UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb

UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (CFA) akkreditasiyasını qazanıb və institut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) maliyyə ixtisasının CFA proqramının tələb etdiyi biliklər məcmusunu əks etdirdiyi, CFA İnstitutunun etik qaydalar və peşəkar davranış standartlarının tələblərinə cavab verdiyi və ISE-nin tədris proqramının tələbələri Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib. UNEC CFA İnstitutun tərəfdaşı kimi öz tələbələri üçün hər il CFA proqramı təqaüdlərini də əldə edəcək.
Qeyd edək ki, UNEC CFA akkreditasiyasından keçən yeganə Azərbaycan universitetidir. Universitetlərin siyahısını https://www.cfainstitute.org/en/about/universities/university-affiliation#first=10 linkindən əldə etmək mümkündür.
CFA proqramı (cfainstitute.org) maliyyə analitikləri, portfel menecerləri, investisiya məsləhətçiləri və dünyada mövcud olan digər investisiya mütəxəssisləri üçün bacarıq və səriştə standartlarını və tələbləri təyin edir. CFA kvalifikasiyası investisiya peşəsinə verilən ən nüfuzlu və etibarlı sertifikat kimi qəbul edilib. İngilis dilində həyata keçirilən CFA tədris proqramı və imtahanlar bütün dünyada eynidir. Qəbul olunan beş namizəddən biri proqramı müvəffəqiyyətlə tamamlayaraq investisiya üzrə peşəkarların “qızıl standart” kimi qəbul edilən nüfuzlu CFA tam üzvlüyünü qazanmağa müvəffəq olur.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər