SKYON Capital Limited şirkəti 1 kVt-dan 200 kVt-a qədər gücə malik lazer sistemlərinin ixracına başlamağa hazır olduğunu açıqlayıb.
Şirkətin təqdim etdiyi komplekslər 1–20 kilometr məsafədə hədəfləri zərərsizləşdirmək imkanına malikdir və əsasən aşağı hündürlükdə uçan PUA-lara qarşı nəzərdə tutulub. Bildirilir ki, bu sistemlər FPV-dronlar, kəşfiyyat aparatları və kamikadze sursatlara qarşı effektiv işləyir.
Xüsusilə vurğulanır ki, 32 kVt gücündə qurğu FPV dronları 4 kilometr məsafədə, daha iri hədəfləri – o cümlədən LUCAS drone tipli aparatları isə 3 kilometr məsafədə sıradan çıxara bilir.
Texnologiyanın əsasında lazer şüalarının birləşdirilməsi prinsipi dayanır. Bu yanaşma bir neçə optik kanalı vahid güclü şüaya çevirərək həm enerji ötürülməsini artırır, həm də atmosfer təsirlərinə davamlılığı yüksəldir.
Lazer silahlarının işləmə prinsipi isə fərqlidir – onlar hədəfi partlatmır, onun elektronikasını, batareyasını və ya konstruksiyasını yüksək temperaturla sıradan çıxarır.
Məlumata görə, sistemlər –20°C-dən +60°C-yə qədər temperatur şəraitində fəaliyyət göstərə bilir və eyni zamanda enerji yığımı ilə döyüş hazırlığını paralel saxlaya bilir.
Müasir münaqişələr göstərir ki, ucuz dronlara qarşı bahalı zenit raketlərindən istifadə getdikcə daha səmərəsiz olur. Bu səbəbdən hava hücumundan müdafiə sistemləri yeni – qarışıq modelə keçir. Bu modeldə radarlar, optik sistemlər, radioelektron mübarizə vasitələri ilə yanaşı, lazer kimi yönləndirilmiş enerji silahları da əsas elementə çevrilir.
Şirkət konkret müqavilələri açıqlamasa da, Yaxın Şərq ölkələri daxil olmaqla bir sıra xarici müştərilərin bu sistemlərə ciddi maraq göstərdiyini bildirir.
Tehsil-press.az








