Yel qayadan nə aparar?

Yel qayadan nə aparar? Bir neçə gün öncə təcrübəli həmkarım İbrahim Məsimoğlunun bəzi saytlarda yayımlanan məqaləsini maraqla oxudum. O sosial şəbəkələrdə ordu rəhbərliyinin, şəxsən Müdafiə naziri cənab Zakir Həsənovun ünvanına yazılan böhtanlara, atmacalara tutarlı cavab vermişdi. Bir müharibə veteranı və ehtiyatda olan yüksək rütbəli zabit kimi onun fikirlərindən ruhlanıb bu məqaləni qələmə alıram.
Neçə illərdir ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistanın hərbi müdaxiləsi nəticəsində pozulub və doğma torpaqlarımızın bir hissəsi işğal olunub. Bu barədə haqlı mövqeyimiz həm dünyanın söz sahibi olan dövlətlərinə, həm də nüfuzlu beynəlxalq təşkilatlara məlumdur. Amma buna baxmayaraq Ermənistan işğalçılıq siyasətini davam etdirməkdədir. Belə olan təqdirdə ölkəmiz öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalır. Əslində Azərbaycanın son illər sürətlə silahlanması və öz ordusunu gücləndirməsi bu zərurətdən irəli gəlir. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun hərbi gücünün artırılması istiqamətində aparılan islahatlar xalqımız tərəfindən tam dəstəklənir, çünki düşmən tarixi torpaqlarımızı işğal edib və neçə illərdir ki, bu ərazilərdə maddi-mənəvi sərvətlərimizi talayır, həmçinin qanunsuz məskunlaşdırma siyasəti yürüdür.
Ölkə rəhbərliyi dəfələrlə bəyan edir ki, əgər Azərbaycanın silahlanması hansısa dövlətləri, yaxud beynəlxalq qurumları qıcıqlandırırsa, zəhmət çəkib işğalçı dövlətə təsir etsinlər. Nədənsə işğal faktına göz yumulur. Bu isə Azərbaycan tərəfini ona məcbur edir ki, xalqın iradəsini ifadə edərək işğala son qoymaq üçün zor tətbiq etsin. Amma humanizm və ədalət prinsiplərinə hörmətlə yanaşan dövlətimiz yenə də səbr göstərir ki, münaqişə sülh variantı ilə öz həllini tapsın. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, biz sülh istəyirik, müharibəyə də hazırıq. Heç bir xalq, millət müharibə istəməz, çox zaman müharibə bəzi dövlətlərin avantürist siyasətindən qaynaqlanır. Bu gün övladları işğal edilmiş Azərbaycan torpaqlarında ölən ermənilər də qan tökülməsini istəmir, ancaq Köçaryan, Petrosyan, Sarkisyan, nəhayət Paşinyan kimi avantürist rəhbərlər öz xalqını daim vahimə, qorxu içərisində saxlamaq üçün müharibə variantından ustalıqla bəhrələnir.

Yel qayadan nə aparar?

Bu gün tək Ermənistan deyil, bütün dünya ölkəmizin hərbi gücünə bələddir. Bunu ordumuzda ardıcıl keçirilən genişmiqyaslı təlimlər də təsdiqləyir. Ordu rəhbərliyi dövlətin və xalqın etimadını doğrultmaq üçün məqsədyönlü işlər görür, orduda şəxsi heyətin döyüş və mənəvi - psixoloji hazırlığını artırmaq məqsədilə ardıcıl siyasət yürüdür. Müdafiə Nazirliyinin rəhbərliyi bir əsas məsələyə önəm verir ki, sülhün arxasında güc dayanmalıdır. Bunu dünya təcrübəsi də sübuta yetirir, hansı dövlət güclüdürsə, beynəlxalq arenada onun sözü eşidilir. Amma Ermənistan ordusundan fərqli olaraq Azərbaycan ordusu işğalçı ordu deyil. Yəni biz ordumuzu gücləndirməklə hansısa dövlətin torpaqlarına göz dikmirik. Məqsədimiz yalnız işğalda olan ərazilərimizi azad etməkdir. Bu baxımdan Müdafiə naziri Zakir Həsənovun mətbuata verdiyi açıqlamalar məhz dövlətin mənafeyini ifadə edir. Əgər nazir dövlətin sülhpərvər siyasətindən çıxış edirsə, bu o demək deyil ki, biz müharibəyə hazır deyilik. Amma istər mətbuatda, istərsə də sosial şəbəkələrdə araqarışdıranlar haqsız olaraq Müdafiə nazirini dilə-dişə salırlar. Bu adamlar başa düşmək istəmirlər ki, nazir Ali Baş Komandana tabedir və onun siyasətini orduda həyata keçirən cavabdeh bir şəxsdir. Konstitusiya da bir məsələni təsbit edir ki, müharibəni başlamaq yalnız ölkənin Ali Baş Komandanına məxsusdur. Sadəcə Müdafiə Nazirliyinin rəhbərliyi ordunun gücləndirilməsi üçün vacib olan bütün tədbirləri həyata keçirir. Yaxın tariximizdə baş verən aprel savaşı Azərbaycan ordusunun müharibə aparmağa qadir olduğunu sübut etdi. Cəmi bir neçə günlük hərbi əməliyyatda ordumuzun az bir hissəsi düşməni darmadağın edərək vacib yüksəklikləri azad etdi.
Hərdən düşünürəm ki, görəsən sosial şəbəkələrdə özlərini nümayiş etdirən dil pəhləvanları kimlərdir? Əlbəttə, əksəriyyəti müharibə, döyüş görməyən boşboğazlardır. Bəzən el arasında belə deyirlər ki, kimdə hansı əlamətlər çatışmırsa, daha çox ondan danışır. Müharibədən dəm vuranlar da bax belələri deyilmi? Bir də görürsən ki, hansısa keçmiş hərbçi, zabit özünü ekspert qismində cəmiyyətə sırımağa çalışır. Arayıb-axtaranda məlum olur ki, özü düz-əməlli bir hərbçi olmayıb. Ya vəzifəsi aşağı salınıb, ya da rütbəsi endirilib. Hətta üzərində bu günə kimi məhkumluğu olanlar da haqdan-ədalətdən dəm vururlar. Belələri ordu rəhbərliyini ittiham edəndə adamı ikrah boğur. Sual olunur, sən özün kimsən ki, belə danışırsan. Bu gün Azərbaycan dövləti, xalqımız Müdafiə Nazirliyinin fəaliyyətini tam dəstəkləyir və ordumuza güvənir. Kim nə qədər şər-böhtan yayımlasa da, vətənpərvər, işgüzar, dövlətinə və xalqına sədaqətlə xidmət edən insanlara heç bir xətər toxuna bilməz. Məsuliyyətsiz adamların söhbətlərini eşidəndə istər-istəməz yadıma bir məsəl düşür: Yel qayadan nə aparar?

Arif Pənahlı,
müharibə veteranı,
ehtiyatda olan polkovnik-leytenant


Yel qayadan nə aparar?

Oxşar xəbərlər