Heydər Əliyev Mərkəzi ilə tanışlıq naxçıvanlı məktəblilərdə zəngin təəssürat yaradıb

Heydər Əliyev Mərkəzi ilə tanışlıq naxçıvanlı məktəblilərdə zəngin təəssürat yaradıb Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında paytaxt Bakıya maarifləndirici tur-aksiyası davam edir. Tur-aksiyada Naxçıvan Muxtar Respublikasının 1 şəhər və 7 rayonunun orta ümumtəhsil məktəblərindən 160 şagird iştirak edir.
Tur-aksiya çərçivəsində şagirdlər martın 25-də Heydər Əliyev Mərkəzində olublar. İştirakçılara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi şagirdlərin böyük marağına səbəb olub. Onlar ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeydə Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıblar.
Heydər Əliyev Mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən “Azərbaycan inciləri: tarixin axarında” adlı sərgidə şagirdlər Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlarla tanış olublar.
Mərkəzin “Mini Azərbaycan” sərgisində Bakıda və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən və tarixi-memarlıq əhəmiyyətinə malik 45 binanın maketi sərgilənir. Tur-aksiya iştirakçılarına sərgilənən binaların tarixi və memarlığı haqqında ətraflı məlumat verilib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.
Xatırladaq ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər