- Salam Fazil bəy, necəsiniz?
- Sağ olun, şükürlü insan olaraq ancaq yaxşılıqdan və gözəllikdən danışa bilərəm.
- Orta təhsil aldığınız məktəblə bağlı hansı xatirələr yadınızda qalıb. O illəri tez-tezmi xatırlayırsınız?
- Əlbəttə, bu ömür yolumuzun ən maraqlı və duyğusal anlarıdır. İlk əlifba hərfi, ilk 5 və 2 qiymətlər, ilk sevgilər, ilk dostluqlar və ən əsası da müəllimlər və sinif yoldaşları. Ara-sıra öz müəllimlərimlə, sinif yoldaşlarımla o keçmiş günləri xatırlayarkən ən çox üzərində durduğumuz xatirə mənim son zəng günündə bütün sinif yoldaşlarıma ayrı-ayrılıqda yazdığım bir bəndlik həcv olur. Şeir yazmaq qabiliyyətimi nəzərə alaraq sinif yoldaşlarım hər biri haqqında bir bənd yazmamı istədilər, mən də yazdım. Hər birinin xarakterini əks etdirməyim və özümü də obyekt olaraq vurğulamağım hamıda xoş təəsürat yaratmışdı.
- Bu gün cəmiyyətimizdə müəllimlərin yeri və rolu sizi qane edirmi?
- Hər məsələni zamana görə dəyərləndirməmiz lazımdır. O dövrün qapalı cəmiyyəti ilə indiki informasiya cəmiyyəti çox-çox fərqlidir. O zaman müəllimlər də, şagirdlər də sovet dövrünün standartlarına tabe durumda idi və fikir azadlığı qapadılmışdı. İndi daha geniş düşüncə diapazonuna sahib bir cəmiyyətdəyik, ancaq fikir qıtlığı əvvəlkindən daha bariz görünür. Lakin müstəqillik dövründə müəllimi üstün savada malik insan kimi yetişdirmə mexanizmini təhsil sistemində qura bilmədik. Bu isə müəllim nüfuzunu ucada tutmağa imkan vermədi. İş adamı, pul və ya vəzifə sahibi olanların zirvəsinin yanında müəllim təpəsinə boylanmaq insanlara maraqlı görünmədi. Ancaq biz hökmən bunun acısını uzun illər çəkməli olacağıq. Müəllimliyin peşə şərəfini ucaltmağa çalışmaq bütün cəmiyyət üzvlərinin öhdəliyi olmalıdır.
- Azərbaycan təhsilinin hazırkı durumunu müasir dünya təhsili ilə müqayisədə qənaətbəxş hesab etmək olarmı?
- Əlbəttə, bu müqayisə ciddi səslənməz. Çünki biz hələ təhsilin məqsədinin nə olduğunu və nəticə olaraq hansı məhsulu ortaya qoyacağımızı lazımınca dərk etməyən cəmiyyətik. İlk növbədə məktəbəqədər təhsili və orta təhsili ciddiləşdirməli, nizam-intizamı statistika naminə deyil, özümüzə doğru hesabat verərək etməliyik. Universitet muxtariyyətini və fikir plüralizmini genişlətməliyik ki, elmi düşüncə sərbəstliyi yayğınlaşsın. Xaricdə keyfiyyətli təhsil alıb geri dönənlərə biganəliyə son qoymalıyıq, o halda nələrisə irəli aparmaq mümkündür.
- Siz ixtisasca hüquqşünassınız. Poeziya, bütövlükdə isə ədəbi-bədii yaradıcılıq ruhunuzdadır. Bu iki sahəni biri-biriylə necə uzlaşdıra bilirsiniz?
- Əsl həqiqətdə hüquq mənim üçün təsadüfi seçilmiş peşədir. Ədəbiyyat ixtisası üzrə iki il universitetin o zamankı tapşırıq və rüşvət mexanizmini aşa bilmədim. Mənim kimi döyüşkən adam bir çox hallarda vicdansız müəllimlərlə döyüşməkdən usandı. Hər dəfə süni şəkildə cüzi bir fərqlə müsabiqədən keçə bilmədim. İki illik cəhddən sonra bir az da küskün durumda hərbi xidmətə yola düşdüm və dönüşdən sonra sənədlərimi filologiyaya vermək istəmədim və növbə olmayan hüquq fakultəsinə təqdim etdim və yenə də dava-dalaşla da olsa bu baryeri aşa bildim. Və oldum zorən hüquqşünas. Ancaq çalışdım ki, yaxşı oxuyam və maraqlıdır ki, hüquq sahəsinin konkret istiqaməti məni illərdir bağlı olduğum şeir mühitindən uzaqlaşdırdı. Həm də artıq peşəkar siyasətin içində duyğusallaşmadan uzaq durmaq bəlkə də ən uyğun seçim idi. Demək ki, uzlaşdıra bilmədim bu iki istiqaməti. Bununla belə, mütaliə, kitab sevgim və anlayışım qətiyyən azalmadı.
- Bir qədər də ictimai-siyasi fəaliyyətiniz haqqında... Milli Azadlıq Hərəkatının liderlərindən biri olaraq xatirənizdə qalan hansı vacib məqamları qəzetimizin oxucuları ilə bölüşmək istərdiniz?
- Milli-azadlıq hərəkatında yaşına görə bəlkə də ən stajlılardan biri sayıla bilərəm. Yəni pensiya kapitalım yetərincə doludur. 1981-ci ildə orta məktəbin 9-cu sinfində oxuyandan Naxçıvanda fəaliyyət göstərən sovet rejimi əleyhinə qruplarda ciddi işlər görməyə başlamışdım. Özümdən ən azı 10-15 yaş böyük və ali təhsilli insanlarla müzakirələrə qatılmaqdan çəkinmirdim. Əbülfəz Elçibəylə də elə həmin il tanış oldum və bir neçə saatlıq söhbətləşmədən sonra dostluğumuzun əsası qoyuldu. Bəlkə də Əbülfəz bəyin mənə ciddi yanaşması bu yolda davamlı mövqe tutmağıma başlıca səbəb oldu. Universitetə qəbul olandan sonra bir çox birliklərin yaradıcıları sırasında yer aldım. “Yurd” birliyi, “Çənlibel” birliyi, AXC Hüquq fakultəsindəki dayaq dəstəsi, Şimali Azərbaycan Azad Tələbə İttifaqı kimi birliklərin rəhbərliyində təmsil olundum. 1988-ci il Meydan hərəkatının ilk mitinqində 4 bənddən ibarət tələbləri mən oxudum. 1989-cu ilin dekabr ayında Sov.İKP biletini meydanda xüsusi bəyanatla çıxış edərək yandırdım. Hüquq fakultəsinin 3-cü kurs tələbəsi idim o zaman. 20 yanvar hadisələrində ən gərgin məkanlarda hansı cəsur işlər gördüyümüzü dostlar yəqin ki, xatırlayar. Ən maraqlısı isə 1992-ci ildə həm mart ayının 7-də, həm də may ayının 14-də Xalq Cəbhəsinin bəyanatlarını hazırlamağım oldu.
- Siz həm də fəallığı ilə seçilən bir millət vəkili, nüfuzlu partiya başqanısınız. Gələcəkdə hər hansı bir sahədə karyera qurmaq istəyən şagirdlərimizə, tələbə-gənclərimizə hansı faydalı məsləhətləri vermək istəyərdiniz?
- Mən məsləhət verməyi doğru saymıram. Hər kəsin özünəməxsus davranış stereotipi və enerjisi var. Həyatın hər məqamı ayrılıqda bir məktəbdir. Sadəcə oxuyursan, öyrənirsən, hazırlıqlı olursan, sonda həyatın dalğası səni itələyib ehtiyac duyulan bir yerlərə gətirəcək. Sadəcə oxuyub-öyrənməkdən usanmamaq vacib şərtdir.
- Bir vacib məsələ ilə də bağlı fikir bildirməyinizi istərdim. Hazırda ölkə üzrə 600-dən çox, Bakı şəhəri üzrə isə onlarla məktəbdə direktor vəzifəsi boşdur. Elm və Təhsil Nazirliyi isə hələ də bu boşluğu operativ şəkildə doldurmaq üçün konkret addımlar atmır. Belə olan təqdirdə nümunəvi məktəbdən və keyfiyyətli təhsildən danışmaq olarmı?
- Bu məsələni Milli Məclisdə iki ay öncə gündəmə gətirmişdim. Sadəcə utancverici haldır. Məktəb necə direktorsuz ola bilər? Bu təhsilə edilən ən ciddi qəsdlərdən biridir. Sadə mexanizm müəyyənləşdirib layiqli insanları idarəetməyə gətirmək lazımdır. Təəssüf ki, ardı -arası kəsilməyən imtahan, müsabiqə və setifikasiya oyunbazlıqları ilə təhsilin bərbad vəziyyətə salınması insanın ürəyini sızladır və durumu dəyişmək üçün cəhdlərimiz səmərəsiz qalır.
- Artıq bir neçə ildir ki, davam edən müəllimlərin biliyinin qiymətləndirilməsi (sertifikasiya) prosesi cəmiyyətimizin ayrı-ayrı təbəqələri arasında fikir müxtəlifliyinə səbəb olub. Sizin fikrinizcə bu proses hazırda “Ən yaxşı müəllim”in aşkar edilməsində yetərlidirmi və özünü doğrulda bilərmi?
- Bu özünü inanmıram ki, doğrultsun. Yaxşı müəllimi yalnız testlə seçmək olmaz, ağılla seçmək mexanizmi tapılmalıdır. İlk növbədə müəllimi yaşayış yerinə yaxın yerə təyin etməlisən ki, tıxacda vaxt itkisi yaşamasın. İkincisi təcrübə amilinə xüsusi diqqət yetirməlisən. Ən vacibi də məktəb kollektivinə yerində və zamanında problemləri çözməyə səlahiyyət tanımalısan. Pedoqoji təcrübəsi olmayan şəxsləri menecment adı altında pərdələyərək sistemə doldurmamalısan. Ən yaxşı müəllim cəmiyyətə örnək ola biləcək insanlar olmalıdır.
- Hazırda təhsil sahəsindəki qabarıq problemlərdən biri də repititorluğun ölkə boyunca kütləvi hal alaraq məktəbi üstələməsidir. Yəni şagird dərs zamanı məktəbin yanından ötərək repititor yanına gedir. Fikrinizcə bu problemin kökü haradan qaynaqlanır və həlli yollarını necə tapmaq olardı?
- Repitirorluq cəmiyyətin yanlış olaraq ali məktəbə qəbul modası üzərindən imkan tanıdığımız bir fəaliyyət sahəsidir. Keçici informasiya baqajı yaradır, artıq ali məktəbə qəbul olduqdan sonra biliyin üzərindən rahatlıqla adlayıb keçirsən. Məktəb axı yalnız testə hazırlaşmaq yeri deyil, təlim-tərbiyənin bir-birini tamamladığı və tarazladığı yerdir. Repitirorluq yalnız müəllim və şagirdin maddi və başqa bəhanələrə əsas vermədən məktəbə bağlı olmasından sonra zəifləyə bilər.
- Ulu tanrı hər insana bir tale qisməti, bir ömür payı bəxş edir. Yəqin sizin də ömür adlı həyat yolunuzun daşlı - kəsəkli keçidləri olub. Ümumiyyətlə taleyinizdən razısınızmı?
- Tale ilə razı olmaq, yaxud taledən narazı olmaq hər zaman yayınmağa çalışdığım sualdır. Mən insanam və öz insanlıq missiyam var. Düşündürən sual əslində budur: Taleni yazan, müəyyənləşdirən Yaradan mənim mövcudluğumdan razıdırmı? Yaradanın rizasını qazanmaq insan üçün istisnasız olaraq ən böyük hədəf sayıla bilər. Ancaq bunun cavabını yəqin ki, bəni-adəm olaraq haçansa bilməyəcəyik.
- Son olaraq “Müəllim sözü” qəzetinin oxucularına nə demək istərdiniz?
- Müəllim sözü müəllimin özünü doğru tanıtımından başlar. Öyrənməkdən və öyrətməkdən dəyərli hərəkət yoxdur yer üzündə. Müəllim bu hərəkətin hər iki qütbündə yerini qazanmış bir şəxsiyyətdir. “Müəllim sözü” qəzeti bizə müəllim sözünü dinləməyi tövsiyə edir. Allah sözünüzə qüvvət versin.
VAHİD ASLAN
Tehsil-press.az











