ADNSU-da “Bilik günü” münasibətilə tədbir keçirilib

ADNSU-da “Bilik günü” münasibətilə tədbir keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018/2019-cu tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili, ADNSU-nun professoru Hüseynbala Mirələmov, SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov, həmçinin universitetin professor və müəllim heyəti, eləcə də tələbələr iştirak edib.
“Bilik günü” münasibətilə tələbələri təbrik edən ADNSU-nun rektoru, professor M.Babanlı 2018/2019-cu tədris ilinin qəbul göstəricilərini açıqlayıb. Universitetin bakalavr səviyyəsinə 2866 nəfər, magistratura səviyyəsinə isə 601 nəfərin qəbul olunduğunu deyən rektor, professor Mustafa Babanlı kəmiyyətlə yanaşı keyfiyyətin də yüksəldiyini diqqətə çatdırıb. Ötən illərlə müqayisədə qəbulda orta bal göstəricisinin yüksələrək 447 bala çatdığını bildirən rektor M.Babanlı bu il ADNSU-ya qəbul olunan tələbələrdən 385-nin 600-dən yuxarı, 1082 nəfərinin isə 500-dən yuxarı bal topladığını qeyd edib. Rektor M.Babanlı ADNSU tələbəsi adını qazanmış gənclərə yüksək səviyyədə təhsilin verilməsinin qarşıda dayanan ən mühüm məsələ olduğunu qeyd edərək universitetdə bu istiqamətdə aparılan islahatlardan danışıb.
Sonra ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olunmuş I kurs bakalavr və magistrantlara tələbə biletləri və hədiyyələr təqdim edilib.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər