Ayın məzunu: “UNEC Azərbaycan təhsilində əvəzsiz rol oynayır”

Ayın məzunu: “UNEC Azərbaycan təhsilində əvəzsiz rol oynayır” UNEC-də “Ayın məzunu” layihəsi davam edir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız.
Dekabr ayının məzununu qürurla təqdim edirik!
Rza Sadiq 1987-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Özəl Türk Liseyini bitirib. 2007-ci ilin qəbul imtahanlarında 671 bal toplayaraq prezident təqaüdçüsü kimi Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Universiteti Beynəlxalq İqtisadi Münasibətlər (Xüsusi İstedadlar Qrupu) ixtisası üzrə bitirdikdən sonra, 2008-ci ildə “IE Business School”da MBA təhsili alıb. R.Sadiq 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşunaslıq ixtisasına sahib olub. Elmi fəaliyyətini davam etdirən UNEC məzunu 2017-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2010-cu ildən “Bank BTB”də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən bankın Müşahidə Şurasının sədri seçilib. O, həm də Rəssamlar İttifaqının üzvüdür.
Rza Sadiq uğur hekayəsini danışır:
Karyeramda ilk addımlarımı hələ universitetin II kursunda təhsil alarkən atmışam. O zamanlar öyrəndiklərimin tətbiqini müşahidə etdikcə məndə real həyatın ilk baxışdan nəzəriyyədən daha sadə olduğu təəssürratı yaranırdı. Lakin iş təcrübəsi topladıqca daha çox parametrlərin reallığı formalaşdırdığını anlayırsan və yenidən nəzəriyyəyə, təhsilə ehtiyac olduğu meydana çıxır.
Bugünkü fəaliyyətim böyük məsuliyyət və diqqət tələb edir. Öncə ona görə ki, hər gün qəbul etdiyim qərarlar bütün ictimaiyyətin gözü qarşısındadır və bəzən makro səviyyədə nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən isə bunun böyük üstünlüyü də var – daima inkişaf etməyə, yenilikləri öyrənməyə məcbursan.
Karyerama tələbə ikən başlamaq həm də o deməkdir ki, sən gələcəklə bağlı xəyal qurmağa vaxtın olmur. İndi düşünürəm ki, bəlkə də gələcəklə bağlı xəyallarım olsaydı mən daha da irəli getmiş olardım, yaxud da əksinə, kim bilir... Əslində həyatda hər şey mümkündür, bu, insanın özündən asılıdır. Oxumadan da mümkündür, amma bu zaman oxumağı hər hansı digər inkişaf forması ilə əvəz etmək lazımdır. Hələ ki, bəşəriyyət formasından asılı olmayaraq təhsil və yeni bilik və bacarıqlara yiyələnməkdən daha effektiv bir alternativ kəşf etməyib. İstənilən halda güclü akademik baza uğurun fundamental olması üçün əvəzsizdir.
UNEC-də keçirdiyim illər ərzində yiyələndiyim təhsil, səriştə və dəyərli insanlar məni bu gün də müşayiət edirlər. Bütün müəllimlərimə minnətdaram, hər dəfə rastlaşdıqda bunu onlara şəxsən deməkdən çəkinmirəm.
UNEC Azərbaycan təhsilində və ümumilikdə vətənimizin həyatında əvəzsiz rol oynayıb və bu gün də oynayır. Bu ali təhsil oağı ölkəmiz üçün bir çox görkəmli insanlar yetişdirib, bir çox yeni fikirlərin meydana çıxmasına şərait yaradıb və ümumilikdə hər dövr üçün gəncliyin, yəni gələcəyin formalaşması üçün böyük işlər görüb. Həmçinin UNEC böyük ənənəyə sahib olan bir universitetdir, arzu edirəm ki, bu mədəniyyət qorunub saxlanılsın, bunun üçün hər birimizin üzərinə yük düşür.
UNEC tələbələrini təbrik edirəm, çünki onlar təhsil almaq arzusundadırlar. Əminəm ki, bunun üçün UNEC onlara hər cür şərait yaradacaq. Eyni zamanda tələbələr tövsiyə edərdim ki, ayıq olsunlar, onların qarşısına çıxan şansları dəyərləndirsinlər, hər açılan imkan böyük bir həyat yoludur. Sadəcə təhsil almaqla kifayətlənmək olmaz, insan hərtərəfli inkişaf etməli, bu zaman aldığın təhsilin də effekti bir başqa olur.
Sentyabr ayının məzunu - Aydın Quliyev: “Dünyada 100 nəfərdən biri olacağımı planlaşdırmırdım”
Oktyabr ayının məzunu – Həsən Quliyev: “Universitetin qazandırdığı vizyon karyeramda uğurlara yol açdı”

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər