Şərqşünaslıq İnstitutunda “Nəsimi ili” ilə əlaqədar tədbirlər planı müəyyənləşdirilib

Şərqşünaslıq İnstitutunda “Nəsimi ili” ilə əlaqədar tədbirlər planı müəyyənləşdirilib “Nəsimi ili” çərçivəsində AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.
Məqsədlə yanvarın 29-da institutun direktoru, akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə iclas keçirilib. Akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini ədəbiyyatımıza verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun elmi və ədəbi ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan ədəbi dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur.
G.Baxşəliyeva bildirib ki, Nəsiminin əsərlərinin əsas hissəsinin Azərbaycan dilində, müəyyən hissəsinin ərəb və fars dillərində olması, bütövlükdə şairin ümumşərq ictimai və ədəbi-fəlsəfi mühitində yazıb-yaratması onun yaradıcılığının tədqiqi baxımından şərqşünas alimlərin də üzərinə böyük vəzifələr qoyur.
Qeyd edilib ki, Nəsimi yaradıcılığının tədqiqi və tərcüməsi ilə əlaqədar institutda işçi qrupu yaradılıb. Nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın rəhbərlik etdiyi qrupa filologiya üzrə fəlsəfə doktorları Günay Verdiyeva, Mahir Həmidov, habelə Flora Hacıyeva və Fidan Nəsirova daxil edilib.
İclasda “Nəsimi ili” ilə bağlı institutda keçiriləcək tədbirlər müzakirə edilib. Bu işlər sırasına Nəsiminin farsca divanının sətri tərcüməsi və nəşri, ərəb ölkələrində Nəsimi haqqında yeganə monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin “Yaqut-e Hələb İmadəddin-e Nəsimi” əsərinin ərəb dilindən tərcüməsi və nəşri, Nəsiminin “Müqəddimətül-həqayiq” və “Təriqətnamə” adlı nəsr əsərlərinin transliterasiyası və nəşri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın Nəsimi haqqında monoqrafiyasının, Şərq alimlərinin Nəsimi haqqında elmi əhəmiyyətli məqalələrinin toplu şəklində nəşr etdirilməsi daxildir. Həmçinin “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfransın, şairin yaradıcılığı haqqında elmi seminarların təşkili, institutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının Nəsimiyə həsr olunmuş xüsusi buraxılışının hazırlanması nəzərdə tutulur.
İclasda Nəsimi haqqında yeni məlumatların və mütəfəkkir şairə məxsus əlyazmaların axtarılması üçün ərəb ölkələrinə, habelə Suriyanın Hələb şəhərinə elmi ekspedisiyaların təşkili zərurətindən də danışılıb.
Çıxır edənlər Şərqşünaslıq İnstitutunun “Nəsimi ili”nə öz layiqli töhfəsini vermək üçün bütün kollektivin öz səylərini əsirgəməyəcəyini bildiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər