Ekspert: Rəsmi Vaşinqton Qarabağ probleminin həlli üçün yeni ideyalarla çıxış etməyə hazırlaşır

Ekspert: Rəsmi Vaşinqton Qarabağ probleminin həlli üçün yeni ideyalarla çıxış etməyə hazırlaşır Rəsmi Vaşinqton Qarabağ probleminin həlli üçün ABŞ, Rusiya, Azərbaycan və Ermənistanın baxışlarını ümumiləşdirən yeni ideyalarla çıxış etməyə hazırlaşır.
Siyasi ekspert Aydın Quliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini şərh edərkən deyib.
A.Quliyev qeyd edib ki, C.Boltonun Bakıda ilkin açıqlamaları onun regionumuza xüsusi və çoxşaxəli tapşırıqlarla gəldiyi barədə ekspertlərin qabaqcadan etdikləri mülahizələrə uyğun oldu: "Con Bolton bir daha təsdiqlədi ki, Birləşmiş Ştatların Qarabağ probleminin həlli üzrə prioritetləri dəyişməyib, ABŞ əvvəlki kimi problemin həlli prinsiplərinə sadiqdir və konfliktin davam etməsini regional və qlobal təsirlər baxımından təhlükəli sayır. Xüsusi diqqətçəkən məqam odur ki, Bolton bu bəyanatı bəzi amerikalı siyasətçilərin Azərbaycanın işğal edilmiş torpaqlarının mütləq qaytarılmalı olduğu barədə bəyanatlarından sonra səsləndirib. Basqa sözlə desək, Bolton Azərbaycan torpaqlarının işğalı faktından yaxşı xəbərdar olan ABŞ-ın ictimai və diplomatik rəyindən çıxış edir. Boltonun münaqişənin həlli prosesinə Azərbaycanın yanaşması ilə tanış olmaq məqsədini açıq deməsi onu göstərir ki, Paşinyanla da görüşdən sonra ABŞ-ın danışıqlar prosesini sürətləndirməklə bağlı yeni ideyaları olacaq. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir".
Ekspert vurğulayıb ki, terrorizm, insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ Azərbaycana regionda əvəzsiz partnyor kimi baxdığını C.Boltonun dili ilə bir daha bəyan etdi:
"Eyni mövqeni Bolton Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə də ifadə etdi. ABŞ diplomatı qlobal enerji təhlükəsizliyi sferasında Azərbaycanla strateji tərəfdaşlığın davam etdiriləcəyinə əlavə təminatlar verdi. İqtisadi və təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa strateji önəm verdiyini açıq və təkrarən bəyan edən ABŞ bu mənada Qarabağ münaqişəsinin nə qədər ziyanlı perspektivlər vəd etdiyinin fərqinə varmaya bilməz. Rəsmi Vaşinqton Qarabağ probleminin həlli üçün Birləşmiş Ştatlar, Rusiya, Azərbaycan və Ermənistanın baxışlarını ümumiləşdirən yeni ideyalarla çıxış etməyə hazırlaşır".
Baş redaktor bildirib ki, C.Boltonun Bakıdakı bəyanatları onun İrəvanda daha ünvanlı fikirlər səsləndirəcəyini deməyə əsas verir: "Təhlillərimizin ortaya qoyduğu məntiqi nəticələrdən biri də odur ki, onun Azərbaycan Prezidenti ilə bütün məsələlər ətrafında müzakirələri tam anlayışla keçib. Ermənistanın mövqeyi çox ziddiyyətli olduğu üçün Boltonun Paşinyanla müzakirələrinin Bakıdakı kimi rəvan gedəcəyini söyləmək çətindir".

Tehsil-press.az

Oxşar xəbərlər