Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev 44 günlük Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin məharətli sərkərdəlik qabiliyyətini, Azərbaycan ordusunun rəşadətini, xalqımızın qüdrətini göstərdiyini deyib. Bildirib ki, tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi dünya hərb tarixində öz layiqli yerini tutur. Tarixi Zəfər Azərbaycanın yeni qələbələri üçün təməl yaradıb, qələbədən ötən beş il ərzində ölkəmiz yeni uğurlara imza atıb:
“44 günlük Vətən müharibəsi Azərbaycanın hər bir vətəndaşının, övladının torpaq uğrunda canından keçməyə hazır olduğunu sübut etdi. Vətən müharibəsindən dərhal sonra həmin ərazilərdə bərpa və quruculuq işlərinin başlaması bizim bu torpaqların əsl sahibi olduğumuzun əsas göstəricisi idi. Bu gün doğma Qarabağımıza həm də Azərbaycanımızın mədəniyyəti, təhsili, ədəbiyyatı qayıdır. Hər il “Xarıbülbül” beynəlxalq musiqi festivalının keçirilməsi, Qarabağımızın ürəyi Şuşa şəhərində beynəlxalq forum və tədbirlərin təşkili, Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması bütün dünyaya bir nümunədir. Bu prosesdə qardaş türk dövlətləri də yaxından iştirak edir, məktəblərin və yaşayış komplekslərinin yaradılmasında öz dəstəklərini göstərirlər. Artıq Qarabağ öz sahiblərinə qovuşub, dirçəliş və çiçəklənmə dövrünü yaşayır. Zəfərimiz mübarək olsun!”.
“Gənc Könüllülər” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Ayxan Allahverdiyev 30 il torpaq həsrəti ilə yaşayan xalqımızın artıq beş ildir ki, bütün dünyada, beynəlxalq tribunalarda başı dik şəkildə öz mövqeyini qürurla müdafiə etdiyini qeyd edib: “Yeni reallıqlar dövrünü yaşayan Azərbaycanın müasir mərhələsinin memarı bugünkü gənclərimiz olacaqdır. Bunun üçün gənclər Qarabağda aparılan yenidənqurma və bərpa işlərində, yeniliklərin tətbiqində öz innovativ yanaşmaları ilə yaxından çıxış etməli və prosesin aktiv iştirakçılarına çevrilməlidirlər. Beynəlxalq tədbirlərdə tarixi Zəfərimizin düzgün təqdimi və təbliği gənclərin vətəndaşlıq borcu və vəzifəsidir. İnanıram ki, müqəddəs Qələbəni bizə yaşadan gəncliyimiz bunu əbədi edəcək və daim qoruyacaq”.
Daha sonra çıxış edən Milli Məclisin üzvləri – Aydın Hüseynov və Müşfiq Məmmədli, Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva, Vətən müharibəsi iştirakçısı Rahil Xəlilov Zəfərin beş ilini suverenliyini tam bərpa etmiş ölkə kimi qeyd edən Azərbaycan xalqının bu gün çox xoşbəxt və qürurlu olduğunu qeyd ediblər. Həmçinin Vətən müharibəsi dövrünə aid xatirələrindən söz açıblar.
Sonda BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə - Zaman və Ali Baş Komandan” sənədli filmi nümayiş olunub.
Tehsil-press.az










