Professor Gəray Gəraybəyli: Əsas məqsəd təhsildə səviyyənin yüksəldilməsidir

Professor Gəray Gəraybəyli: Əsas məqsəd təhsildə səviyyənin yüksəldilməsidir Bir il əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinə rektoru təyin edildi. Professor universitetin mətbuat xidmətinə verdiyi müsahibədə il ərzində görülən işlər barədə məlumat verib.
Rektor deyib: ”Bir il bir tərəfdən qısa, digər tərəfdən isə kifayət qədər böyük bir dövrdür. Geriyə baxanda deyə bilərəm ki, arxada qalan bir ilin hər günü gərgin, qayğı və zəhmətlə dolu, həm də unudulmaz hadisələrlə zəngin olub. Əsas hədəf universitetin gələcək inkişafı ilə bağlıdır. Ona görə də ilk günlərdən universitetin bütün sahələr üzrə fəaliyyətini monitorinq etmək qərarı verdik. Təbii ki, bunu etməkdə məqsəd ən çətin və problemli sahələri aşkar etmək və onların həll yollarını tapmaq idi. Hesab edirəm ki, ötən müddət ərzində qarşıya qoyulan hədəflərin böyük əksəriyyətinə nail ola bilmişik”.
-Bəs tədris prosesində nələr dəyişib? Dövlət imtahanlarına qədər bir çox yeniliklər tətbiq olunub. Hansısa nəticələrdən danışmaq olarmı?
-Əsas strateji hədəfimiz tədrisin keyfiyyətinin yaxşılaşdırılmasıdır, çünki Tibb Universitetini bitirən məzunlar bilikli, tam yetişmiş həkim kimi peşə fəaliyyəti göstərməlidir. Ona görə də tədris prosesinin təkmilləşdirilməsi və imtahanların obyektiv keçirilməsi ən vacib meyarlardan biridir. Həmin məsələ ilə əlaqədar əsasən iki istiqamətdə işlər aparılıb: ilk növbədə obyektivlik və şəffaflığın artırılması, subyektiv amillərin aradan qaldırılması, ikincisi, tələbələrin praktiki vərdişlərinin yüksəldilməsi.
Tələbələrin əksəriyyəti yüksək nəzəri biliklər nümayiş etdirsə də, onların praktiki vərdişləri istənilən səviyyədə deyil. Ötən müddət ərzində həmin sahədə konkret işlər görülüb. Məsələn, artıq dövlət imtahanları iki formada aparılır: həm şifahi nəzəri biliklərin yoxlanılması üçün test imtahanları, həm də bilik və praktiki vərdişləri nümayiş etdirmək üçün beynəlxalq OSKİ imtahanları tətbiq edilir. Bu sistem ötən ilin yayında universitetdə ilk dəfə tətbiq olunub. Tələbələrin rəyini öyrənmək üçün imtahan aparılan mərkəzlərdə anonim qutular qoyulub və onlar öz fikirlərini yazıb həmin qutulara atıblar. Müxtəlif məzmunlu məktublar aldım. Tələbələr yeni sistemin tətbiqini razılıqla qarşılayır, hətta OSKİ imtahanlarının digər kurslarda, yəni kliniki fənlərdə də tətbiqini təklif edirdilər. Bu, çox sevindirici bir hal idi. Tələbənin imtahanı həm vərdiş, həm də kliniki formada verə bilməsi üçün axtarışlar aparırıq.
Digər tərəfdən, bu ildən birinci kursda kurs imtahan forması də dəyişilib. Bir neçə il bundan əvvəl universitetin keçmiş rəhbərliyinin təşəbbüsü ilə şəffaflığa nail olmaq, müəllim-tələbə münasibətlərində xoşagəlməz və neqativ halların qarşısını almaq üçün universitetdə test imtahanları tətbiq edilib. Təəssüf ki, test imtahanlarında da problemlərlə üzləşirdik. Məsələn, bəzən tələbələr cavabları əvvəlcədən əldə edirdilər. Açıq deyirəm, bəzən tələbələrə cavabları satırdılar. Ona görə də obyektivliyi qorumaq üçün beynəlxalq təcrübəyə söykənərək mütəxəssislər dəvət etdik. Dəvət edilən mütəxəssislər universitetin müəllimləri deyil, sırf testlə məşğul olan nümayəndələr idi. Onların artıq Almaniya, İsveçrə və s. Avropa ölkələrində təcrübələri olduğuna görə dəvət edib fikirlərini öyrəndik.
Bu ilki tədris ilində birinci kursda qış imtahan sessiyasında sınaqlar yeni üsulla aparılıb. Yenilik imtahan zamanı tələbəyə verilən vaxtda və sualların keyfiyyətində özünü göstərib. İmtahandan bir ay əvvəl sualların internetə yerləşdirilməsi tələbəyə öz üzərində işləmək, hazırlıq səviyyəsini yüksəltmək imkanı verir. Müşahidələr göstərir ki, tələbələr hər dəfə daha çox bal toplayırlar. Deməli, tələbə hər dəfə daha yaxşı hazırlaşır və öz üzərində daha çox işləyir.
-Universitetin özəyini peşəkar kollektiv təşkil edir. Müəllim heyətinin ixtisasını artırmaq üçün hansı addımlar atılır?
