700 bal toplayan qızla siz də tanış olun!

700 bal toplayan qızla siz də tanış olun! Hər il olduğu kimi, bu il də 700 bal toplamış və “tələbə” adını qazanmış növbəti qəhrəmanla sizi tanış edirik.
Dövlət İmtahan Mərkəzi tərəfindən 18 iyul 2018-ci il tarixində keçirilən IV ixtisas qrupu üzrə imtahanda iştirak edərək 700 bal toplayan dörd abituriyentdən biri də Nərmin Balakişiyeva olmuşdur. Qəbul imtahanı üzrə ən yüksək nəticəni əldə etmiş Nərmin Azərbaycan Tibb Universitetində arzusunda olduğu müalicə işi fakültəsi üzrə təhsil almağı planlaşdırır.
1-ci sinifdən öz çalışqanlığı ilə seçilən Nərmin hər keçən tədris ilində səylərini və zəhmətini daha da artırmış, hədəfinə çatmaq üçün mümkün bütün yolları nəzərdən keçirmişdir. 29 saylı məktəbin şagirdi olan Balakişiyeva, son iki ildə Kaspi Abituriyent kurslarında IV qrup üzrə təşkil olunan əlavə hazırlıqlara qoşulmuşdur. Kaspi Abutiruriyent kurslarının Əhmədli filialında təhsil alan Nərmin, imtahana hazırlaşma metodundan bəhs edərkən qeyd edir ki, o, nəinki, müəllimlərin verdiyi tapşırıqları vaxtında yerinə yetirirmiş, davamlı olaraq kursda təşkil olunan mövzu və ümumi sınaqlarda iştirak edir, öz səhvləri üzərində müəllimləri ilə birgə müzakirələr aparırmış. O, hesab edir ki, imtahana hazırlaşarkən əsas məsələlərdən biri də özünəinamlı olmaq və sistemli çalışmaqdır. Belə ki, uğurun yarısı onun müəllimləri və kursun metodikasından asılı idisə, yarısı da özünün qətiyyətli və səbatlı olmasından asılı olub.
Uşaqlıqdan həkim olmaq istəyən Nərminin arzusu ölkədə yaxşı həkim kimi fəaliyyət göstərmək və insanlara ən yüksək şəkildə xidmət göstərə bilməkdir. “Bu gün ölkəmizdə insanlar tibbi xidmət üçün xaricə daha çox üz tuturlar, mənim arzum isə yaxşı həkim kimi yetişmək və az da olsa insanlarımızın tibbi ehtiyaclarını qarşılaya bilməkdir” – deyə, tələbə qız qeyd edib.
Biz də öz növbəmizdə Nərmini və onun simasında digər “tələbə” adını qazanmış bütün abituriyentləri təbrik edirik!

Mətbuat Xidməti

Oxşar xəbərlər