Tbilisidə gənc azərbaycanlı alimin kitabının təqdimatı olub

Tbilisidə gənc azərbaycanlı alimin kitabının təqdimatı olub Tbilisidə iqtisadi inkişaf, xüsusən də xidmət sahələrində işin səmərəli təşkilindən bəhs edən “Müştəri loyallıq fazaları. Xidmətin bərpasından yaranan məmnunluq: Azərbaycan və Gürcüstan. Müqayisəli analiz” kitabının təqdimatı olub.
Kiitabın müəllifi azərbaycanlı gənc alim, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşı, Beynəlxalq Qafqaz Universitetinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevadır.
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirdə Gürcüstan parlamentinin deputatları, müxtəlif universitetlərin professor və müəllimləri, Azərbaycan səfirliyinin məsul əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar, elm adamları iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva çıxış edərək A.İsayevanın elmi araşdırmalarından danışıb, onun məqalələrinin dünyanın bir çox nüfuzlu qəzet və jurnallarında dərc olunduğunu diqqətə çatdırıb.
Beynəlxalq Qara Dəniz və Beynəlxalq Qafqaz universitetlərinin professoru Kaxaber Cakeli bildirib ki, kitabda dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda və Gürcüstanda iqtisadi inkişafın perspektivləri, iqtisadiyyatın ayrı-ayrı sahələrində, o cümlədən xidmət sferasında müştərilərə xidmət işinin təşkili müqayisəli təhlil olunub.
Azərbaycan səfirliyinin məsul əməkdaşı Vüqar Mustafayev və digər çıxış edənlər müəllifin iqtisadiyyatla bağlı müxtəlif mətbu orqanlarında dərc olunmuş monoqrafiya və məqalələrindən danışıb, kitabda xidmət sferasının təşkilinin aspektlərini şərh ediblər.
Kitabın iqtisadiyyat üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün faydalı mənbə olduğu bildirilib.
A.İsayeva çıxış edərək elmi yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
İngilis dilində nəşr olunmuş kitabın Azərbaycan, Gürcüstan və digər ölkələrin ali təhsil məktəblərinə paylanacağı bildirilib.

Kəmalə Rəhimli


Tbilisidə gənc azərbaycanlı alimin kitabının təqdimatı olub

Oxşar xəbərlər