-Tamamilə doğrudur, peşəkar kollektiv hər bir ali təhsil ocağının əsasıdır. Əvvəla, son bir ildə professor məsləhətçi vəzifəsini təsis etdik. Hər bir kollektivdə olduğu kimi, Tibb Universitetində də böyük təcrübəyə malik mütəxəssis və müəllimlər var. Əlbəttə ki, təhsil ocağının “qızıl fond”unu təşkil edən həmin kadrların təcrübəsindən lazımınca istifadə etməliyik. Eyni zamanda elm və səhiyyənın daim inkişaf etdiyini də unutmaq olmaz. Xaricdə təhsil alan, orada təcrübə keçən, müxtəlif dillər bilən həkim və gənc tibbi kadrlardan da müəllim kimi istifadə etməliyik. Ona görə də professor məsləhətçisi vəzifəsinin təsis edilməsi ilə həm yaşlı kadrların sosial statusunu və kafedradakı yerini qoruya bildik, həm də gənc kadrlara yol açmış olduq.
Digər tərəfdən, müəllim həmişə öz üzərində işləməlidir. Bəzən elə müəllimlər olur ki, 30 il əvvəl auditoriyada oxuduğu mühazirəni yenə oxuyur. İndi artıq hər kəsin internetə çıxışı var, tələbələr hər şeydən məlumatlıdırlar. Buna görə də bu il müəllimlərin biliklərini yoxlamaq üçün reytinq bal şkalası üzrə xüsusi komissiya yaratdıq. Həmin şkalada müəyyən bəndlər tələbənin müəllim haqqında fikrini ifadə edir. Ola bilər ki, müəllim mütəxəssis kimi güclü, pedaqoq kimi zəif olsun və həmin şkalada onların hamısı öz əksini tapır.
Bir neçə ay bundan əvvəl ilk olaraq innovasiya şöbəsinin nəzdində yeni yaradılan “Təhsilin keyfiyyətinin təminatı və innovasiya” bölməsi müəllimlərin necə dərs apardıqlarını yoxlayacaq. Universitetdə xaricdə təhsil alan və Avropa tədris sisteminə yiyələnən mütəxəssislər var. Həmin kadrlarla görüşərək onların tədris prosesinə qatılmasının tərəfdarı olduğumu bildirmişəm. Artıq beynəlxalq əlaqələrimizdən də istifadə etməyə başlamışıq. İnanıram ki, bunların hər biri işə öz müsbət nəticəsini verəcək.
-Tələbələrin rəyini öyrənmək üçün xüsusi görüşlər keçirirsiniz…
-Onların istəklərinin böyük hissəsi keyfiyyətli tədrislə bağlıdır. Bəzi müəllimlərdən şikayət edir, dərsliklər və informasiya mənbələrinin qıtlığından gileylənir, tədris proqramının digər ölkələrin proqramlarından fərqli olduğunu deyirlər. Həmin məsələlərdən bir çoxu təhsilini xaricdə davam etdirmək istəyən tələbələr üçün çətinlik yaradır. Bəzi tələbələr praktiki məşğələlərin azlığından şikayətlənir, klinikaya müəyyən patologiyalar üzrə xəstələr daxil olmadığından həmin xəstəliyin gedişini əyani müşahidə edə bilmirlər. Az da olsa sosial xarakterli şikayətlər də olur.
-Tibb Universitetində elmi tədqiqatların aparılması üçün hansı şərait var və gənc alimlərdən nə gözləyirsiniz?
-Elm universitetin vacib tərkib hissəsidir, onsuz keyfiyyətli təhsildən danışmağa dəyməz. Elmi Şurada səslənən son hesabata əsaslanıb deyə bilərəm ki, elmi işlərin yüksək səviyyədə araşdırılması üçün kifayət qədər şərait var. Başqa heç yerdə olmayan elektron mikroskop bizim universitetdə var. Müxtəlif sahələr üzrə araşdırma aparmağa imkan verən laboratoriyalar və elmi tədqiqat mərkəzi var.
Hazırda əsas hədəfimiz bir sıra xarici universitetlərlə qarşılıqlı elmi işlər aparmaqdır. Bunun üçün onlardan bəziləri ilə qarşılıqlı əməkdaşlıq sazişləri bağlayırıq. Müraciətlərin sayının artması bizi sevindirir.
Rezident və gənc alimlərin konfranslarınn keçirilməsi gözəl ənənələrdən biridir. Bir neçə ay əvvəl Tələbə Elmi Cəmiyyətin konfransı keçirilib. Bir neçə gün əvvəl üç tələbəmiz Rusiyada keçirilən elmi festivalda uğurla iştirak ediblər və hətta birinci yerə çıxan da olub. Bununla belə hələ tələbələrin elmi tədqiqat sahəsində iştirakından tam razı qaldığımı deyə bilmərəm.
-Gəray müəllim, həkim-müəllim olmaq rahatdı, yoxsa rektor?
-Əlbəttə, həkim-müəllim olmaq daha asandır. Təbii ki, hər bir kəsdə hansısa bir sahəyə maraq, cəzbetmə qüvvəsi olur. Mən də həmin hissin təsiri ilə Tibb Universitetinə gəlmişəm. Uzun illər həkim və müəllim kimi fəaliyyət göstərmişəm, indi də kafedrada çalışmaqda davam edirəm və bu, rektor kimi üzərimdə olan məsulliyyətin öhdəsindən gəlməyə və emosional baxımdan bərpa olunmağa kömək edir.

ATU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər