Azərbaycan Dövlət Neft və Sənaye Universitetində beşinci məzun–karyera sərgisi açılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində beşinci məzun–karyera sərgisi açılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində beşinci məzun-karyera sərgisi təşkil olunub.
Sərgiyə 68 müəssisə və şirkət 436 vakant iş yeri çıxarılıb.
Açılış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı ölkəmizdə gənclərə və onların təhsilinə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib, müəssisə və şirkətlərlə qurulan əlaqələrdən danışıb, bu əlaqələrin getdikcə genişləndiyini bildirib. O deyib: “İstər tələbələrin istehsalat təcrübəsi keçməsi, istərsə də gələcək karyeralarını qurması üçün bu cür sərgilər olduqca müsbət rol oynayır. Universitet təkcə təhsil vermir, həm də onların gələcək həyatını qurmaqda bir vasitəçi olmağa çalışır. Sərgi bazar iqtisadiyyatı dövrünün tələblərinə uyğun məzunlar hazırlanmasında bizə tədrisdə hansı məsələlərə önəm vermək lazım gəldiyini, sənaye müəssisələri və şirkətlərin tələblərinə uyğun kadrlar hazırlamaqda nələrə diqqət yetirməyin zəruriliyini göstərir. Eyni zamanda, bu cür sərgilərdə bakalavr və magistrlər həmin istehsalat müəssisələrinin tələblərinə uyğun olaraq indidən hansı biliklərə yiyələnməyi müəyyənləşdirirlər”.
Rektor məlumat verib ki, universitetin əsas tərəfdaşı olan SOCAR hər il ali məktəb tələbələri üçün təqaüd təsis edir. Keçən il şirkətin ayırdığı 77 təqaüddən 54-nü ADNSU-nun tələbələri alıblar. Hər il SOCAR yay tətilində tələbələri ödənişli yay təcrübəsinə dəvət edir. Bu yay həmin təcrübələrdə 180 tələbə iştirak edib.
Sərgidə SOCAR, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, “SOCAR Polymer”, BP, KCA Deutag, Sshlumbergec, “Azersun Holdinq” MMC, “AtaHoldinq” MMC və digər şirkətlərin nümayəndələri təklif etdikləri vakant iş yerləri barədə məzunlara ətraflı məlumat veriblər.
Sərgi zamanı tələbə və magistrlər istehsalat təcrübəsi keçmək və işə qəbulla əlaqədar müəssisə və şirkətlərə 2300-dən artıq anketlə müraciət ediblər.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər