Ali Attestasiya Komissiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən konfrans keçirilib

Ali Attestasiya Komissiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən konfrans keçirilib Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən konfrans keçirilib. Bu barədə AZƏRTAC-a AAK-dan məlumat verilib.
Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri əvəzi, AAK sədrinin müavini Vəli Hüseynov bildirib ki, Azərbaycan xalqı bəşər tarixinə bir çox tarixi şəxsiyyətlər, parlaq simalar və mütəfəkkirlər bəxş edib. Ümummilli lider Heydər Əliyev dühasının Azərbaycan xalqının tarixində və taleyində oynadığı rol öz müstəsna əhəmiyyəti ilə xüsusi olaraq seçilir. Ulu öndər Heydər Əliyev nəinki Azərbaycan xalqının, həm də bir çox dünya xalqlarının, o cümlədən türk xalqlarının müqəddəratı və taleyində mühüm rol oynayıb və beləliklə, millilikdən bəşəriliyə qədər yüksələrək dahilik zirvəsinə çatıb.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi 34 ilin 10 ilini müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərib. Dahi Heydər Əliyev hər zaman Azərbaycan xalqını bütün varlığı ilə sevib, xalqımızın parlaq gələcəyi, dövlətçiliyimizin güclənməsi və Azərbaycan Respublikasının iqtisadi, siyasi və mənəvi inkişafı naminə misilsiz xidmətlər göstərib. Ulu Öndər hər zaman taleyüklü məsələləri həll edərkən xalqa arxalanıb, güc və dəstəyi öz xalqından alıb.
Müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik olan ulu öndər Heydər Əliyevin adı müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi tarixə daxil olub. Bilavasitə ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət qurulub və vətəndaş cəmiyyəti təşəkkül tapıb. Ölkəmizin əsas qanunu olan Konstitusiyamızın qəbul edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf sahəsində qazanılmış nailiyyətlər Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da yüksək səviyyədə təmin etməyə, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və bütövlükdə ölkəmizin və xalqımızın yeni inkişaf mərhələsinə qədəm qoymasına xidmət edir.
Tədbirdə AAK-ın şöbə müdirləri Rafail Əhmədlinin və Arif Ələkbərovun, Yeni Azərbaycan Partiyası Səbail rayonu “Ekspertlər” ərazi ilk partiya təşkilatının sədri Orxan Ağayevin ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı məruzələri dinlənilib. Sonra məruzələr ətrafında çıxışlar edilib.

Tehsil-press.az

Oxşar xəbərlər