
Dərsliklər və metodik vəsaitlər dekabrın 27-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təqdim olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva jurnalistlərə bildirib ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu işə xüsusi diqqət göstərir. Dövlətimizin başçısının tapşırığına əsasən Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. Bu il də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza bayram hədiyyəsi etmişik.
Gürcüstanın Elm və Təhsil Nazirliyindən bildiriblər ki, dərsliklər və metodik vəsaitlər yaxın bir neçə gün ərzində Azərbaycan dilli məktəblərə paylanacaq.
Qeyd edək ki, 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 560 mindən çox müxtəlif adda dərs vəsaiti göndərilib. Bu kitablar Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərin mükəmməl təhsil almalarında mühüm rol oynayacaq.

