Azərbaycan Universitetində elektron kitabxana istifadəyə verildi

Azərbaycan Universitetində elektron kitabxana istifadəyə verildi Azərbaycan Universitetində kitabxana xidmətlərinin veb mühitə daşınmasıyla, müasir standartlara cavab verən tam elektronlaşdırılmış kitabxana istifadəyə verilib. Elektron kitabxanaya dünyanın istənilən nöqtəsindən internet vasitəsi ilə çıxış mümkündür. Tələbələr bu gündən başlayaraq harada olduqlarından asılı olmayaraq rəqəmsal kitabxana xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər.
Elekton kitabxana portalının bu gün keçirilən təqdimatında universitetin müəllim-tələbə heyəti və inzibati işçiləri iştirak edib. Təqdimatı İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) proqramının regional nümayəndəsi Solmaz Osmanlı aparıb.
Tədbirdə qeyd olunub ki, elektron kitabxana veb üzərindən işləyir və bütün proseslər istifadə olunan proqram təminatı vasitəsilə tam avtomatlaşdırılıb. Universitetin saytına daxil olduqdan sonra “Elektron kitabxana” linkindən zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış olmaq, sorğulara kitabxanaçı - biblioqrafın köməkliyi olmadan məsafədən operativ cavab almaq mümkündür. Klassik kataloqlar elektron kataloqlarla əvəz olunub. Oxucular müxtəlif aspektli sorğular apara bilər, elektron kataloq vasitəsilə məsafədən sifariş verərək kitab hərəkətliliyini izləyə bilərlər.
Tədbirdə elektron kitabxanaya üzvlük və istifadə qaydaları da izah olunub. Bildirilib ki, müəllim və tələbələr, eləcə də universitet əməkdaşları kitabxanaya müraciət edərək istifadəçi adı və şifrə götürməklə elektron kitabxananın xidmətlərindən istifadə edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi


Oxşar xəbərlər