Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev: hakimiyyət və şəxsiyyət” mövzusunda telekonfrans keçirilib

Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev: hakimiyyət və şəxsiyyət” mövzusunda telekonfrans keçirilib Azərbaycanın Qırğızıstandakı səfirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş online “dəyirmi masa” keçirilib.
Rektor, akademik Urxan Ələkbərov bu ali məktəbin nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndən telekörpü vasitəsilə Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev: hakimiyyət və şəxsiyyət” mövzusunda keçirilən “dəyirmi masa”nın işinə qatılıb. “Dəyirmi masa”da Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Qırğızıstanın Dövlət İdarəçilik Akademiyasının rektoru Almaz Nasırov, Qırğızıstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri, Qırğızıstanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, tanınmış ziyalılar, görkəmli elm xadimləri, ictimaiyyətin nümayəndələri, diplomatlar iştirak ediblər.
Tədbirdə çıxış edən akademik U.Ələkbərov ümummilli liderin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən rektor müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinin Azərbaycan yaşadıqca daim xalqımızın yaddaşında, ürəyində yaşayacağını vurğulayıb. U.Ələkbərov Ümummilli Liderin ölkəmizin davamlı inkişafı sahəsində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Akademik vurğulayıb ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən bu inkişafın, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi, sosial prioritetləri zamanında düzgün müəyyənləşdirməsinin, həmçinin onun siyasi xəttinin ardıcıl davam etdirilməsinin nəticəsi olduğunu birmənalı qeyd etmək lazımdır. Rektor davamlı inkişaf və insan potensialının inkişafının bəşəriyyətin XXI əsrdə əsas prioriteti olduğunu və vaxtilə elə bu gerçəkliklərə dayanan ulu öndərin insan inkişafı konsepsiyasını müəyyənləşdirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Ulu Öndər tərəfindən təsdiq edilmiş təhsil strategiyasına görə, Azərbaycan Respublikasında davamlı insan inkişafı fənninin orta ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsi prosesinə 2001-ci ildə, qlobal miqyasda isə bu prosesə dörd il sonra - 2005-ci il martın 1-də BMT-nin baş katibi Kofi Annan və UNESCO-nun baş direktoru Koişiro Matsuura arasında imzalanan sənədlə təkan verilib. U.Ələkbərov məhz müdrik siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin yaradıcılıqla reallaşdırdığı innovativ inkişaf strategiyası sayəsində 2015-2030-cu illər üçün BMT tərəfindən qlobal prioritet kimi planlaşdırılan hədəflərə ölkəmizin yüksək səviyyədə hazırlıqlı olduğunu vurğulayıb. Akademik U.Ələkbərov qeyd edib ki, davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində qazanılan yüksək uğurlar dövlət idarəçiliyində innovativ texnologiyaların geniş istifadəsinin nəticəsidir. Rektorun sözlərinə görə, Prezident İlham Əliyevin 2003-cü ildə Dünya Sammitindəki və 2016-cı ildə Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışlarında innovativ inkişaf strategiyasının əsas məqamları işıqlandırılıb.
U.Ələkbərov ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT, Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan təhlilləri də iştirakçıların diqqətinə çatdırıb. Rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Qeyd edilib ki, son 15 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradılıb. Eyni zamanda, məlumat verilib ki, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə, “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. U.Ələkbərov vurğulayıb ki, bu uğurların kökündə yalnız yaxşı idarəçilik, Prezident İlham Əliyevin tətbiq etdiyi orijinal idarəetmə texnologiyaları və dövlət institutlarının, vətəndaş cəmiyyətinin, özəl sektorun fəaliyyətinin kombinasiyası dayanır. Bildirilib ki, dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi göstəriciləri daha yüksək olan ölkələri belə, geridə qoyub. Həmin ölkələr sırasında inkişaf etmiş Avropa İttifaqı dövlətləri də var. U.Ələkbərov bu və bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyini xüsusi vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər