Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Azərbaycanın və Gürcüstanın təhsil qurumları, elmi araşdırma mərkəzləri və universitetləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar yaradır.
Bu fikir Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Tbilisidə Gürcüstanın elm və təhsil nazirinin vəzifələrini icra edən Mixeil Çxenkeli ilə görüşündə səslənib.
Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq, gənclər siyasəti, kadr hazırlığı və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Fuad Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla əlaqələrin bütün istiqamətlərdə, eləcə də elm və təhsil sahəsində inkişafına böyük önəm verir.
Komitə sədri vurğulayıb ki, bu gün Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Onlar bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdırlar. Onlar bu dövlətin güclənməsində, inkişafında, inteqrasiyasında mühüm rol oynayırlar. Lakin bəzi sahələrdə müəyyən problemlər hələ də qalmaqdadır.
Mixeil Çxenkeli bildirib ki, Gürcüstan hökuməti bütün milli azlıqların, eləcə də azərbaycanlıların normal təhsil almaları üçün hər cür şərait yaradıb. Ölkədə yeni tətbiq olunan 4+1 təhsil proqramı milli azlıqların inteqrasiyası ilə yanaşı, dövlət dilini öyrənmələrinə geniş imkanlar açır. Azərbaycan dilində olan məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də tədbirlər görülür.
Hər iki ölkənin dövlət və özəl universitetlərində Azərbaycan və gürcü dillərini bilən kadrların hazırlanması, tələbə mübadiləsi, professor, müəllim və tələbələrin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Hikmət Əliyev

Oxşar xəbərlər