Dövlət İmtahan Mərkəzinin regional bölmələrində “Abituriyent məsləhət mərkəzləri” yaradılıb

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində “Abituriyent məsləhət mərkəzləri” yaradılıb Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri” yaradılıb.
Məsləhət mərkəzlərində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərilir.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək DİM-in Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan və Bərdə regional bölmələrində fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Daha ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.
Xatırladaq ki, Bakıda “Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində yaradılıb və həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Növbəti “Abituriyent Məsləhət Mərkəzi” isə Qərbi Kaspi Universitetində yaradılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər