Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzinin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb.
Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərəcək mərkəzin əsas məqsədi davamlı inkişaf sahəsi, xüsusilə dayanıqlı inkişaf məqsədləri mövzusu ətrafında gənclər arasında tədqiqat fəaliyyətinin təşviqi, ardıcıl və məqsədyönlü formada təşkili, idarə edilməsi və istiqamətləndirilməsi olacaq.
Rektor, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqindən danışıb. O, Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi strategiyanın əhəmiyyətindən söz açıb, dövlət siyasətinin yüksək peşəkarlıqla planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd edib. Akademik Azərbaycanın innovativ inkişafının əsası kimi insan potensialının formalaşdırılması, konsepsiyanın reallaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın milli və beynəlxalq səviyyələrdə fəaliyyətinin ölkənin innovativ tərəqqisinə mühüm töhfə olduğunu diqqətə çatdırıb. Rektor akademiyada açılacaq mərkəzin hazırda dünyada aparıcı mövzulardan biri olan davamlı inkişaf üzrə Azərbaycan gənclərinin bilik və bacarıqlarını artırmasına böyük töhfə verəcəyini vurğulayıb. Qeyd olunub ki, bu mərkəz gənclər üçün yeni tədqiqat imkanları yaradacaq, onları qlobal məqsədlərə dəstək olmağa ruhlandıracaq.
Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin sentyabr ayında BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda reallaşdırılmasından irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının səmərəli əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını xatırladıb. Qeyd olunub ki, 2030-cu ilədək icrası nəzərdə tutulan bu qlobal məqsədlər xüsusilə gənclər üçün böyük əhəmiyyət kəsb edir. Nazir bildirib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda gənclərin iştirakının təşviqi məqsədilə Gənclər və İdman Nazirliyinin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması çərçivəsində gənc səfirlər seçilib.
Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər