"Dünyanın təhsil mənzərəsi"

Universitet müəllimləri və professorların əmək haqqı barədə...
Araşdırmalarımız göstərir ki, dünyanın ayrı-ayrı ölkələrində ali məktəbdə çalışanların – professor-müəllim heyətinin əmək haqları müxtəlifdir. Bunlar elmi dərəcə, universitetin reytinqi, müəllimin dünyanın aparıcı indeksli jurnallarda nəşr olunan məqalələri, alimin apardığı elmi tədqiqat işinin əhəmiyyətliliyi, kəşfləri, dərc olunan məqalələri və kitabları haqqında yazılan rəylər, tələbələrin münasibəti və digər amillərə əsasən müəyyənləşir. Bu istiqamətdə ilk tədqiqatımız Böyük Britaniyanın ali təhsil ocaqları üzərində qurulub. Bu ölkədə professorun illik əmək haqqı orta hesabla 66 min funt sterlinqdir. Baş müəllim və böyük elmi işçi 45 min, müəllim 27 min, elmi əməkdaş 31 min funt sterlinq əmək haqqı alır. Həftəlik Times Higher Education jurnalı (THE) Higher Education Statistics Agensy Agentliyinə istinadən xəbər verir ki, əmək haqlarında hər il dəyişikliklər qeydə alınır. Bizim təqdiqatımız isə göstərir ki, dəyişiliklər əsasən müsbətə doğru baş verir. Agentliyin hesabatında qeyd olunur ki, professor vəzifəsində çalışanlar parlament üzvlərindən, eləcə də ölkədə daha çox qazanan peşə sahibləri kimi tanınan vəkillərdən daha çox əmək haqqına malikdirlər. Baş müəllim və universitetin adi müəllimi isə orta məktəb müəllimindən, eləcə də dövlət qulluqçusundan çox qazanır. Ümumiyyətlə, Birləşmiş Krallıqda professorların orta əmək haqqı Times Higher Education-un məlumatına görə 79.030 funt sterlinq təşkil edir. Daha yüksək elmi nailiyyətlərə malik professorlar isə orta hesabla 82.506 funt sterlinq aldığı halda, alimlər, müəllimlər, tədqiqatçılar orta hesabla 43.607 funt sterlinq qazanc əldə edirlər.
Almaniyada professorlar dövlət qulluqçusu hesab edilirlər. Buna görə də onların əmək haqları dövlət büdcəsindən tənzimlənir. Kiçik professorlar (Juniordozent) 49.548-dən 57.373 avroya qədər, dosentlər 60.154-dən 72.246 avroya, professorlar isə 68.972-dən, 82.013 avroya kimi maaş alırlar.
İsveç alimlərinin mərkəzi təşkilatının hesablamalarına görə bu ölkədə dosent bir aya orta hesabla 44.500 isveç kronu qazandığı halda, professorlar bir ay müddətində orta hesabla 60.800 isveç kronu qazanırlar.
İsveçrə alimləri Avropada ən yüksək əmək haqqı almaları ilə də seçilirlər. Məsələn, Lozaniya universitetində dosentlərin il ərzində əmək haqları 125.250 İsveçrə frankından
158.783 İsveçrə frankına qədər təşkil edir. Professorlar isə il ərzində 149.728 İsveçrə frankından 171.380-a qədər qazanc əldə edirlər. Əlavə vəzifə apardıqda isə onların maaşları 210 minə qədər yüksəlir.
Danimarkada alimin maaşı onun iş təcrübəsi və vəzifə dərəcəsinin birləşməsi ilə müəyyənləşdirilir. Ay ərzində orta hesabla dosentlər 38.344 DKR, professorlar isə 58.236 DKR qazanırlar.
Hollandiyada dosentlərin aylıq maaşı 3.475 avrodan, 5.405-ə qədər təşkil edir. Professorlar isə 5.334 avrodan 9.375 avroya qədər əmək haqqı alırlar.
Fransada universitetlər dövlət müəssisələri hesab edildiyindən, burada daimi vəzifə tutan elm işçilər dövlət məmurları hesab olunurlar. Bu ölkənin universitetlərində dosentlərin maaşı 25.225 avrodan 53.828 avroya qədərdir. Ştat üzrə çalışan professorlar il ərzində 36.560-dan 73.343 avroya qədər qazanırlar. Bu rəqəm iş stajına uyğun olaraq dəyişə bilər.
Bəs Belçikada vəziyyət necədir? Bu ölkədə də professor-müəllim heyətinin əmək haqqı ümumi prinsiplərə əsasən müəyyənləşir. Dosent adını yenicə alanlar il ərzində 29.914 avro əmək haqqı aldığı halda, 24 illik iş təcrübəsi olanların il ərzində əmək haqları 47.443 avro təşkil edir. Professorların gəliri il ərzində 40.109 avrodan başlayır. 18 ildən sonra 61.224 avroya çatır. Tam professor adı alanların məvacibi 44.924 avrodan başlayaraq, yalnız 15 ildən sonra 68.633 avro təşkil edir.
Norveçdə isə Universitet müəllimlərinin, alimlərin əmək haqqı həmkarlar ittifaqları və hökumət orqanları arasında olan kollektiv razılaşmalara əsasən müəyyən edilir. Müəllimlərin orta aylıq əmək haqqı 39. 058 Norveç kronu, baş müəllimlərin orta aylıq əmək haqqı isə 41.592 Norveç kronu təşkil edir. Norveçli dosentin əmək haqqı ay ərzində orta hesabla 40.592 Norveç kronu, professorun əmək haqqı isə ay ərzində orta hesabla 50.858 Norveç kronudur.
Akademik əmək haqqı Finlandiyada kollektiv müqavilə, eyni zamanda onların öz işlərinə yanaşmaları əsasında müəyyən edilir. Dosent ay ərzində 3.340-dan 5.634 avroya, professor isə 4.656-dan 8.682 avroya qədər əmək haqqı alır.
Amerika Universitetlərinin Professorlar Assosiasiyası Birləşmiş Ştatların elmi işçilərinin əmək haqlarının dinamikaını izləyir. Onların hesabatına əsasən 2016/2017-ci illər ərzində tam professorların əmək haqqı orta hesabla 102.402 dollar, dosentlərin orta əmək haqqı isə 79.654 dollar təşkil edib. The Chronicle of Higher Education Birləşmiş Ştatların Təhsil Departamentinin topladığı məlumatlara əsasən, 4700-dən çox müəssisədə çalışan müəllimlərin əmək haqlarını əks etdirən məlumat bazasına malikdir.
Kanada Statistika Təşkilatının son məlumatına görə, ölkə universitetlərinin müəllim-professor heyətinin orta əmək haqqı 2016/2017-ci tədris ili üçün 98.400 ABŞ dolları təşkil edib. Kanadada tam professor adı alanların orta əmək haqqı 124.325 dollar olduğu halda, dosentlər orta hesabla 97.423 dollar təşkil edir. Dosentdən aşağı elmi dərəcə daşıyanlar üçün bu rəqəm 71.060 dollar təşkil edir.
Ardı var.

Böyükağa MİKAYILLI


Mənbə:
1. https://academicpositions.com
2. https://www.macleans.ca
3. https://www.insidehighered.com
4. https://24tv.ua
5. https://www.indeed.com
6. https://www.indeed.co.uk/salaries/Professor-Salaries
7. https://www.crimea.kp.ru/radio

Oxşar xəbərlər