Din dərsləri yox, din haqda dərslər

Din dərsləri yox, din haqda dərslər Məktəblərdə din dərsləri keçilə bilərmi? Gəlin soyuq ağılla müzakirə edək...
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının çıxışından sonra “Məktəblərdə din dərsi keçiləcək” xəbəri ilə cəmiyyətdə ciddi müzakirələr başladı. Sosial şəbəkələrdəki reaksiyalardan çıxış etməklə deyə bilərik ki, bu xəbər hətta mübahisələrə də yol açdı.
Bir məqamı qeyd edim ki, bu cür fikir ayrılığı Azərbaycana xarakterik olan bir hal deyil. Bu mövzu istənilən ölkədə, hətta inkişaf etmiş ölkələrin cəmiyyətlərində, həm müsəlman, həm də qeyri-müsəlman ölkələrdə ciddi müzakirə və mübahisələrə səbəb olur. Azərbaycan da bu mövzunun müzakirəsindən keçib, ona münasibəti arxada qoymalıdır. Zatən din dərslərindən harada söhbət açsan, istənilən ölkədə onu istəyənlər və istəməyənlər olacaq, fikirlər haçalanacaq.
Qanun nə deyir?
Məsələyə təkcə istəyib-istəməmək münasibəti sərgiləmək bəs etmir. Daha aydın desək, məsələ kiminsə istəyib-istəməməsindən asılı deyil. Bu, cəmiyyətin təməl məsələlərindən biridir. Azərbaycan Şərqin ilk respublikasını quran bir ölkə, dünyəvi dövlətdir. Azərbaycan Konstitusiyasına görə dini etiqad toxunulmaz və azaddır. Həmçinin din dövlətdən ayrıdır. Deməli, bu haqda bizim üçün imperativ var artıq. Biz bunu qəbul etmişik. Nə vətəndaşın, nə də hökumətin həmin qaydadan kənara çıxmağa ixtiyarı var. Çünki qayda elə də balacasından deyil, o, Ana Qanunda - Konstitusiyada təsbit olunub!
Dini etiqad toxunulmaz və azaddırsa, dövlət və ya təhsil müəssisəsi onu aşılaya, öyrədə bilməz. Bu prinsip təkcə sekulyarlıq şərti deyil, həm də dinin qorunmasıdır, eləcə də cəmiyyətin maraqlarını qorumaqdır.
Bəli, Azərbaycan Konstitusiyası bizə diktə edir ki, məktəblərdə din dərsi keçilə bilməz. Bu, dinə qarşı olmaq deyil. “Etiqad və vicdan azadlığı toxunulmazdır” deyiriksə, qanunlar buna necə icazə verə bilər ki? İnanıb-inanmamaq, yaxud hansı dini seçmək azaddır, nəinki məktəb, nəinki dövlət, heç kim bunu vətəndaşa öyrədə bilməz. Bu, vətəndaşın Konstitusiya ilə qorunan, toxunulmaz seçimidir. Zatən bizim dövlət də heç vaxt buna iddia etməyib, sekulyarlıq və vicdan azadlığı, dini etiqadın toxunulmazlığı Azərbaycanın mübahisə edilməyən dəyərlərindəndir.
Məktəbin funksiyası
Təkcə Ana Qanun deyil, məktəbin funksiyası da din dərsi keçilməsinə imkan vermir. Məktəbdə elmi biliklər öyrədilir, din dərsi isə dini biliklər əxz etdirməlidir. Amma dini biliklər elmi deyil, inanca söykənir və ehkam xarakterlidir. Bunu mən pis mənada da demirəm. Yəni inanclı adama demək olmaz ki, bu dəlillərə görə sən inana bilməzsən, yaxud inanmalısan. Bu, azad seçimə və azad iradəyə bağlıdır.
O zaman məktəb nəyi öyrədərdi din dərsində? Uşaqlara nə söyləyəcəksən: “inan!” deyəcəksən, yoxsa “inanma!”? Kimsə inanmasa, ona “qeyri-kafi” yazacaqsan? O halda kimə “əla” yazacaqsan, ən yaxşı inananamı? İnanc dəlillərə söykənməz. İnanmaq ayrıdır, bilmək ayrı.
Bəzən dini bilikləri metafizik (fəlsəfi) biliklə də eyniləşdirirlər. Metafizik də deyil dini biliklər. Metafizik biliklər elmi bilikləri qəbul edir, onları inkar etmir, sadəcə, onların cavab vermədiyi suallara öz cavabını verir, bu barədə öz doktrinini irəli sürür və o şərtlə ki, elmi biliklərə zidd olmasın. Dini biliklərin isə “elmi biliklərə zidd olmamaq” şərtinə ehtiyacı yoxdur, elmə də zidd gedə bilir. Çünki o, bir inancdır. Mütləq qəbul edilir və bu, bütün dinlərin əsas xarakteridir. Yoxsa o, din yox, sadəcə, bir doktrin olardı.
Din dərsi yox, din haqda dərs
Nə mübahisələri uzatmaq lazımdır, nə də sinif otaqlarını inananlarla inanmayanlar arasındakı mübahisə platformasına çevirmək olar. Bu, nə qanunlara, nə cəmiyyətin maraqlarına uyğundur, nə də din(lər) bundan bir şey qazanmış olar. Məsələn, sabah kimlərsə şikayət edəcəklər ki, ateist müəllim din dərsində inanmamaq ovqatı yaradan dərs keçir və s.
Yaxşı ki, Təhsil Nazirliyi yayılan xəbərə təkzib verdi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də açıqlama yaydı. Bəlli oldu ki, keçirilməsi nəzərdə tutulan din dərsi deyil. Din haqda dərslərdir. Bir fənnin daxilində keçiləcək. Doğrudan da, müxtəlif ölkələrdə din haqda dərslər keçirilir. Necə? Tarix dərsinin daxilində, dini mədəniyyət dərsi kimi, fəlsəfə dərsi içində, yaxud dünyagörüşü və həyat bilgisi dərsləri daxilində. Bunu etmək olar, çünki burada din öyrədilmir, dinlər barədə bilgi verilir. Sırf tarixi və sosial-mədəni olay kimi. Bunu hər yerdə edirlər. Lakin bu dərslər heç vaxt nə dini yönümlü ola, nə də dinə qarşı yönələ bilər. Bunlar din dərsi də deyil, dinlər haqda məlumatlardır.
Bəzən deyirlər ki, dövlət və ya məktəb yaxşı dindar yetişdirməyi qarşısına məqsəd qoymalıdır ki, uşaqlar və gənclər səhv etməsin, zərərli və radikal qruplara qoşulmasın. Nə qədər yanlış bir fikirdir.
Dövlət və məktəb öz başlıca vəzifəsini yerinə yetirirsə, yaxşı təhsil verirsə, yetişənlərin səhv etmək nisbəti o qədər az olur, yaxud olmur.
Ona görə də din barədə dərslər başadüşüləndir, amma onlar din dərsi olmalı deyil. Bu, məhz Təhsil Nazirliyinin, təhsil işçilərinin vəzifəsi olmalıdır. Bu funksiya dini qurumlara, dindarlara, başqa dövlət orqanlarına aid olmaz. Bu, sadəcə, dünyəvi təhsil prosesinin bir seqmentidir.
Rusiyada maraqlı təcrübə
Bir təcrübəyə diqqət ayırmaqda fayda var. Bir çox ölkələr dinlər barədə dərsləri seçmə dərslər kimi təqdim edir. 2012-ci ildə Rusiyada bu yolu tutdular və maraqlı bir mənzərə yarandı. Məktəblilərə çox sayda kurslardan birini təklif etdilər:
1) “Dünyəvi etikanın əsasları”;
2) “Dünya dini mədəniyyətlərinin əsasları”;
3) “Pravoslav mədəniyyətinin əsasları”;
4) “İslam mədəniyyətinin əsasları”;
5) “Buddizm mədəniyyətinin əsasları” və s.
Çox maraqlıdır, uşaqların 42 %-i “Dünyəvi etikanın əsasları”, 18 %-i isə “Dünya dini mədəniyyətlərinin əsasları” kursunu seçdilər. Əhalisinin 75 faizi pravoslav olan ölkədə yalnız 30 % şagird “Pravoslav mədəniyyətinin əsasları” kursunu seçmişdi. Bu təcrübə də göstərir ki, hətta din barədə dərsləri də çox ümumi, heç bir təmayül yaratmadan, birtərəfli kontentə yol vermədən, mümkünsə seçimlə və tarixi-mədəni kurs kimi vermək gərəkdir. Onda mübahisələr də olmayacaq, zərərlər də. Əksinə, faydadan danışmaq imkanımız yaranacaq.
Kantdan xəbərdarlıq
İmmanuel Kant “Pedaqogika haqqında ” traktatında yazır: “Uşaqlar bütün dini anlayışları dərk edə bilməzlər. Uşaqları hazır təlimatları əzbərləməyə məcbur etmək onlarda möminlik haqqında yanlış təsəvvür təlqin edən faydasız işdir. Əsl Allaha sitayiş ilahi iradə ilə hərəkət etməkdir. Məhz bunu uşaqlara təlqin etmək lazımdır. Həm uşaqlara, həm də özümüzə fikir vermək lazımdır ki, Allahın adından tez-tez sui-istifadə olunmasın. Əgər onu hətta xeyirxah məqsədlə səadət arzulayanda işlədirlərsə, bunun özü də, düzünə qalsa, sui-istifadədir. Allah haqqında anlayış hər dəfə onun adı çəkiləndə insanın qəlbini ehtiram hissi ilə doldurmalıdır və insan onun adını nadir hallarda, özü də heç zaman düşüncəsiz şəkildə çəkməməlidir. Uşaq Allahın qarşısında, birincisi, həyatın və bütün dünyanın sahibi, ikincisi, insanları yaradan İlahi qüvvə, nəhayət, üçüncüsü, hakimi-mütləq kimi ehtiram hiss etməlidir”.
Söhbət din haqqında bilgilər verməkdən gedirsə, bu cür dəyərli fikirlər dərslikdə yer almalıdır. Onları şagird və tələbələrə çatdırmağın öhdəçiliyi valideyn və müəllimlərin üzərinə düşəcək.
Uşaqlara din haqqında rasional biliklərin verilməsi təkcə məktəbin funksiyası ola bilməz. Bu, ümumi qayğıdır. Bəşəri qayğıdır.
Bəşəri qayğı və müsəlman nobelçi alimin qayğısı
XX əsrin böyük alimlərindən biri, 1979-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş pakistanlı fizik Əbdüs Səlam “İdeallar və gerçəkliklər” kitabında yazırdı: “1980-ci ildə Dünya Bankı tərəfindən nəşr olunmuş və təhsil alanların əhalinin içində faizini göstərən statistik göstəricilərə baxsaq görərik ki, İslam ölkələri nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə çatmaq üçün xeyli yol qət etməlidir. İslam ölkələrində təbiət elmləri və humanitar elmlər sahələrində təhsil alan tələbələrin sayı haqqında dəqiq və etibarlı mənbələr olmadan qəti qərar vermək çətindir. Təəssüf ki, mənim müşahidələrimə görə, humanitar elmlərə nisbətən təbiət elmlərində vəziyyət daha acınacaqlıdır. İnkişaf etmiş ölkələrin normalarına əsasən, orta hesabla 1/4 və 1/3 arasında dəyişən sayda təbiət elmlərində təhsil alan, üstəlik, çox aşağı səviyyədə - tələbəmiz var.
Beləcə, çox az sayda müsəlman dəqiq elmləri öyrənir. Bizim işimiz tələbələrimizi məktəbdə daha çox dəqiq və texniki elmləri öyrənməyə sövq və təşviq etməkdən ibarət olmalıdır. Buna nail olmaq üçün məktəblərdə dəqiq elmlərin tədrisinə daha çox üstünlük verməliyik. Yüksək səviyyəli müəllimlərə və keyfiyyətli tədris ləvazimatlarına ehtiyac var. Və bəlkə də ən əsası, gənc tələbələr və şagirdlər arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi vacibdir”. Böyük alim təklif edirdi ki, məscid və mədrəsələrin nəzdindəki məktəblərin proqramlarına təkcə İslam fənləri deyil, həm də təbiət elmləri daxil edilməlidir.
Əbdüs Səlam məscid və mədrəsələrin nəzdində fəaliyyət göstərən məktəblərin əleyhinə deyil, əksinə, o, həmin məktəblərin proqramlarına təbiət elmlərinin daxil edilməsinin tərəfdarıdır.
Dünyanın ən yaxşı universitetlərinə sahib olan ABŞ təcrübəsi
Qərbdə və sekulyar mədəniyyətlərdə elə dini təhsil nəzərdə tutulur ki, bu, əhəmiyyətli dərəcədə akademik təhsildən ayrıdır və dini inanc fundamental prinsip və modallıq hesab edilir.
ABŞ qanununa görə, dini təhsil ictimai məktəblərdə qadağan olunub. Müəllim və ya məktəb administrasiyası üçün bir dini dəstəkləmək Konstitusiyanın “Birinci Düzəliş”inin pozulması sayılır.
ABŞ-da ailələr uşaqları məktəbdən kənarda din barədə təhsil verən “Bazar günü məktəbi”, “Yəhudi məktəbi”, “Katehizm sinifləri” və s. ilə tanış edə bilərlər və hər şeyi uşaqların seçiminə buraxırlar. Bəzi ailələr öz uşaqlarını prixod məktəbləri adlanan özəl dini məktəblərə göndərirlər, burada onlar xüsusi kilsə prixodu və ya dini toplantılara qoşulurlar.
Əslində, din və təhsil münasibətlərinə görə eynən bizim kimi hüquqi sistemə sahib olan ABŞ dünyanın ən yaxşı universitetləri ilə öyünür və etiqad azadlığı çox ciddi qorunur.

Etibar ƏLİYEV,
“XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər