Dneprdə Azərbaycan məktəbinə dərsliklər və tar hədiyyə edilib

Dneprdə Azərbaycan məktəbinə dərsliklər və tar hədiyyə edilib Ölkəmizin Ukraynadakı səfirliyi Dneprdə fəaliyyət göstərən Azərbaycan dili həftəsonu orta məktəbinə tədrisdə istifadə olunacaq dərsliklər, kitablar hədiyyə edib.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov dekabrın 26-da orta məktəbə gedərək sovqatı təqdim edib. Bundan başqa, Azərbaycan milli musiqisinin təbliği məqsədilə musiqi alətlərinin incisi sayılan tar da məktəbə hədiyyə olunub.
Səfirliyin müşaviri V.Süleymanov Ukraynada yaşayan soydaşlarımıza Azərbaycan dili və tarixinin tədris olunmasının vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, milli musiqimizin təbliği də soydaşlarımızın qarşıya qoyduğu vəzifələrdən biri olmalıdır. Azərbaycanın Ukraynadakı səfirliyi bu işdə diaspor təşkilatlarımıza dəstək verməyə hazırdır.
Məktəbin müəllimi Könül Ağamalıyeva bildirib ki, tədrisin məqsədi Ukraynada doğulub böyüyən soydaşlarımıza Azərbaycan dilini və tarixini, milli musiqisini öyrətməkdir. Burada təhsil alan şagirdlər vətənpərvər və savadlıdırlar.
Qeyd edək ki, “Dnepropetrovsk Azərbaycanlıları Liqası”nın təşəbbüsü ilə yaradılmış Azərbaycan dilli həftəsonu orta məktəbi 11 ildir fəaliyyət göstərir. Hər tədris ilində təxminən 40-50 azərbaycanlı burada təhsil alır. Hazırda böyüklər və kiçik yaşlılar üçün iki qrupda azərbaycanlılar təhsillərini uğurla davam etdirirlər.

Tehsil-press.az



Oxşar xəbərlər