Sərgidə Azərbaycanın təbiəti, tarixi məkanları, milli-mənəvi dəyərləri, sadə insanların həyatı, adət-ənənələri və milli kimliyi əks etdirən əsərlər nümayiş olunub. Ekspozisiya rəssamın uzun illərə söykənən yaradıcılıq yolunu və Azərbaycan mövzusuna olan dərin bağlılığını dolğun şəkildə təqdim edir.
Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qeyd edib ki, təqdim olunan əsərlərdə milli-mədəni ənənələr müasir bədii ifadə vasitələri ilə ustalıqla sintez olunur. Onun sözlərinə görə, Əşrəf Heybətovun yaradıcılığında rəng, yaddaş və milli kimlik əsas bədii məfhumlar kimi çıxış edir, tablolar isə Azərbaycanı təkcə coğrafi məkan deyil, həm də mənəvi yaddaş və mənsubiyyət məkanı kimi təqdim edir. Landşaftlar və insan obrazları daha çox emosional və fəlsəfi yozum formasında ifadə olunur.
Xalq rəssamı Əşrəf Heybətov çıxışında bildirib ki, Azərbaycana aid mövzular onun yaradıcılığının əsas qayəsini təşkil edir. Son illərdə isə bu xətti genişləndirərək ümumtürk dünyasına həsr olunmuş silsilə əsərlər üzərində çalışır. Vyanada ikinci dəfə əsərlərini nümayiş etdirən rəssam yubileyi münasibətilə təşkil olunan sərgiyə görə təşəkkürünü bildirib.
Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin rektoru ilə Xalq rəssamı Əşrəf Heybətov arasında görüş də baş tutub. Görüş zamanı rəssam BDU-ya dəvət edilib, universitetdə tələbələr və gənc tədqiqatçılar üçün yaradıcılıq görüşlərinin, sərgi və ustad dərslərinin təşkili, eləcə də incəsənət və mədəni irs sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Bu cür təşəbbüslərin gənclərin estetik dünyagörüşünün formalaşmasına və milli-mədəni dəyərlərin akademik mühitdə təbliğinə mühüm töhfə verəcəyi vurğulanıb.
Qeyd edək ki, Əşrəf Heybətov incəsənət sahəsindəki xidmətlərinə görə bir sıra milli və beynəlxalq mükafatlarla təltif olunub. O, Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına, UNESCO Rəssamlar Federasiyasının üzvlüyünə, eləcə də “Sülh səfiri” beynəlxalq diplomuna layiq görülüb. Rəssam Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü olmaqla yanaşı, Azərbaycan–Almaniya Dostluq Cəmiyyəti, Alman Rəssamlar Birliyi kimi beynəlxalq təşkilatların üzvüdür.
Tehsil-press.az











