Hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevə borcludur

Hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevə borcludur Bu gün müstəqil, qüdrətli və çiçəklənən Azərbaycanın mövcudluğu üçün hər bir vətəndaşımız ulu öndər Heydər Əliyevə borcludur.

Tehsil-press.az xəbər verir ki, bu fikirlər mayın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən tədbirdə səslənib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun həyat yolundan, tarixi xidmətlərindən danışıb. O, Azərbaycanın siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs edib.
Fövqəladə hallar naziri bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə ölkədəki ictimai-siyasi xaos və iqtisadi böhrana son qoyaraq vətəndaş qarşıdurmasının, dövlətimizin məhv olmaq təhlükəsinin qarşısını alıb. Məhz xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və titanik fəaliyyəti nəticəsində ölkə həyatının bütün sahələrinə nüfuz etmiş dərin böhran aradan qaldırılıb, milli mənəvi həmrəylik və ictimai-siyasi sabitlik təmin edilib, demokratik institutlar bərqərar olub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayan ümummilli lider Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti nəticəsində dövlətimiz daha da güclənib. Dahi rəhbərin yürütdüyü müdrik siyasət, həyata keçirdiyi məqsədyönlü, irimiqyaslı islahatlar nəticəsində ərazi bütövlüyümüzü qorumağa qadir qüdrətli Ordu yaradılıb, əhalinin rifahı yaxşılaşıb, ölkə iqtisadiyyatı inkişaf edib. Unudulmaz liderin çevik diplomatik fəaliyyəti nəticəsində ölkəmiz beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilib.
Nazir qeyd edib ki, Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev də məhz Ulu Öndərin siyasi xəttini uğurla həyata keçirərək respublikamızı regionun lider ölkəsinə çevirib, beynəlxalq nüfuza malik dövlət formalaşdırıb. Erməni silahlı qüvvələri ilə təmas xəttindəki son hadisələr göstərdi ki, Azərbaycan Respublikasının Ali Baş Komandanın hər bir əmrinə hazır olan və böyük ruh yüksəkliyinə malik güclü Ordusu var.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müasir və qüdrətli Azərbaycan dövlətinin qurucusu və banisi olan Ulu Öndərin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb.
Mərasimə yekun vuran fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasətinin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Ümummilli Liderimizin qurucusu olduğu müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələri və bütövlükdə Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə yaşayır və uğurla davam etdirilir.


Tehsil-press.az

Oxşar xəbərlər