərinə götürdü. Bizim xaricdən olan tələbələrimizin əksəriyyəti, xüsusən, Türkiyədən olanlar məhz həmin ixtisası seçirlər. Türkiyədə populyar bir ixtisasdır. Onun ödənişi də çoxdur deyə, bunun da bizə xeyli köməyi olur. Yeri gəlmişkən qeyd edim ki, Türkiyədə yaşayan iranlı bir biznesmen xeyli tələbəmizə əlavə təqaüd verir.
- Əlavə gəlir mənbələri tapırıq deyəsən, Cəfər müəllim. Görün nə qədər belə imkanları dəyərləndirə bilərsiniz. Əmək bazarında “korreksiyaedici təlim” kimi başqa ixtisaslar da olmalıdır, hər halda.
- Bunlar əlavə gəlir mənbələri deyil. Sadəcə, tələbələrə dəstəkdir. Universitet bunu o vaxt gəlir sayar ki, onun sayəsində təchizatla, hansısa professorun dəvət olunmasıyla bağlı problemlər olmayacaq. Bu da uzunmüddətli, gərgin iş tələb edən bir məsələdir. Şübhəsiz ki, ona da gəlib çatmağı düşünürük. Xaricdən tələbələrin universitetimizə cəlb olunması ilə bağlı işlər gedir. Yenidən hazırlanma məsələləri həmişə olub, ancaq keyfiyyəti aşağı, formal xarakter daşıyıb. Biz bu sahədə nəticə əldə etmək üçün, sözün əsl mənasında, yenidən hazırlanmanı təşkil etmək üçün araşdırmalara başlamışıq.
“Biz hələ zəmin hazırlayırıq”
- Başqa bir ixtisas varmı ki, əmək bazarının ona tələbi var və ADPU-da həmin ixtisasın tədrisi nəzərdə tutulur?
- Bu suala başqa cür cavab verim. Pedaqoji Universitet adlandırdığımız təhsil müəssisəsi köhnə sovet respublikalarına aid xüsusiyyətləri özündə birləşdirir. Avropada pedaqoji təhsil verən müəssisələrin şəbəkəsində də təmsil olunuruq. Orda da, elə Türkiyə təcrübəsində də belə bir qayda var: universitetin həm pedaqoji fakültələri var, həm də pedaqoji yüklü, pedaqoji tədris əsas şərt olmaqla, başqa yaxın ixtisasların da tədrisinə çalışırlar. Biz də bu yolla gedirik. İdeya şəklində də olsa, bəzi hazırlıqlara başlamışıq. Ancaq bu barədə danışmaq hələ çox tezdir. Çünki ilk növbədə Pedaqoji Universitetin möhkəmlənməyə ehtiyacı var. Əmək bazarının öyrənilməsi prosesi gedir. Bunun ən yaxşı nümunəsi müəllimlərin işə qəbulu ilə bağlı imtahanlardır. Yeri gəlmişkən, imtahanlarda ayrı-ayrı ixtisaslar üzrə müəllimlərin çox zəif nəticə göstərdiyini bilirsiniz, elə deyilmi? Belə bir vəziyyət yaranıb ki, dövlətin bir qurumunun verdiyi diplom başqa bir qurumu tərəfindən heçə çevrilib. Bunun özü pis haldır. Ona şübhə yoxdur ki, Azərbaycanda il ərzində bu qədər müəllim hazırlanmasına ehtiyac yoxdur. İldə 3000-dən artıq məzun veririk. O cümlədən bu il də belə oldu. Bunu birdən-birə azaltmaq mümkün deyil. Ancaq növbəti illərin qəbul planına da yenidən baxmağı düşünürük. Gərək bu proses də müəllimlərin sayının optimallaşması prosesi ilə üst-üstə düşsün. Bizim kollecdə tələbə qəbulu birdən-birə 1000 nəfər azaldı. Təsəvvür edirsinizmi, bu, kollektivdə nə qədər azalmaya səbəb oldu? Biz hələ zəmin hazırlayırıq. Bu proses tamamlandıqdan sonra təhsilin məzmununun yeniləşməsi ilə bağlı ciddi addımlara başlayacağıq.
- Bir zamanlar kim hansı məsələdə dara düşsə, tanıdığı müəllimi axtarırdı. “Müəllimdi, bilər” deyib ixtisasının nə olduğunu soruşmadan maraqlandığı sualı ona yönləndirərdi. Müəllim də sualın altında qalmır, mütləq bir fikir söyləyər, o fikir birmənalı olaraq qəbul edilərdi. Təbii ki, indi zaman dəyişib. Hamı informasiyalıdır. Ancaq müəllimdən həmişə zamanın fövqündə dayanmaq tələb olunub. İndiki zamanla ayaqlaşan pedaqoji kadr hazırlığı nə vaxt mümkün olacaq?
- Mənim deməyim doğru olmasa da, bakalavr pilləsindən müəllim olmaq nə qədər doğrudur? Hər hansı ixtisasa yiyələnərsən, sonra da onun müəllimi olarsan. Bu, indi çox müzakirə olunan məsələlərdəndir. Ya da gələcəkdə dərslər hansı formada keçiriləcək? Bu cür çağırışlara hansı formada hazır olacağımızı düşünüb müzakirə etməliyik. Məzmunla bağlı konkret addımlar atılmalıdır. Ancaq bunu edə bilmirik. Təklifi verəcəyiksə, onun arxasında dayana biləcək adamlar olmalıdır. Baxın, bu boyda universitetin bir otağında proyektorumuz yoxdur. İT şəbəkəsinin yaradılması isə sadəcə arzudur. Bizdə hələ alt yapının hazırlanması məsələləri bitməlidir.

Ruhiyyə DAŞSALAHLI,
Jalə MÜTƏLLİBOVA



Oxşar xəbərlər