ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verilib

ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verilib Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Unibook (Elektron universitet) birinci kurs tələbələrinə təqdim olunub.
Bu ali məktəbin İnformasiya Texnologiyaları (İT) departamentinin direktoru Elnur Səfərli Unibook haqqında tələbələrə ətraflı məlumat verib. Sistemin iş prinsipi, daxili qaydaları və digər bölmələri tələbələrə izah olunub.
E.Səfərli qeyd edib ki, Unibook vasitəsilə tələbələr ayrı-ayrı tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemlərini özündə birləşdirən vahid bir informasiya mühitində istənilən fənn üzrə materiallar əldə edə, eləcə də hər bir müəllimin mühazirəsi və konspektləri ilə tanış ola bilərlər.
ADNSU-nun hər bir tələbəsinin fərdi qaydada portala giriş imkanına malik olduğunu vurğulayan E.Səfərli bunun üçün hər bir tələbənin xüsusi şifrəsi olduğunu və onların istədikləri zaman şifrələrini dəyişdirə və “Unibook”a daxil ola biləcəklərini deyib. Bildirilib ki, tələbələr Unibook vasitəsilə istədikləri məlumatı öyrənə, laborator işlərini apara, istənilən dərs tapşırıqlarını hazırlaya, bütün kafedralar haqqında məlumat ala və hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya bilərlər.
Tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, portalda universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdirilib. Dərslərin mövzusu müəllimlər tərəfindən doldurulur və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunur. Fənn proqramlarında isə keçilən fənlər və ballar yer alır.

Mətbuat Xidməti

Oxşar xəbərlər