Əlyazmalar İnstitutunda “Mirzə Ağadadaş Müniri. Əsərlər” kitabının təqdimatı olub

Əlyazmalar İnstitutunda “Mirzə Ağadadaş Müniri. Əsərlər” kitabının təqdimatı olub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIX-XX əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin 155 illik yubileyi ilə əlaqədar nəşr edilən “Mirzə Ağadadaş Müniri. Əsərlər” kitabının təqdimatı olub.
Bu qurumun direktorunun elmi işlər üzrə müavini Paşa Kərimov şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, Mirzə Ağadadaş Münirinin yubileyi ərəfəsində belə bir kitabın işıq üzü görməsini onun xatirəsinə yüksək ehtiram əlaməti kimi dəyərləndirib.
Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə Mirzə Ağadadaş Münirinin öz dövründə tanınmış qələm sahibi olduğunu, ötən əsrin əvvəllərində onun “Bahar ağlayışı” kitabının nəşr edildiyini bildirib. Ə.Nəcəfzadə “Mirzə Ağadadaş Müniri. Əsərlər” kitabının ərsəyə gəlməsi prosesindən danışıb. O, Ağadadaş Müniri irsinin tanınmış tədqiqatçısı, nəşrin tərtibçisi və “Ön söz”ünün müəllifi Sona Xəyalın kitabla bağlı gərgin əməyi barədə məlumat verib.
Çıxış edənlər şairin Əlyazmalar İnstitutunda saxlanılan şeirləri, publisistik məqalələri, nəsil şəcərəsi barədə danışıblar. Kitabin tərtibçisi, institutun böyük elmi işçisi Sonaxanım Hadiyeva (Xəyal) Mirzə Ağadadaş Müniri ilə bağlı uzun illərdən bəri tədqiqat apardığını, müxtəlif qəzet və jurnallarda onun haqqında silsilə məqalələr çap etdirdiyini bildirib. O, şairlə bağlı tədqiqatlarını gələcəkdə də davam etdirəcəyini deyib.
Şairin ailə üzvləri və həmyerliləri təqdimata görə Əlyazmalar İnstitutunun rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Kəmalə Rəhimli


Əlyazmalar İnstitutunda “Mirzə Ağadadaş Müniri. Əsərlər” kitabının təqdimatı olub

Oxşar xəbərlər