AzMİU-da yaz imtahan sessiyasına nəzarət üçün işçi qrup yaradılıb

AzMİU-da yaz imtahan sessiyasına nəzarət üçün işçi qrup yaradılıb İyunun 3-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib.
İyulun 1-dək davam edəcək imtahan sessiyası yazılı, test üsulu ilə və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçiriləcək. 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tənzimləyici əmr imzalayıb. Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb.
İmtahan biletlərinin çap olunması, qruplar üzrə komplektləşdirilməsi və nəzarət qrupuna təqdimatı, yoxlama prosesinə nəzarət, şifrələrin açılması və s. üzrə yaradılan işçi qrupuna bakalavr səviyyəsi üzrə Tədris şöbəsinin baş müfəttişi Mehdi Soltanov, magistratura səviyyəsi üzrə Magistratura mərkəzinin rəhbəri Rövşən Səmədov rəhbərlik edəcəklər.
Nəzarət qrupuna yazılı imtahanlarda Tədris işləri üzrə prorektorun köməkçisi Şəfi Danyalov, test imtahanlarında isə Nigar Abbasova məsul şəxs kimi təyin olunublar.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət imtahan qərargahı yaradılıb.
İmtahan sessiyası dövründə rektor Gülçöhrə Məmmədovanın sədrliyi ilə yaradılmış münaqişə komissiyasında imtahan bitdikdən sonra nəticələr barədə onlayn şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.

AzMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər