Pekin İdman Universitetinin birincisi

Pekin İdman Universitetinin birincisi Sadiq Həsənov: “Çində idmançı kimi kinoya dəvət aldım''

Tanıtım
Sadiq Həsənağa oğlu Həsənov 1985-ci il aprelin 10-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Günəşli kənd bir nömrəli orta məktəbi bitirib. Orta məktəb illərində daha çox coğrafiya, tarix və ingilis dillərinə maraq göstərib. Kiçik yaşlarından ən böyük arzusu Azərbaycana layiq idmançı kimi xarici ölkələrdə bayrağımızı yüksəkliklərdə dalğalandırmaq olub. Bu səbəbdən tarix, coğrafiya və ingilis dili dərslərinə marağı olduqca çox olub.
Dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərimizin xoş sorağını eşitmək hər birimiz üçün iftixar mənbəyidir. Gənclərimizin təhsil aldıqları xarici universitetlərin elm, idman, sosial həyatında fəal iştirakı, təhsil uğurları ilə yanaşı, ictimai fəallığı ilə seçilmələri onların potensial imkanlarından xəbər verir. Əcnəbi ölkədə təhsillə yanaşı, idman sahəsində əldə etdiyi uğurlarla Azərbaycanımızın bayrağını yüksəklərdə dalğalandıran gənclərimizdən biri də hazırda Çinin Pekin İdman Universitetində təhsil alan Sadiq Həsənovdur. Sadiq hazırda adıçəkilən ali məktəbin doktoranturasında təhsil alır. O, təhsilinin magistratura pilləsini də bu universitetdə alıb. Sadiqlə eksklüziv söhbətimizə onun ilk təhsil illərindən başladıq.
- Ali təhsilinizi hansı universitetlərdə almısınız?
- Ali təhsilimin bakalavr pilləsini Sumqayıt Dövlət Universitetində başa vurmuşam. Daha sonra Pekin İdman Universitetinin magistratura pilləsini bitirmişəm. 2018-ci il iyunun 10-dan Pekin İdman Universitetində doktorantura pilləsində 2-ci kurs tələbəsiyəm. İxtisasım Çin Xalq Respublikasının idman növü olan uşu-sandadır. Hazırda Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilimi davam etdirirəm.
- Çində hansı çətinliklərlə üzləşdiniz?
- Çində təhsil almağın öz çətinlikləri var. Düşünürəm ki, ən böyük çətinlik Çin dili ilə bağlı ola bilər. Əgər Çin dilinə mükəmməl yiyələnməyi bacardınsa, bir çox çətinliklərin öhdəsindən asanlıqla gəlmək olar. Mən artıq 5 ildir ki, bu ölkədə təhsil alıram. İdman təhsilimlə yanaşı, həm də Çin dilinin dərinliklərini öyrənməyə çalışıram.
İlk növbədə onu deyim ki, idman universitetində təhsil aldığıma görə çox çətinliklərlə rastlaşmadım. Bu idman növü üzrə dəfələrlə ölkə və beynəlxalq arenada dünya çempionatlarında iştirak etmişəm. Buna görə də uşu idman növü mənə yaxındır.
- Əcnəbi tələbələri Çinə daha çox nə cəlb edir?
- Çin hazırda dünya bazarında ən böyük gücə malik ölkələrdən biridir. Düşünürəm ki, bu hal getdikcə genişlənir və inkişaf edir. Hazırda Çin təhsil sistemi öz qapılarını əlverişli şərtlərlə (təqaüdlərlə) əcnəbi tələbələrin üzünə açıb. Bu da dünyanın bütün ölkələrindən olan tələbələri özünə cəlb edə bilir. Mən idman sahəsində təhsil alıram və deyə bilərəm ki, təhsil almağım üçün yaxşı şərait yaradılıb.
- Çində azərbaycanlı tələbələrin təşkilatlanması barədə nə deyə bilərsiniz?
- Çində təhsil alan tələbələrimizin təşkilatlanma işinin çox yaxşı olduğunu düşünürəm. Tələbələrimiz olduqca fəaldır. Tez-tez Pekində Azərbaycan səfirliyində keçirilən tədbirlərdə iştirak edirik. Və eyni zamanda Çinin müxtəlif şəhərlərində keçirilən mədəniyyət günlərində burada təhsil alan azərbaycanlı tələbələrimiz çox aktiv iştirak edərək Azərbaycanı layiqincə təmsil etməyə çalışırlar.
Sadiq Çində universitet tələbələri arasında keçirilmiş fitnes-model yarışının qalibi olub. Yarışda ölkə üzrə təxminən 230 universitetdən 600-ə yaxın yerli və əcnəbi tələbə bir neçə növdə qalib olmaq üçün yarışıb. Sadiq fitnes-model növündə hamıdan güclü olmağı bacarıb. Daha sonra Pekində keçirilən “Beijing Students Fitness Model Contest” yarışmasının qalibi olub. O, 46 iştirakçı arasında “Ən istedadlı yarışçı” adına da layiq görülüb.
- Siz Çində idman sahəsində birincilik qazandınız. Nə vaxtdan idmanla məşğul olursunuz?
- Kiçik yaşlarımdan idmanın döyüş növlərinə olduqca böyük marağım olub. Kikboksinq, tay boks və uşu-sanda idman növləri ilə məşğul olmuşam və davam edirəm. Sadaladığım idmanın döyüş növlərində dəfələrlə ölkə çempionu və mükafatçısı olmuşam. Hazırda Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilimi uşu sahəsində davam etdirirəm. Bu idman növləri ilə yanaşı body fitness ilə də məşğul oluram. Bu idman növü mənə yaxşı formada qalmaqda kömək edir. Eyni zamanda bu sahədə yarışlarda çıxış edirəm və dəfələrlə birincilik qazanmışam.
- Azərbaycanlı tələbənin Çində kinoya dəvət alması da maraqlıdır...
- Düzdür, idmançı kimi kino çəkilişlərinə dəvət aldım. Əvvəllər ilk olaraq kiçik rollar üçün təkliflər gəldi və öhdəsindən layiqincə gəldim. Bu sahədə istedadım olduğunu aşkar etdim. Hazırda təhsilimlə bağlı və vaxt məhdudiyyətinə görə kino sahəsində uzunmüddətli layihələrdə iştirak edə bilmirəm.
- Gənclərə arzularınız?
- Sağlam ruhlu olaraq Azərbaycanın adına layiq olmalarını arzu edirəm. Gənclik üçün təhsil həmişə öndə olmalıdır!
- Gələcək planlarınız.
- Ən böyük hədəfim doktorantura təhsilimi uğurla başa vurmaqdır. Təhsilimi başa vurub Azərbaycan üçün layiqli mütəxəssis olmağa çalışacağam.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər