Aprel, 1990-cı il – Xankəndinin sirli günləri

Aprel, 1990-cı il – Xankəndinin sirli günləri 1990-cı ilin əvvəlləri idi. Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın hamısı ata-baba yurdlarından zorla çıxarılmışdılar. Bütün Azərbaycan Dağlıq Qarabağ hadisələri ilə əlaqədar ağır günlərini yaşayırdı. Həmin dövrün siyasi dolanbaclarından heç də hamı düzgün nəticə çıxara bilmirdi. Həmin illərdə Azərbaycan Nazirlər Kabineti yanında Mətbuatda Dövlət və Hərbi Sirləri Mühafizə Edən Baş Idarənin redaktoru işləyirdim. Xankəndində fəaliyyət göstərən Respublika Təşkilat Komitəsinin tərkibində erməni dilini bilən mütəxəssisə ehtiyac vardı. Bununla əlaqədar rəhbərlik mənim getməyimin vacib olduğunu dedikdə, tərəddüd etmədən razılığımı bildirdim. Bir müddət orada işlədim. Hadisələr gözlərimin önündə baş verib. Bu günün prizmasından həmin günlərə nəzər yetirməklə birbaşa iştirakçısı olduğum hadisələr haqqında oxucularda düzgün təsəvvür yaratmaq istəyirəm.
***
Bakı-Xankəndi qatarı sonuncu dayanacağını Ağdamda elədi. Dəmir yolunun Dağlıq Qarabağ ərazisindən keçən hissəsi təhlükəli olduğu üçün, erməni quldurlarından ehtiyat edildiyinə görə qatar sonadək gedə bilmədi. Taksiyə oturub Ağdamdakı hərbi komendantlığa getdim. Yolda sürücüdən vəziyyəti soruşdum. Dedi ki, dünən ermənilərdən 70-dən çox top tutulub. Ağır xəbər idi.
Ətraf rayonlardan səfərbər edilmiş iri traktorları Ağdam RPK-nın qarşısına toplamışdılar. Topları gətirməyə gedəcəkdilər.
Biz hərbçilərin nəzarəti altında Xankəndinə yola düşdük. Maşında MK-nın işçisi, Səhiyyə Nazirliyinin nümayəndələri də vardı.
Əsgəran rayonundan keçirdik. Yolun sağında, solunda qırmızı lalələr bitmişdi. Mənə elə gəldi ki, namərd gülləsindən öldürülən ağdamlı qardaşlarımız Əli və Bəxtiyarın qanıdır, yerdən göyərib. Həqiqətən də, Vətən - uğrunda qanını verən, ölən varsa, Vətəndir. Bir də mənə elə gəldi ki, bu qırmızı lalələr doğma Qarabağımıza doğru uzanan pis niyyətlərə, bəd əməllilərə qadağan işarəsi verirdi.
***
Respublika Təşkilat Komitəsinə təqdim olundum. Ilk göstərişləri aldım. Ilk baxışdan bir məsələ aydın idi ki, iş çox mürəkkəb və çətin bir şəraitdə gedir.
23 aprel 1990-cı il.
Vilayətin mərkəzi “Sovetakan Karabax”, “Xorhrdayin Karabax” və “Djraberd” (Mardakert r.), “Dizak” (Hadrut), “Aşxatank” (Martuni) rayon qəzetlərinin son nömrələrini oxudum. Demək olar ki, hər nömrədə “ana Ermənistan”la yenidən birləşmək ideyası əsas xətt kimi verilirdi. Vilayətdə fövqəladə vəziyyətin yaradılmasına, silahların yığılmasına qarşı açıq etiraz edilirdi. Əsas məqsədləri milli ədavəti yaymaq, barışmazlığı təbliğ etməkdi. Sözün açığı, bu qəzetlərin Sovetlər ölkəsində çap edildiyinə, partiya orqanları olduğuna inanmaq çətindir (Deməzsən, işlərbaşı elə Sovetlər ölkəsinin özü imiş).
***
Bu gün qəbul otağına yaşlı bir qadın gəlmişdi. Hadisələrə qədər Sumqayıtda yaşayıb. Nəvəsinə çatacaq uşaq pulunun il yarımdır ki, verilmədiyini dedi.
Səbəbini soruşduq. Cavab verməmişdən əvvəl ehtiyatla qapıya, pəncərəyə baxdı. Yavaş səslə dedi:
- Nənəmin atası azərbaycanlıdır.
Nəvəm hadisələrdən bir neçə ay əvvəl doğulmuşdur. Adını da Anar qoyduq. Indi burada uşağın pulunu vermirlər ki, bəs, uşağın adı niyə azərbaycanlı adıdır. Bizdə bir “Amaras” adlı xeyriyyə də var. Kasıblara, əl-ayaqda qalanlara əl tutur (qadın bu üzdəniraq cəmiyyətin əsl fəaliyyət dairəsini, ya həqiqətən bilmirdi, ya da...) “Amaras” da uşağa pul vermir. Deyir ki, gedin uşağın adını dəyişin, sonra.
Mən qadının danışığında nə isə bir səmimilik duydum. Iş yoldaşlarımdan üzr istəyib qadınla onunla öz dilində danışdım. Soruşdum ki, bu hadisələrin səbəbini o, sadə bir insan nədə görür, kimdir günahkar? Qadının cavabını olduğu kimi verirəm:
- Mən Azərbaycan çörəyi ilə böyümüşəm. Yalan danışsam, burnumdan gələr. Bunlar (əli ilə pəncərədən bayırı göstərir, yəni ermənilər – S.I.) Qarabağı istədilər, burada (Xankəndi – S.İ.) mitinq elədilər. Başa düşmədilər ki, türklər (bütün ermənilər kimi o da azərbaycanlıları belə çağırdı) - sənə bir metr də torpaq verməzlər. Sonra 250 min türkü Ermənistandan qovdular. Ağdamlı iki oğlanı öldürdülər, sonra da Sumqayıt hadisəsi oldu.
Mən soruşdum ki, sən bu sözləri evinizdə, avtobusda, bazar-dükanda, beş adamın yanında deyə bilərsənmi? Qadının rəngi qaçdı. Əlini sinəsinə qoydu:
- Nə deyirsən, bala, onda biz nəfərlikcə gərək həyatımızdan keçmiş olaq.
Məsələ aydın idi. Bu yaşlı qadın da minlərlə o biriləri kimi mənəviyyatca girov götürülmüşlərdən idi.
Mardakert rayonundan bir müəllimin dedikləri də yəqin ki, oxucular üçün maraqlı olar:
- Gəlib-gedən quldurları bizim də görən gözümüz yoxdur. Biz əliqabarlı, sadə camaatın bu işlərdə heç bir günahı yoxdur. Bizim bu münasibətimiz Mardakert rayonunun DİŞ-nin rəisi Ovakimyanın ürəyincə deyil. Mən ürək sözlərimi, fikrimi onun atasına da demişəm. Həmin Ovakimyandır ki, bu hadisələrin əvvəlində Əsgəranda 2 cavanın öldürülməsi ilə əlaqədar Əsgəran rayonundan Mardakert rayonuna dəyişildi. Indi bizim özümüzə də qənim kəsilib. Onu mehribançılığa çağırmağım ürəyincə deyil. Ona qarşı tədbir görülməlidir.
***
Aprelin 23-ü. “Sovetakan Karabax” qəzetinin açıq-aşkar düşmənçiliyi təbliğ edən bir neçə nöməsini götürüb komendaturada siyasi işlərə rəhbərlik edən polkovnik Boqoduxinin yanına getdim və belə yazıların dərcinə niyə icazə verildiyini soruşdum. Mənə xeyli diqqətlə baxandan sonra dedi ki, bu işə polkovnik Trunin baxır. O, daxili telefonla Trunini otağına çağırdı. Bizi tanış etdi. Söhbətimizdən aydın oldu ki, Trunin heç erməni dilini bilmir.
Polkovnik Boqoduxinə dedim ki, bu gündən “Sovetakan Karabax” qəzetində dərc ediləcək materiallara əvvəlcədən özüm baxmalıyam. Insafən o, etiraz etmədi.
Səhərisi Xankəndində səs yayıldı ki, şovinist Zori Balayan Qarabağa gəlib. Aprelin 23-ü. Axşam saat 8-9 arası hərbçi-zabit qəzeti səhifə şəklində mətbəədən işlədiyim otağa gətirdi. (O vaxtlar Siyasi Maarif Evində işləyən şair Ramiz Məmmədzadə ilə bir otaqda işləyirdik). Rus dilində dedi ki, çapa getməsi üçün imzanızı atın, aparım. Cavabında dedim:
- Mən materialları oxumamış necə imza ata bilərəm? Zabit isə:
- Biz həmişə belə etmişik, - dedi.
Zabitə bir saatdan sonra gəlməsini dedim. Sonra səhifələri oxumağa başladım. Elə belə də gözləyirdim.
Səhərisi aprelin 24-ü idi. Ideoloqları Zori Balayan durmuşdu başlarının üstündə. Ermənilər bütün qəzeti “genosidə” həsr eləmişdilər. Qəzet “türk”lə başlayıb, “türk”lə də qurtarırdı, ancaq hansı məzmunda, nəticə çıxartmağı oxucunun öhdəsinə buraxıram.
Bir saatdan sonra zabit gələndə qırmızı qələmlə xətlənmiş səhifələri ona göstərib dedim ki, qəzet bu yazılarla çapa gedə bilməz. Zabit çiyinlərini azca qısaraq dedi:
- Sizin xəbəriniz varmı ki, işçilər mətbəəni dağıdırlar. Sabah onların matəm günləridir. Qəzet çıxmasa, nə olacağını bilirsinizmi?
- Elə ona görə də olmaz.
Zabit mübahisənin nəticəsiz olacağını görüb, otağı tərk etdi.
Bir azdan növbətçi gəlib xəbər verdi ki, 20 dəqiqədən sonra Polyaniçkonun yanında olmalısınız. Görülən işlə əlaqədar hazırladığım arayışı və qəzet səhifələrini götürüb deyilən vaxtda Polyaniçkonun yanında oldum. Hamı toplaşmışdı: - başda Polyaniçko, sağında general Safonov, solunda isə general Lelyuşenko oturmuşdular. General Voronin, prokuror Stepankov, DTK-nın sədri Vayko, polkovniklər Boqoduxin, Trunin də orada idilər. Azərbaycanlı ikimiz idik – Ramiz müəllim və mən. Hörmətli oxucu, çalışacağam ki, həmin otaqda olan söhbətləri olduğu kimi sizə çatdıram.
Polyaniçko:
- Redaktor Məhərrəmov, bu nə məsələdir?
- Viktor Petroviç, “Sovetakan Karabax” qəzetinin bütün nömrəsi millətlərarası ədavətə, azəri türklərinin təhqirinə həsr edilib. Böyük bir xalqı nalayiq sözlərlə təhqir edən yazılarla doldurulmuş bir qəzetin çapına icazə vermək olmaz, - dedim və yerimdə əyləşdim.
Mənim sözlərim general Safonovun xoşuna gəlmədi:
- Sən gəlməmişdən qəzetlər çap olunmurdu? Polkovnik Trunin yaxşı da nəzarət edirdi. İndi nə oldu?
Mən dayana bilməyib ikinci dəfə ayağa durub dedim:
- Polkovnik Trunin erməni dilini bilmədiyi üçün o, “Sovetakan Karabax”da erməni dilində verilən materiallarda nə yazıldığını necə bilə bilər?
Bu sözləri deyib yenicə yerimə oturmuşdum ki, iki metr boyu olan Safonov ayağa durdu və yüksək tonla amiranə şəkildə dedi:
- Mənim zabitimin (polkovnik Trunini nəzərdə tuturdu) pis vəziyyətdə qalması sənin xoşuna gəlir?
Bütün nəzərlərin mənə dikildiyini hiss etdim. Öz torpağımda ermənilərin mənafeyinə xidmət edən rus generalının hökm və iddia ilə danışması əzdi məni. Üçüncü dəfə ayağa durub:
- Sizin zabitiniz peşəkar deyil, işini də bilmir, - dedim və yerimə oturdum. Yüngülləşdim, çiyinlərimdən dağ götürüldü elə bil. Ramiz müəllim ehmalca dizimi sıxdı. Dönüb ona baxdım. Çox həyəcanlı idi. Səbəbini otaqda dedi.
Söhbətləri səbrlə dinləyən, müdaxilə etməyən Polyaniçko zəhmli baxışları ilə mənə baxıb, sakit səslə dilləndi:
- Arayış yazmısanmı?
- Bəli, hazırdır. Bunu deyib özümlə hazır gətirdiyim arayışı ona təqdim etdim. Otağa ölü bir sükut çökdü. Heç kim danışmırdı.
Azərbaycanda işlədiyi illərdə həmişə Moskvanın mənafeyini müdafiə edən, o vaxtlar onlarla erməni ailəsinin Azərbaycana yenidən qayıtmasına hər cür milli hisslərdən uzaq olan Ə.Vəzirovla bərabər sevinən Polyaniçkonun qəbul edəcəyi qərarı hamı səbirsizliklə gözləyirdi.
O isə arayışı oxudu və heç kimin gözləmədiyi halda dilləndi:
- Qəzetin nəşri dayandırılsın.
Əqidə döyüşündə qalib gəlmişdim.
Mənimlə qabaq-qənşər oturmuş Vayko başını qaldırıb üzümə baxdı və xəfifcə gülümsünərək sağ gözünü qıydı.
...Müşavirədən yenicə çıxmışdıq ki, növbətçi hərbçi mənə yaxınlaşıb:
- Yoldaş Məhərrəmov, Sizi şəhər telefonundan soruşurlar. Dəstəyi alıb qulağıma yaxınlaşdırmışdım ki, rus dilində kimsə familiyamı soruşdu.
Və... Təşkilat Komitəsində ermənilərə satqınlıq edənlər varmış...
***
Xankəndinin sirli günləri
Xankəndinin mərkəzində yerləşən inzibati binadakı iş otağımıza gələndə Ramiz müəllimin həyəcanı hələ getməmişdi. Səbəbini soruşdum. O dedi:
- Sərtib müəllim, sən üçüncü dəfə ayağa durub etiraz edəndə ürəyim sancdı. Sən cavansan, gözünü qan örtüb. Polyaniçkonun apardığı məclisdə üç dəfə etiraz edib ayağa durmaq ən azı tutduğun vəzifəni itirmək deməkdir.
- Ürəyimdəki sözümü deməsəydim, özümü heç zaman bağışlamazdım. Bir də ki, Ramiz müəllim, biz haqq işimizi sübuta yetirdik.
- Bugünkü gecə yeni yazacağım əsər üçün mənə gözəl mövzu verdi, - bunu da Ramiz müəllim dedi.
Aprelin 24-də səhər tezdən qəzet köşklərinə “Sovetakan Karabax”ı almağa gələnlər əliboş qayıdırdılar...
***
Aprelin 24-də vilayətdə iş günü deyildi. Daha doğrusu, vilayətin erməni əhalisi işə çıxmamışdı. Ermənistan SSR Ali Sovetinin qərarı ilə həmin gün ermənilərin matəm günü kimi qeyd olunurdu.
Xankəndinin kənarında bir abidə kompleksi vardı. Böyük Vətən müharibəsi illərində həyatlarını qurban verənlərin xatirəsini əbədiləşdirmək üçün qoyulub. Sonradan həmin kompleksə biri əlavə də olub – 1915-18-ci illərdə guya Türkiyədə ermənilərin kütləvi surətdə qırılması münasibətilə 2-ci abidə. 1988-ci ilin ruslar və ermənilər tərəfindən təşkil edilən Sumqayıt hadisələrindən sonra 3-cü bir əlavə də olub. Bir sözlə, matəm abidələr ansamblı yaradılmışdı.
Aprelin 24-də minlərlə adam matəm abidələr ansamblının ətrafında yığışmışdı. Fövqəladə vəziyyətlə əlaqədar mitinqlər keçirməyin qadağan olunduğunu hərbi komandanlığın rəhbərləri “başbilənlərə” dönə-dönə xatırlatsalar da, ermənilər öz işlərini gördülər. Antiazərbaycan, antitürk xarakterli qeyri-sağlam əhval-ruhiyyəli mitinqlərdə müxtəlif məzmunlu şüarlar deyildi, çağırışlar edildi.
Azərbaycan televiziyasının “Dostluq” redaksiyasının şərhçisi A.Sinitsin da bizimlə birlikdə işləyirdi. Vilayətin yerli radio qovşağında rus dilində veriliş aparırdı. Çox işgüzar, məsuliyyətli, cəsarətliydi. Dəfələrlə təhqirə, hücumlara məruz qalsa da, mübariz xarakteri olduğu kimi də qalırdı.
Bu gün telefonla hədələyəndən sonra binanın qarşısında on-on beş saqqallı onun qabağını kəsərək demişdilər ki, əgər bir də veriliş aparsan, səni bina qarışıq partladacağıq. Onu mühafizə edən əsgərləri isə “faşist” adlandırmışdılar. Ekstremistlərdən bir neçəsinin sözünü olduğu kimi verməyi lazım bilirəm:
- 20 mindən çox qaçqını ətrafımıza yığıb əvvəlcə sizin radionu, sonra da Təşkilat Komitəsini məhv edəcəyik.
- Sən bu türkləri tanımırsan. Ona görə də onlara qulluq edirsən. Türklər sənin də, bizim də düşmənimizdir.
- Bizi Raisa Qorbaçova satdı, Moskva satdı.
-Qabağa uşaqları düzəcəm, sonra da özüm gələcəm. Qoy öldürsünlər. Ancaq siz deyən olmayacaq...
***
Zori Balayan Xankəndinə gələndən sonra havalar birdən-birə xarablaşmışdı. Ürəkləri, beyinləri, soyuq münasibətləri öz hərarəti ilə qızdırmaq istəyən ulu Günəş də istisini “millət qəhrəmanına” nədənsə “qıymadı”.
Neçə gün idi ki, şəhərdə sakitlik idi. Zahiri, aldadıcı sakitlik idi. Sanki həyat dayanmışdı. Adamsız qalmış inşaat meydançasında özündən razı adamlar kimi burnunu dik tutmuş qaldırıcı kran eləcə də qalmışdı. Küçələrdə hərdən təkəm-seyrək adamlar görünürdü. Bu gün isə...
İdeya rəhbərləri gələndən sonra şəhərdə bir vurnuxma əmələ gəlmişdi. Zori Balayan Xankəndinə gəlişi ilə özü boyda bəla gətirmişdi elə bil. Məlum idi, o, “əliboş” gəlməmişdi. Yolların döngələrində, inzibati binalar qarşısında topa-topa adamlar yığışmağa başladılar. Günün ikinci yarısı get-gedə çoxaldılar, hazırlanmış ssenari üzrə hərəkət edən bu “əl alətləri” Respublika Təşkilat Komitəsi və hərbi komendaturanın yerləşdiyi binaya soxulmaq istəyirdilər. Onlar həbs olunmuş beş nəfərin azad olunmasını tələb edirdilər.
Oxucu üçün yəqin təəccüblü olmaz desəm ki, dəstənin önündə 70-80 yaşlı qoca qadınlar gəlirdi. Əsgərlər nizamla onların qabağını kəsdilər. Qadınların səsi aləmi götürmüşdü. Müxtəlif ünvanlara özlərinə layiq sözlər yağdırırdılar. Kişilər isə...
Kişilər isə dəstənin arxasında, əlləri ciblərində sakitcə hadisələri seyr edirdilər. Əsgərlər onları geri qaytardılar. Qadınlar, sonra da kişilər nalayiq əl-qol hərəkətləri ilə Təşkilat Komitəsinin üzvlərini və köməyə gəlmiş digər yoldaşları təhqir etməkdən çəkinmədilər. Mənə onların təhqirləri yox, doğma torpaqda, Xankəndində girov kimi qalmağımız ağır gəlirdi.
***
Axşama yaxın Xankəndinin başını duman bürümüşdü. Tutqun bir hava idi. Qarabağdakı siyasi həyata çox uyğun gəlirdi bu hava.
Bir azdan adamlar yenə topa-topa yığışmağa başladılar. Bu dəfə lap çoxaldılar. Nizami əsgəri hissələr müvafiq zolaq boyu düzülmüşdülər. Toplaşanlar müxtəlif məzmunda müxtəlif ünvanlara sözlər qışqırırdılar. İndi “kişi”lərin də dili açılmışdı. Cavan bir saqqallı daha çox canfəşanlıq edirdi. Əsgərlər fövqəladə vəziyyətin tələblərinə uyğun olaraq onu susdurmalı oldular. Hərbi təbliğat qrupunun müraciəti də bir nəticə vermədi. Ehtiraslar qızışırdı. Bir azdan daşlar söyüş kimi yağmağa başladı.
Hadisəni təfərrüatına kimi təsvir etməyəcəm. Hələ də məni rahat buraxmayan bir mənzərəni unuda bilmirəm. Bir qədər əvvəlki dəstənin önündə qadınlar gedirdi. Bu dəfə fərq orasında idi ki, indi qadınların yanında uşaqları da vardı. Əsgərlər onları meydandan çıxarmaq istəyəndə qadınlar uşaqları əsgərlərin ayaqları altına atdılar. Uşaqların səsi bu qarışıqlıqda eşidilmirdi. Kişilər isə yenə də arxada idilər. Oxuculardan kimsə mənimlə razılaşmaya bilər, amma bu, mənim qəti fikrimdir:
- Həyatda elə bir amal ola bilməz ki, onun naminə uşaqdan, onun dünyasından istifadə edəsən. Uşaq mənəviyyatının sevinci ilə alver etmək insanlıq tarixində ən ağır cinayətdir. Böyük varlığın insana bəxş etdiyi ən gözəl, ən ülvi və müqəddəs keyfiyyət övlada məhəbbətdir. Əgər ana öz övladını ya qorxudanmı, kimin təsirindənmi və ya əsiri olduğu kortəbii inamın tələbindənmi ayaqlar altına atırsa, bu da əsrin, dövrün faciəsidir, bütün bəşəri keyfiyyətlərin cılızlaşmağa doğru getdiyini xəbər verən işartıdır. Əgər ana övlad məhəbbətini itirərsə, müdhiş bir bədbəxtliyin yaxınlaşdığını görməmək üçün ən azı gərək kor olsan. Təəssüf ki, “işbazlar” mənfur siyasətlərini həyata keçirmək üçün “ana-övlad” məhəbbətilə də alver edirdilər. Lənət belə alverə.
Hadisələrə rejissorluq edən Zori Balayan səhərisi günü İrəvan radiosuna müsahibə verərkən deyəcəkdi:
- Hər şey mənim gözlərimin qarşısında oldu. Mən Vilayət İcraiyyə komitəsinin binasından Dağlıq Qarabağ üzrə SSRİ Ali Sovetinin müşahidə və nəzarət komissiyasının sədri Fatiyev yoldaşla bərabər baxırdıq. Qadınlara, qocalara, uşaqlara da yazıqları gəlmirdi.
Bəli, camaatı qızışdırıb kor-koranə güllə qabağına, dəyənək altına göndərir, özü isə öz ssenarisi əsasında film çəkən quruluşçu rejissor kimi müşahidə məntəqəsindən “aktyorların” ifasına baxır. Paxıllıq etmirəm səndəki millətsevərliyə, xalqına “bəslədiyin” məhəbbətə.
***
Respublika Təşkilat Komitəsinin komendantlıqla birgə keçirdikləri iclasda Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Z.Hacıyev, Fatiyev, respublikanın müxtəlif tikinti idarələrinin rəhbər işçiləri, respublika Aqrosənaye komitəsinin və respublika Yüngül Sənaye Nazirliyinin məsul işçiləri iştirak edirdilər. Vilayət ərazisində görülən tikinti işləri haqqında məlumat verildi. Xəbərlər ürəkaçandı. Məsul yoldaşlar, vilayətdə həyatın normal hala düşməsi üçün onlardan asılı nə varsa etməyə, həyata keçirməyə hazır olduqlarını dedilər.
İclasdan sonra Təşkilat Komitəsinin işinə kömək etmək üçün gələn yoldaşlar bizim otağa gəldilər. Onlar - əsl cəbhədə olduğu kimidir – dedilər. Yeməkxanada çəngəl-bıçağın düzülməsindən tutmuş verilən yeməklərə qədər hər şey əsgər qanunlarına uyğundu. Bizə Moris adlı bir latış balası qulluq edirdi. Yeməkdən sonra iş otağımıza qalxır, gündəlik işimizi yekunlaşdırır, qeydlər aparırdıq.
***
Hərbçi içəri girib nəzakətlə bildirdi ki, işığı söndürməyiniz məsləhətdir.
Düz deyirdi. Hər şey ola bilərdi. Gecə saat 12:00-dır.
Ramiz müəllim əl radiosunu işə saldı. Ü.Hacıbəyovun “Koroğlu” operasının üverturası səslənirdi. Bir anda gün ərzindəki yorğunluğumdan əsər-əlamət qalmadı. Pəncərəyə yaxınlaşdım. Xankəndinin işıqlarının fonunda ala-toran görünən kiçik Qafqazı duman, çən örtmüşdü. Mənə elə gəldi ki, məhz Çənlibel oradır. Torpağımıza qəsd edilməsi qoş Koroğlumuza əyan olub, dəlilərini də yığıb gəlib ki, yad baxışlar, əllər Azərbaycanımdan kəsilsin. Mənə elə gəldi ki, qoç Koroğlu, iki ildən bir qədər də çox müddətdə özümüzü özümüzün yadından çıxaran qondarma “Qarabağ probleminə” birdəfəlik son qoymaq üçün gəlib.
Ramiz müəllim məni xəyaldan ayırdı:
- Sərtib müəllim, bu günlər hamısı tarixdir. Heç bir dəqiqə də yaddan çıxmamalıdır. Hamısını yazıya köçürmək lazımdır.
***
Xankəndində Təşkilat Komitəsinə Polyaniçko ilə bərabər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Radayev növbə ilə rəhbərlik edirdilər (üç gündən bir). Radayev Azərbaycanda doğulub boya-boşa çatan malakan idi. Bizlərə yaxşı münasibəti ilə seçilirdi.
Aprelin 30-da məni Radayevin kabinetinə çağırdılar. Saat 11 olardı. İçəri daxil olub, salam verdim. O, salamımı alandan sonra bir anlığa dinmədi. Məni diqqətlə süzüb dedi:
- Redaktor Məhərrəmov, neçə övladınız var?
- Bir qızım, bir oğlum.
- Neçə yaşındadırlar?
- Qızımın 8, oğlumun 5 yaşı var.
O, çənəsini sağ əlinə söykəyib susdu. Nə düşündüsə:
- Get yol çantanı hazırla. Evə gedirsən.
Heç nə demədim. Sualdolu baxışlarımı ona zillədim. Radayev ayağa qalxıb mənə yaxınlaşdı. Əlimi möhkəm sıxıb dedi:
- Cəsarətli oğlansan. İşindən də çox razıyıq. Amma uşaqlarını böyütməlisən.
Çıxmaq istəyəndə:
- Hə... Yol çantanı əsgərlər gətirəcəklər. Səni mətbəxin arxa pəncərəsinin qabağında “Təcili yardım” maşını gözləyir. Latış balası Moris sənə yardım edəcək...
Epiloq
Hərbçilərin müşayiəti ilə Ağdamdakı hərbi komendaturaya gəldim, qeydiyyatdan keçdim. Avtovağzala qədər piyada gedəsi oldum. Xankəndi, oradakı hadisələr bir saniyə belə gözlərimin önündən getmirdi. Yevlaxa gedən avtobusa minmək istəyəndə ayaq saxladım. Narahat günlərini yaşayan sirli Xankəndi istiqamətinə baxdım:
- Göy üzünü qara buludlar örtmüşdü.

Sərtib İSLAMOĞLU,
“Vedibasar” qəzetinin təsisçi və baş redaktoru, yazıçı-publisist

Oxşar xəbərlər