Tədbirdə qeyd olunub ki, süni intellekt, “big data”, avtomatlaşdırma kimi yeni rəqəmsal texnologiyalar müasir dünyanın iqtisadi, sosial və mədəni strukturunu köklü şəkildə dəyişir. Bu dəyişikliklər bir tərəfdən innovativ inkişafı və səmərəliliyi artırır, digər tərəfdən isə etik, hüquqi və sosial problemlər yaradır. Kibertəhlükəsizlik məsələsi məlumatların qorunmasını təmin etməklə yanaşı, rəqəmsal bərabərsizlik və qlobal idarəetmə mexanizmlərinin yenilənməsi ehtiyacını da önə çıxarır.
Akademik Rasim Əliquliyev çıxışında vurğulayıb ki, texnologiyanın sürətli inkişafı dövlətlərin rəqəmsal suverenliyini və insanyönümlü yanaşmanı ön plana çəkir. Rəqəmsal bacarıqların artırılması və etik standartların formalaşdırılması gələcəyin əsas istiqamətlərindən biri kimi dəyərləndirilir. O, həmçinin şəbəkə və bulud texnologiyaları, əşyaların interneti, proqram mühəndisliyi və rəqəmsal tibb sahələrində mütəxəssis hazırlığının vacibliyini diqqətə çatdırıb.
Ustad dərsi interaktiv şəkildə davam edib, tələbələr akademiklə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara ətraflı cavablar alıblar.
Tehsil-press.az





